Sportnet.az saytı "Uşaq futbolu: problemləri necə aradan qaldırmalı?" istiqaməti üzrə silsilə yazılarını davam etdirir. Üçüncü yazıda klublar tərəfindən uşaq komandaları arasında beynəlxalq turnirlərin təşkili və onların xarici ölkələrdə keçirilən analoji yarışlara qatılma perspektivlərindən söhbət açacağıq.
FİFA və UEFA bayrağı altında keçirilən turnirlər göz önündə olan yarışlardır. Üst səviyyədə oynayacaq futbolçuların yolu isə aşağı yaş qrupları üzrə təşkil olunan turnirlərdən keçir. Bu baxımdan, hər ölkədə müxtəlif formatda birinciliklər keçirilir. Məsələn, AFFA U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17 və U-19 komandaları arasında ölkə çempionatları təşkil edir. Bu turnirlər peşəkar futbolçuların yetişməsi üçün əvəzsiz rol oynasa da, uşaqlara beynəlxalq təcrübə qazandırmır. Məhz burada müxtəlif yaş qrupları arasında keçirilən beynəlxalq statuslu turnirlər köməyə çatır. Lakin müntəzəm şəkildə anoloji yarışlara iştirak etmək hər klubun büdcəsinə uyğun deyil.
Bu problem Azərbaycandakı klubların və futbol məktəblərinin fəaliyyətindən yan keçməyib. Bir çoxlarının daxili yarışlarda bölgələrə səfərlər zamanı belə çətinlik çəkdiyini nəzərə alsaq, xarici ölkələrdə keçirilən beynəlxalq turirlərə qatılmaq və onları təşkil etmək barədə danışılacaq çox söz yoxdur. Ancaq mövsüm ərzində ən azı bir dəfə bu cür işlərə pul ayıranlarla yanaşı, beynəlxalq turnirlərdə davamlı iştirak edənlər də var. Bunlara misal olaraq, "Qəbələ” klubunu və "Vətən” İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbini göstərmək olar.
Xarici turnirlərə qatılmağın əsas səciyyəvi xüsusiyyəti başlanğıcda nisbətən daha çox vəsiat tələb olunmasıdır. Lakin klub müntəzəm şəkildə anoloji yarışlarda iştirak etdikcə, əlaqləri artır, şəbəkə böyüyür. Klub tədricən daha az maliyyə tələb edən turnirlərə dəvət almağa başlayır. Yəni, yalnız yol xərci tələb olunur.
Bu baxımdan, artıq "Qəbələ”ni şəbəkəsini genişləndirən bir klub kimi xarakterizə etmək olar. Əyalət təmsilçisinin Akademiyasının direktor müvaini Nail Kərimovla söhbətdə də bu məqama toxunmuşuq. Futbol funksioneri başlanğıcda daha çox xərclərinin çxdığını deyir: "Bu işlərdə yeni idik, o qədər də tanınmırdıq, təkliflərdən xəbərdar deyildik. İllər keçdikcə həm müəyyən çevrəmiz formalaşdı, həm də bu sahəyə bələd olduq. Bəzən vəsait xərcləmədən turnirlərdə iştirak edirik. Məsələn, buna bənzər təcrübəmiz iki il əvvəl olub, Dohaya üç komandamızı aparmışıq. Qətərin "Aspire” futbol akademiyası bütün xərclərimizi qarşılayıb. 16 yaşadək futbolçulardan ibarət komandamız Gürcüstanda turnirdə iştirak etdi. Bizə düşən, avtobusla Tbilisiyə gedib, qayıtmaq idi. Qalan xərci təşkilatçılar çəkdi. İyunun əvvəlində "Caspian Cup” olacaq, Rusiyanın "Anji” klubu təşkil edir. Yaxşı turnirdi, bizi də dəvət ediblər. Həmçinin, U-16 komandamız yaxınlarda Macarıstana yollanacaq. Hər iki turnir üçün üzərimizə düşən yalnız nəqliyyat xərci olacaq. Əvvəlkindən dəfələrlə az pul xərcləyirik. Artıq ölkənin ən yaxşı və turnirlərdə iştirak edə biləcək gücdə akademiyamız olduğu üçün Azərbaycandan bizi dəvət edirlər".
