"Zirə"nin kapitanı Elvin Məmmədov evdə "Qarabağ"la qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXIII tur matçından sonra brifinq keçirib. Sportnet.az-ın məlumatına görə, təcrübəli yarımmüdafiəçi əvvəlcə oyunu dəyərləndirib...
- Yaxşı oyun keçdi. Hər iki komanda mübarizə apardı. Bizə xal lazım idi. Oyun ətrafında müəyyən söz-söhbətlər yaranmışdı. Layiqincə mübarizə apararaq, bizim haqqımızda o cür danışanların cavabını verdik.
- Söz-söhbət fonunda oyun zamanı dava da düşdü. Heç vaxt "Qarabağ"la oyunda səni bu cür aqressiv görməmişdik...
- İnanın, futbolçular üzərində o qədər təzyiq var ki... Olmayan şey haqda nə qədər danışmaq olar? Biz halal yolla pulumuzu qazanırıq. Amma belə şeylər istər-istəməz bizə də təsir edir. Olmayan şeylər danışılanda futbolçular da aqressivləşir, birə beş olurlar ki, yenə nə isə ortaya atılmasın. Bu gün də sübut etdik ki, belə şeylər yoxdur. Nəticədə xalımızı qazandıq.
- "Neftçi"nin xal fərqini azaltması da üzərinizdə təzyiq yaratmışdı?
- Əlbəttə. "Neftçi" ilə xal fərqimiz 4, "Sumqayıt"la 5 oldu. Hələ "Kəpəz" də irəliləməkdədir. "Qarabağ"la heç-heçə yaxşı nəticə oldu. İndi qarşıdakı oyunları fikirləşərək, yaxşı hazırlaşmalıyıq.
- Əvvəllər də Azərbaycan millisinin heyətində Almaniyaya qarşı oynamısan, bu dəfə də dəvət almısan. Nə gözləyirsən?
- Millidə oynamaq şərəfdir. Böyük komandaya, dünya çempionlarına qarşı oynayacağıq. Əlimizdən gəldiyi qədər mübarizə aparacaraq, azarkeşlərimizi sevindirmək istəyirik.
- Sevindirə biləcəksiniz?
- Futbolda hər şey mümkündür. Kağız üzərində "Qarabağ" da bizdən güclü görünürdü. Amma bu gün sübut etdik ki, hər bir komandaya qarşı futbol oynamaq mümkündür.
- Yığmadan qayıtdıqdan sonra "Qəbələyə" qarşı oynayacaqsınız...
- O barədə sonra danışarıq.