"Almaniya yığmasına qarşı 4 dəfə oynamışam. Heç biri asan olmayıb. Almanlar bir dəqiqə belə dayanmır. Onlar 90 dəqiqə hərəkətdə olurlar. Məsut Özil, Tomas Müller, Mats Hummels, Miroslav Kloze, Mario Qomez, Lam, Manuel Noyer kimi futbolçulara qarşı oynamaq çox çətindir. Çox yüksək səviyyəli oyunçulardır”.
Bunu Sportnet.az-a açıqlamasında "Səbail"in kapitanı və Azərbaycan milli komandasının sabiq müdafiəçisi Saşa Yunisoğlu deyib.
Təcrübəli futbolçunun fikrincə, indiki Almaniya millisi daha gənc və sürətlidir: "Bu mənada Azərbaycan millisi üçün çətin olacaq. Komandamıza uğurlar arzu edirəm. Ümidvaram ki, millimiz yaxşı oyun sərgiləyib, azarkeşlərimizi sevindirəcək.
Yunisoğlu yığmamızın Almaniya yığmasına qol vura biləcəyini söyləyib: "Almaniya millisinin heyətində kimisə fərqləndirmək düz olmazdı. Almanlar kollektiv futbol sərgiləyir. Ona görə də onlara "Alman maşını" deyirlər. Almaniyalı futbolçular maşın kimi işləyirlər. Biz Almaniya yığmasını Vaqif Cavadov və Murad Hüseynovun qolları ilə mərkəzə dəvət etmişdik. Təəssüflər olsun ki, bu qollar xal qazanmaq üçün yetərli olmayıb. İnanıram ki, bu dəfə Vaqif və Murad millidə olmasa da, kimsə almanların qapısına qolunu vuracaq. Millimizin heyətində qol vura biləcək oyunçular var”.