N.Kərimovun sözlərinə görə, getdikcə "Qəbələ" üçün daha da rahat olacaq: "Xərclərimizi azaldıb, daha çox turnirlərdə iştirak edə biləcəyik. Əməkdaşlıq münasibətlərimiz get-gedə genişlənir. Avropada turnirdə oynamaq uşaqlara başqa bir təcrübə qazandırır. Yetirmələrimizin indidən tanınmış klublara qarşı forma geyinmələri heç bir pulla əldə edilmyəcək təcrübədir”.
Direktor müavini 3 dəfə "Gabala Cup” turniri təşkil etdiklərinə diqqət çəkərək, bunun klub üçün bir çox məqamlara görə faydalı olduğunu bildirir: "Klub rəhbərliyi maraq göstərdi, yetərli vəsait ayrıldı və bizə müvafiq tapşırıqlar verildi. Düşünürəm ki, işimizin öhdəsindən gəldik. Hər üç mövsümdə Qəbələyə tanınmış klublar dəvət etdik, yaxşı rəqabət oldu. Qarşıdakı illərdə də oxşar turnirin keçirilməsi mümkündür. Bununla bağlı klub rəhbərliyinin yekun qərarını gözləyirik. Qəbələ istənilən xarici klub üçün cəlbedici yerdir. Meydanlarımız gözəldir, sakitlikdir. Bura tam futbol məkanına bənzəyir. Təşkilatçılıq baxımından axsamadıqlarımızı gördüklərinə görə xarici klubları asanlıqla turnirə cəlb edə biləcəyimizə inanıram”.
Qeyd edək ki, 2012-ci ildən keçirilən "Gabala Cup"da bir sıra top-klubların komandaları iştirak edib. İlk turnir "Vilyarreal”, "Levante” (hər ikisi İspaniya), "Qalatasaray” (Türkiyə), "Feyenoord” (Hollandiya), "Bröndbü” (Danimarka), Serbiya yığma komandasının iştirakı ilə baş tutub. Azərbaycan "Qarabağ” və "Qəbələ”nin təmsil etdiyi yarışda "Galatasaray” çempion olub.
Növbəti turnirdə "Portu" (Portuqaliya) "Barselona" (İspaniya), "Şaxtyor" (Ukrayna), "Beşiktaş” (Türkiyə), "Zenit” (Rusiya), "Feyenoord" (Hollandiya), "Qəbələ” və "Bakı”nın da qatıldığı yarışın qalibi adını qazanıb.
Hələlik sonuncu olan "Gabala Cup”da isə "Olimpik" (Marsel, Fransa), "Fənərbaxça" (Türkiyə), "Lokomotiv" (Moskva, Rusiya), "Liverpul" (İngiltərə), "Anderlext" (Belçika), "Udineze" (İtaliya), "Qəbələ” və "Neftçi” iştirak edib. Turnirdə birinci yeri tutmaq isə "Anderlext”ə müvəssər olub.
N.Kərimov deyir ki, artıq Qəbələdə beynəlxalq turnir təşkil etmək üçün əvvəlki qədər maliyyəyə ehtiyac yoxdur: "İndi daha az vəsaitlə yarışı təşkili mümkündür. Necə? Bura 1 və ya 2 top-komanda dəvət edərik, onların xərci nisbətən çox olar. Digər klublar isə həm onlara, həm də Qəbələdəki şəraitə görə görə bura gəlməkdə maraqlı olarlar. İlk üç turnirdən sonra bura gəlmək istəyən xeyli klub var.
Təhsil Nazirliyinin himayəsində olan "Vətən” də bu işdə öncüllərdəndir. Məktəb təlim-məşq bazasının direktoru Lətif Novruzov söhbət zamanı əvvəlcə komandalarının daxili yarışlardakı çıxışından söz açdı: "Vətən” AFFA-nın aşağı yaş qruparı üzrə təşkil etdiyi bütün yarışlarda iştirak edir. Cari mövsüm bizim üçün çox uğurlu olub. Demək olar ki, bütün yaş qruplarında nailiyyətlər əldə etmişik. U-17 qızıl, U-10, U-13 və U-15 gümüş, U-16 isə bürünc medal qazanıb. Bu, son 2,5 ildə görülən işlərin bəhrəsi, məktəbin tarixində ən yaxşı göstəricidir. Əsas məqsədimiz futbolun kütləviliyini təmin etməklə yanaşı, futbolçuların ustalıq səviyyəsini yüksəltməkdir. Təsadüfi deyil ki, aşağı yaş qrupları üzrə Azərbaycan milli komandalarının heyətlərində bizim futbolçular da var. Respulikanın bütün regionlarında nümayəndələrimiz fəaliyyət göstərir, daim seleksiya işləri aparırıq”.
