Sportnet.az saytı "Uşaq futbolu: problemləri necə aradan qaldırmalı?" istiqaməti üzrə silsilə yazılarını davam etdirir. Dördüncü məqalədə qidalanma mövzusuna toxunacaq və "Azərbaycanlılar üçün uyğun menyu necə olmalıdır” sualına cavab tapmağa çalışacağıq.
Qloballaşan və rəqabətin artdığı dünyada peşəkar idmançı olmağın yolu düzgün qidalanmadan keçir. Əlbəttə, istisnalar hər zaman olub, olacaq da. Məsələn, Afrika və ya Cənubi Amerika insanının ac-yalavac böyüyüb, tanınmış bir atlet səviyyəsinə yüksəlməsi də mümkündür. Lakin unutmayaq ki, biz qafqazlıların genetik imkanları afrikalılar qədər fiziki baxımdan güclü, cənubi amerikalılar qədər istedadlı futbolçu yetişdirməyə imkan vermir.
Avropanın aparıcı çempionatlarında, top-klublarda azərbaycanlıları görmək üçün iki mühüm amilə diqqət yetirməliyik: təhsilli və idmançı rejiminə fikir verən futbolçular yetişdirmək. Hazırda əsas tələbat məhz düşünməyi bacaran xarakterli oyunçularadır. Müasir futbolda fərq yaradacaq simalar onlardır, top jonqlyorları tarixin yaddaşına köçməkdədirlər.
Yazıya başladığımız fikirlərə davam edirik: ağıllı futboçu həm də düzgün qidalanan şəxsdir. Bu vərdişi isə uşaq yaşlarından mənimsəmək, topun arxasınca qaçdığın müddətdə ona sadiq qalmaq vacibdir.
SSRİ dövründə futboçuların uşaq yaşlarından düzgün qidalanmamasının əsas səbəbi ərzaq qıtlığı idisə, digər amil idmanın bu növünün peşə olaraq qəbul edilməməsi idi. Yəni, həmin zamanlarda futbolçular top qovmaqla bərabər, hansısa zavodda da çalışaraq, əllərini qabar edirdilər.
İndi dövr və şərtlər dəyişib, bu da bərabərində rəqabət gətirib. Biz isə hələlik bu rəqabətə ayaq uydura bilməyən tərəfik. Bunun da səbələri müxtəlifir və onların arasında qidalanma məsələsi də var.
Bu gün Azərbaycanda peşəkar idmançılarla işləyə biləcək səviyyədə dietoloq yoxdur. Digər dietoloqların məsləhətləri artıq çəkidən qurtulmaq və sağlam həyat tərzi üçün faydalı ola bilər. Burada xarici mütəxəssislərə müraciət etmək də işə yaramır. Çünki əcnəbi azərbaycanlı futbolçu üçün menyu hazırlayan zaman tam olaraq Azərbaycan mətbəxini nəzərə ala bilməz.
Geriyə bir variant qalır: azərbaycanlılar üçün uyğun menyunu özümüz tapmalıyıq. Burada əsas iş klubların üzərinə düşür. Uşaqların konservantlara üstünlük verdiyi bir dönəmdə onları düzgün istiqamətləndirmək heç də asan məsələ deyil. Məşqçi, klubun həkimi və valideyn müştərək səy göstərməlidir. Əks halda, axsamalar qaçılmazdır.
Hazırda uşaq futboluna daha çox önəm verən "Qəbələ” klubu bu yöndə də öz yanaşmasını ortaya qoyub. Əyalət təmsilçisinin Akademiyasında heç bir vitamindən və inkişafa süni şəkildə təkan verən məhsullardan istifadə edilmir. Yalnız təbii qidalar və daha çox kənd təsərrüfatı məhsullarına üstünlük verilir. Məsələn, səhərlər nehrə yağı, kənd pendiri və yumurtası, iki günlük fasilə ilə bal təqdim olunur. Ət məhsulları alınan zaman keyfiyyət amilinə xüsusi diqqət yetirilir. Qış mövsümündə istixanalarda yetişdirilmiş tərəvəz əvəzinə turşular və mürəbbələrdən istifadə olunur.
Akademiyanın həkimi İlkin İslamov hazırda əsas problemin menyu tərtib etməklə deyil, uşaqların konservantlara üstünlük verməsi ilə bağlı olduğunu söyləyir: "Uşaqlar daha çox şirniyyatları, qazlı suları, çipsləri sevirlər. Paket halında olan məhsullara meyl edirlər. Soruşanda, bunların daha dadlı olduğunu söyləyirlər. Bu da normal haldır. Çünki həmin məhsullara xüsusi dad verən məhlullar, rənglər qatırlar. Valideynlər də belə şeyləri uşaqlara çox verirlər. Reklamların da bu işdə rolu var. Şəkər beyində asılılıq yaradır. Şirniyyat yeyiləndə və ya tərkibində şəkəri çox olan içkilər istifadə olunanda beyin tələb edir. Valideyn, həkim və ya məşqçi "filan məhsul olmaz” söyləyəndə, uşaqlar bunu qəbul etməkdə çətinlik çəkir. Bu cür konservantlar orqanizm üçün əlavə yükdür. İnsan əsrlər boyu təbiətlə ahəngdə yaşayıb. Lakin son 50 - 100 ildə dəyişikliklər baş verməkdədir. İnsanlar tədricən heç tanış olmadıqları məhsulları qəbul edirlər. Həmçinin geni dəyişdirilmiş qidalar var. Bu da əlavə zülal sintez edir və orqanizm həmin məhsulu tanımır. Belədə müxtəlif fəsadlara yol açılır. Uşaqlar nədənsə evdə bişən yeməklərdənsə, kənar hazırlananlara meyl edirlər. Bu yöndə maarifləndirmə işi aparmaq lazımdır və aparırıq da. Onlara başa salırıq ki, məsələn, bunları yesəniz, uca boy, qüvvətli olacaqsınız, bunları qəbul etsəniz isə, əksinə. Lakin bu problemi yalnız həkim məsləhəti ilə yoluna qoymaq olmaz. Həkim qidanın tibbi tərəfini, aşbaz hazırlanma texnologiyasını bilməli, məşqçilər və valideynlər isə nəzarət etməlidirlər. Akademiyada qalan uşaqlar üçün yeməkləri özümüz veririk. Yalnız səfərlər zamanı kənarda yemək yeyilir. Orda da getdiyimiz otellərdə yeməklər bizim verdiyimiz sifariş əsasında hazırlanır. Yəni, daim nəzərat edirik”.
