"Qəbələ"nin hücumçusu Baqali Dabo "Neftçi" ilə keçirilən görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az xəbər verir ki, Dabo çempionluq şanslarının davam etdiyini bildirib:
- "Neftçi” ilə görüş haqda fikirlərin necədir?
- Biz oyuna yaxşı start verə bilmədik. "Neftçi” bizə qarşı çox yaxşı oyun ortaya qoydu. Son dəqiqələrdə çox yaxşı oynasaq da, istəyimizə nail ola bilmədik.
- Səncə, "Neftçi” digər oyunlardan fərqli olaraq sizə qarşı daha yaxşı oynadı?
- "Neftçi” bizə qarşı yaxşı oyun göstərdi. Bu oyunları digər matçlarda da göstərmişdir. Amma bizə qarşı daha yaxşı oynadığını düşünürəm. Sadəcə "Neftçi”nin son vaxtlar bir oyununu görmüşdüm, o da "Zirə”yə qarşı. Həmin görüşdə də "Neftçi” yaxşı oynamışdır, ancaq uduzmuşdur. "Zirə”yə qarşı oynadıqları oyunu bizə qarşı oynadılar. Sadəcə bir az da yaxşı oynadılar.
- Nəyə görə "Qəbələ” "Neftçi”yə bir qol belə vura bilmədi?
- Bilmirəm. Qol vurmaq üçün şanslarımız oldu, ancaq istifadə edə bilmədik.
- Bu məğlubiyyət "Qəbələ”yə çempionluq yolunda böyük zərbə vuracaq?
- Məncə, yox. Hələ qarşıda oyunlar var və biz hər oyunda qələbə üçün oynayırıq. Çempionluq şansımız da davam edir. "Qarabağ” da AZAL-a qarşı qalib gəldi. Bizim hələ "Qarabağ”la da oyunumuz var və məqsədimizin arxasınca gedirik.
- Necə düşünürsən, çempionluğun müqəddəratı aprel ayında keçiriləcək "Qarabağ” – "Qəbələ” oyununda həll olunacaq?
- Bəli, məncə də final kimi oyundu. Ümidvaram ki, həmin görüşdə qalib gələn tərəf "Qəbələ” olacaq.
- Premyer Liqanın 22-ci turunun bütün oyunlarında ev sahibləri 1:0 hesabı ilə qalib gəldi. Bu cür nəticə ilə qarşılaşmışdın?
- Demək ki, bütün oyunlar çox çətin keçib. "Qarabağ” AZAL-a yalnız bir qol vura bilib. AZAL da demək ki, güclü oyun ortaya qoyub. "Neftçi” də bizə qarşı yaxşı oyun ortaya qoydu. Yəni demək ki, çətin və yaxşı oyunlar olub.