"Zirə”nin yarımmüdafiəçisi Sezar Meza Kollinin Sportnet.az-a müsahibəsi...
- "Qarabağ”a qarşı oyunda iki xal itirdiniz, yoxsa bir xal qazandınız?
- Komandamız çox yaxşı oynadı. Bir neçə qol epizodumuz da oldu. "Qarabağ”a qalib də gələ bilərdik.
- Bəs buna nə mane oldu?
- Hücumlarımızın səngiməsinə Akim Latifunun qırmızı vərəqə alması səbəb oldu. Məhz ondan sonra hücumlarımız bir az dayandı.
- Düşünmürsən ki, vaxt keçdikcə "Qarabağ” daha da aqressivləşdi. Elə qırmızı vərəqə epizodunda da hakimə təzyiq göstərdilər...
- Bu barədə heç nə deyə bilmərəm. Deyə bilərəm ki, yaxşı oynadıq və baş məşqçinin dəyişikliyi öz yerində idi.
- Qışdan sonra inamlı təsir bağışlayan "Zirə” "Qarabağ”a qarşı daha istəkli idi. Bu rəqibin "Qarabağ” olmasından irəli gəlirdi, yoxsa qardaşlıq münasibətinə son qoymaq üçün qalib gəlmək istəyirdiniz?
- Qardaşlıq? Mən belə fikirləşmirəm, ola bilsin ki, mətbuat bu cür düşünür. Çıxışımıza gəldikdə, "Zirə" nəinki qışdan sonra, elə əvvəldən də yaxşı çıxış edirdi. Adil Şükürovun başçılığı altında da yaxşı çıxış edirdik, indi də.
- "Qarabağ”a nə vaxt qalib gələcəksiniz?
- Qələbə qazananda sizə müsahibə verəcəyəm.
- Avrokubok şanslarınız davam etsə də, "Neftçi”, "Kəpəz” və "Sumqayıt” da dördüncü pillə üçün mübarizə aparır. İşinizin öhdəsindən gələ biləcəksiniz?
- Ən yaxın izləyicimizdən 4 xal fərqimiz var. Əlimizdən gələni edəcəyik və sona qədər vuruşacağıq ki, avrokuboklara yollanaq.