L.Novruzov deyir ki, "Vətən” il ərzindən təxminən 4-5 dəfə xarici ölkələrdə təşkil olunan turnirlərə dəvət alır və böyük məmnuniyyətlə iştirak edir: "Müxtəlif yaş qrupları üzrə komandalarımız əsasən Türkiyə və Rusiyada baş tutan yarışlara qatılır. Bu cür turnirlər uşaqların təcrübələrini artırmalarına, püxtələşmələrinə təkan verir. Orada nisbətən güclü kollektivlərlə görüşürük və adətən mükafatçılar sırasına düşməyə müvəffəq oluruq. Lakin bu cür turnirlərdə nəticə elə də önəmli deyil. Əsas odur ki, uşaqlar həm futbolçu, həm də bir şəxsiyyət kimi beynəlxalq təcrübə əldə edirlər. Xarici ölkələrə səfərlər zamanı heç bir problemlə üzləşməmişik. Çünki adətən dəvətlə getdiyimiz üçün bizi orada qarşılayıb, münasib məkanlarda yerləşdirirlər”.
Direktor etiraf edir ki, səfərlər zamanı əcnəbi seleksiyaçılar "Vətən”in futbolçuları ilə maraqlansalar da, indiyiə qədər real təklif olmayıb: "Səfərlər zamanı futbolçularımızla maraqlananlar olur. Lakin bu günə qədər "Vətən”nin oyunçularının xarici klublara transferi ilə bağlı heç bir müraciət olunmayıb”.
"Vətən”rəsmisi bu il Bakıda beynəlxalq turnir təşkil etməyi planlaşdırdıqlarını deyir: "Yarışa Türkiyə, Rusiya və Gürcüstandan komandalar dəvət etməyi düşünürük. İndiyə qədər davamlı olaraq müxtəlif bayramlar, əlamətdar günlərlə əlaqədar tunirlərin keçirilməsində təşkilatçı rolunu oynayırıq. Yəni, bu baxımdan təcrübəmiz var. Öz meydançalarımız var. Matçlar orada baş tutub”.
L.Novruzov hesab edir ki, uşaq futbol komandalarının beynəlxalq turnirlərə getmələrini alqışlamaq lazımdır. Onun sözlərinə görə, səfərlər müxtəlif olduğu üçün xərclər də dəyişir: "Son səfərimiz Türkiyəyə olub. 10 yaşadək futbolçular arasında təşkil olunan turnirdə iştrak etdik və 40 komanda arasında qalib olduq. Şərtlərə əsasən, birici yeri tutduğumuz üçün yarışın sponsorları tərəfindən iyunun ikinci ongünlüyündə Avstriyada baş tutacaq turnirə göndəriləcəyik. Orada Avropanın da nəhəng klublarının uşaq komandaları iştirak edəcək. Hazırda sənədləşmə işləri gedir. Bütün xərcləri Türkiyədəki turnirin təşkilatçıları ödəyəcəklər. "Vətən” Təhsil Nazirliyi tərəfindən maliyyələşdirilir. Ayrılan vəsaitdən səmərəli istifadə etmək üçün bütün qüvvəmizi səfərbər edirik. Bütün ölkələrdə yaralı yer uşaq futboludur. Bura diqqət yetirəndə bəhrəsin də görürsən”.
Qeyd edək ki, "Vətən” ötən ay Türkiyənin İzmir şəhərində "Altınordu" Futbol Klubunun təşkilatçılığı ilə 40 komanda arasında baş tutan "U-10 Champions Trophy” turnirində birinci olub.
Şamo Quliyev
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.