Portuqaliya millisi və İspaniya "Real Madrid"inin futbolçusu Kriştianu Ronaldu cari mövsümün ən yüksək ödənişli futbolçusu olub.
Sportnet.az-ın France Football" jurnalına istinadən verdiyi məlumata görə, reytinq siyahısı maaş, mükafat və reklam gəlirləri əsasında tərtib edilib. 32 yaşlı oyunçu mövsüm ərzində ümumilikdə 87,5 milyon avro qazanıb. İkinci yerdə "Barselona" və Argentina yığmasının forvardı Lionel Messi (76,5 milyon avro), üçüncü pillədə isə onun braziliyalı həmklubu Neymar (55,5 milyon avro) qərarlaşıb.
Ən yüksək ödənişli məşqçilər siyahısında birinci yeri İngiltərə "Mançester Yunayted"inə başçılıq edən Joze Mourinyo tutur. Ronaldunun həmyerlisi mövsümə 28 milyon avro qazanıb. İkinci yerdə Çin millisinin sükanı arxasındakı Marçello Lippi (23,5 milyon avro), üçüncü pillədə Fransa PSJ-sinin sabiq baş məşqçisi Loran Blan (20 milyon avro) yer alıb.
Qeyd edək ki, Kriştianu Ronaldu "Real Madrid"ə 2009-cu ildə "Mançester Yunayted"dən keçib. O, "qırmızı şeytanlar"la 3 qat İngiltərə çempionu, ölkə kuboku və Superkubokun sahibi, Liqa Kubokunun 2 qat qalibi olub, Çempionlar Liqasını və klublararası dünya çempionluğunu qazanıb. "Real Madrid"də isə o, İspaniya çempionu, ölkə kuboku, Çempionlar Liqası və UEFA Super Kubokunun 2 qat qalibi, İspaniya Super Kubokunun sahibi olub. Ronaldu 2016-cı ildə Avropa çempionu adına da sahib çıxıb.