"Qəbələ” Futbol Akademiyasında menyu məsləhətləşmələrdən sonra, müştərək tərtib olunur. Həkimin sözlərinə görə, qidalanmada əsas məsələ müxtəlifliyin nəzərə alınmasıdır: "Azərbaycanda idman sahəsində çalışan dietoloq tanımıram. Biz menyunu müştərək tərtib etmişik. Çalışırıq ki, yağ, karbohidrat və zülal nisbəti normal, qidalar mineral, vitaminlə zəngin olsun. Futbolla məşğul olan uşaq digərlərindən fərqlidir. Bunlar gün ərzində yaşlarına uyğun olaraq 1 saat – 1,5 saat fiziki işlə məşğul olurlar. Normal qidalanmalıdırlar ki, itirdiklərini yerinə qoysunlar. İldə iki dəfə boy və çəki ölçümü aparırıq. Menyu standartdır. 60-70 nəfərlik üçün eyni olur. Lakin boy və çəki problemi olanlara əlavə məsləhətlər veririk. Məsələn, bundan çox ye, buna ara ver və s. Uşaqları zərərli yeməklərdən uzaq tutmağa çalışır və buna müvəffəq oluruq. Doymaq asandır. Uşağı yalnız kartof və yaxud ət yedirtməklə də doydurmaq olar. Ətə çox vaxt yaxşı qida kimi baxırlar. Lakin ətin tərkibində dəmir və protein çoxdur, karobihrat isə az miqdardadır. Yağsız ət yeyəndə yağda həll olunan vitaminlər sovrulumur və bu da əlavə problemlər yaradır. Yeknəsək qidadan qaçmaq lazımdır. Akademiyada gündə 3 dəfə yemək verilir. Həmçini süd, çay və şirniyyat saatları olur. Şirniyyatlarımız yalnız undan ibarət deyil, tərkibinə müxtəlif cemlər qatırıq. Burada az şəkərli müxtəlif kompotlar hazırlayırıq, meyvə filan veriri ki, fəqrlilik olsun. Məsləhətlərə qulaq asan, təbii qidalara üstünlük verən uşaqlarda inkişaf tezliklə özünü biruzdə verir”.
İ.İslamov deyir ki, xarici ölkələrə səfərlər zamanı qidalanma ilə bağlı problemlər ortaya çıxır. Bu da bizə tanış olan məhsulların fərqli formada hazırlanmasından irəli gəlir: "Xarici səfərlər zamanı tanış məhsulların bişirlmə formasındakı fərqliliklər uşaqlara qəribə gəlir. Onlara başa salırıq ki, məsələn, ətin dadı fərqli ola bilər, amma təmizdir. Ət, süd, yumurta, taxıl məhsulları, meyvə və tərəvəz - əsas qidalar bunlardır. Məhsullar hər yerdə eynidir. Fərq onun hazırlanma formasındadır. Məsələn, xaricdə olan zaman nahar yeməyi bizə çox xoş gələ bilər, lakin şam yeməyini bəyənmərik”.
Əksər klublarında və futbol məktəblərində uşaqlar üçün mövsümdən asılı olaraq, həftəlik menyular təqdim olunur. Burada isə yük və məsuliyyət valideynlərin üzərinə düşür. Etiraf etmək lazımdır ki, hazırda əksər ailələrin maddi durumu futbolçu olmaq istəyən övladlarının menyusunu qarşılamağa imkan vermir. Lakin bu, dünyanın sonu deyil. Hər kəs həkimlə məsləhətləşməli və evdə ən çox vacib olan məhsulları övladına verməlidir.
Valideynlərin diqqətli olmaları gərəkən digər məqam yeməklərin bişirilmə formalarıdır. Məsələn, hazırda uşaqların təxminən yarısı iri halda olan bişmiş soğan yeməkdən imtina edirlər. Belə olan halda vəziyyətdən çıxış yolu kimi soğan ya çox xırda doğranmalı, ya da yeməyə dadı vurması üçün bütöv şəklində atılmalıdır. Bunlar xırda detallar olsa da, uşaqların gələcəyi üçün vacibdir.
İstənilən halda optimist olmağımız üçün iki önəmli məqam var: Azərbaycan zəngin təbiətə və çeşidli mətbəxə sahib bir ölkədir. Odlar Yurdunda yetişən meyvə-tərəvəzlər, kənd təsərrüfatı məhsuları yetərli həcmdədir və əksər ailələrin cibinə uyğundur. Təsadüfi deyil ki, Azərbaycanda hər zaman güclü idmançılar yetişib və yetişməkdədirlər. Onların qida mənbəyi də yerli məhsullar və milli mətbəximizdir.
Şamo Quliyev
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir