Sportnet.az saytı AFFA yanında Media Komitəsinin qalib elan etdiyi "Uşaq futbolu: problemləri necə aradan qaldırmalı?" istiqaməti üzrə silsilə yazılarını davam etdirir. Beşinci məqalədə klublar tərəfindən uşaq futboluna cavabdeh kadrların seçimi zamanı yol verilən xətalardan, infrastruktur sarıdan çatışmazlıqların uşaq futbolunun inkişafına göstərdiyi maneələrdən və bu məsələlərlə bağlı Lisenziyalaşadırma Qaydalarından söhbət açacağıq.
Söyüş söyən, valideynlərdən pul alan məşqçilər
Uşaq futbolunun iki əsas təməl daşı var: infrastruktur və bu sahəyə cavabdeh olan kadrlar. Bu meyarlar istedadların üzə çıxarılmasında, onların püxtələşib, peşəkar futbolçuya çevrilmələrində açar rol oynayırlar. Azərbaycanda fəaliyyət göstərən klubların infrastrukturu ideal olmasa da, orta səviyyədədir. Hazırkı şərtlərdə ciddi bir əngəl yoxdur. Lakin kadr seçimi ilə bağlı nöqsanlar mövcuddur.
Kadrlarla bağlı əsas çatışmazlıq bəzi məşqçilərin müvafiq lisenziyaya və ya bu sahədə fəaliyyət göstərmək üçün uyğun xarakterə malik olmamalarıdır. Məsələn, mütəxəssis müvafiq lisensiyaya və bacarığa malikdir, lakin 12-13 yaşlı uşaqlarla söyüşlə danışmaq vərdişi var. Həmçinin, valideynlərdən pul alıb, bunun müqabilindən onların övladlarını "qabağa çəkənlər"ə də tez-tez rast gəlirik. Bu mənada, kadr məsələsində klub rəhbərliyinin üzərinə böyüş iş düşür. Uşaqları əlində diplomu olan hər kəsə etibar etmək olmaz!
Lisenziya üçün tələblər
Lisenziyalaşdırma Qaydaları iki cürdür: UEFA-nın klub və Azərbaycan Premyer Liqası yarışlarında iştirak etmək üçün tələb olunan meyarlar. UEFA-nın klub yarışlarında iştirak etmək istəyənlər "A” lisenziyasına sahib məşqçini "Gənclər futbolunun inkişafı proqramı”nın rəhbəri təyin etməlidir. Premyer Liqa üçün isə "B” lisenziyası da kifayətdir.
Uşaq və gənclər komandalarının məşqçilərinə gəlincə, UEFA üçün ən azı "B” lisenziyası vacibdir. Məşqçilərdən ən azı biri isə UEFA-nın "A” lisenziyasına malik olmalıdır.
Qızlardan ibarət komandanın baş məşqçisi ən azı AFFA-nın məşqçilik üzrə etibarlı "C” lisenziyasını və ya məşqçilik sahəsində ən azı 3 illik iş təcrübəsinin olması əsasında AFFA tərəfindən verilmiş "Bacarığın təsdiqi haqqında şəhadətnamə”ni təqdim etməlidir.
Azərbaycan Premyer Liqasında iştirak üçün U-16 - U-19 komandalarının məşqçiləri ən azı UEFA-nın məşqçilik üzrə etibarlı "B” lisenziyasına, U-10 - U-15 kollektivlərinin məşqçiləri isə minimum AFFA-nın "C” lisenziyası və ya Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanınan ali təhsil müəssisəsinin diplomuna (futbol məşqçisi ixtisası) sahib olmalıdırlar.
Təlim-məşq obyektləri – istifadə imkanları meyarında qeyd olunur ki, lisenziya iddiaçısı lisenziyalaşdırma mövsümü ərzində öz sərəncamında təlim-məşq obyektlərinə malik olmalıdır. Lisenziya iddiaçısı təlim-məşq obyektinin sahibi deyilsə, o zaman o, istifadə edəcəyi təlim-məşq obyektinin və ya təlim-məşq obyektlərinin mülkiyyətçisi (mülkiyyətçiləri) ilə yazılı müqavilə təqdim etməlidir.
Lisenziya iddiaçısı zəmanət verməlidir ki, təlim-məşq obyektləri lisenziya iddiaçısının keçirdiyi gənclər futbolunun inkişafı proqramı çərçivəsində, onun bütün komandaları tərəfindən ərizə verilən lisenziyalaşdırma mövsümü ərzində istifadə oluna bilər.
Lisenziya iddiaçısının əvəzedici (əgər tətbiq olunursa) və müvafiq gənclər komandaları AFFA və PFL tərəfindən təşkil olunan yarışlar çərçivəsində ev oyunlarını keçirmək üçün istifadə olunacaq stadionlar bu qaydalarda göstərilmiş tələblərə cavab verməlidir.
Lisenziya iddiaçısı lisenziar tərəfindən təsdiq edilmiş, müəyyən olunmuş tələblərə cavab verən, istifadəyə yararlı aşağıdakı təlim-məşq obyektlərinə sahib olmalıdır:
a) Açıq havada bir təlim-məşq meydançası;
b) Bir örtülü təlim-məşq meydançası;
c) Standartlara uyğun ən azı ikii paltardəyişmə otağı;
d) Tibb otağı
Elçin Məmmədov: "Lisenziyalaşdırmaya həkimlik meyarını da daxil edəcəyik"
AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədovla söhbətdə də hazırkı tələblər və çatışmazlıqlar barədə danışdıq. Federasiya rəsmisi bildirdi ki, infrastruktur və kadrlarla bağlı məsələlər Lisenziyalaşdırma Qaydalarında əksini tapıb: "Lisenziya tələbləri UEFA klub yarışları və Azərbaycan Premyer Liqası üçün olmaqla, iki növdür. Birici növə əsasən, "Gənclər inkişaf proqramı”nın rəhbəri UEFA-nın "A” lisenziyasına malik olmalıdır. Aşağı yaş qrupları üzrə komandaların baş məşqçilərindən minimum "B” lisenziyası tələb edilir. Qızlar komandasının baş məşqçisinin isə ən azı ya "C” kateqoriyası, ya da bu sahədə 3 illik iş təcrübəsi olmalıdır. Premyer Liqada isə vəziyyət bir qədər fərqlidir. "Gənclər inkişaf proqramı”nın rəhbərindən, eləcə də U-16, U-17 və U-19 komandalarının baş məşqçilərindən "B” liseniziyası tələb olunur. U-10, U-11, U-12, U-13, U-14 və U-15 üçün isə "C” lisenziyası və ya Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanınan ali təhsil müəssisəsinin diplomu lazımdır”.
E.Məmmədovun sözlərinə görə, əsas problem məşqçi lisenziyaları ilə bağlıdır: "UEFA-nın məşqçilik lisenziyalarının etibarlılıq müddəti 3 ildir. Bu müddət başa çatdıqdan sonra müraciət edib, yeniləmək lazımdır. Lakin nədənsə, bəzi klublar və məşqçilər bu işdə səhlənkarlığa yol verirlər. Ötən mövsümdən etibarən, klublara hansısa məşqçisinin lisenziyasının müddətini başa çatmasına 3 ay qalmış məktub yollayıb, xəbərdar edirik. Bununla da kifayət qədər məşqçinin diplomlarını yeniləmək üçün AFFA-nın Texniki Departamentinə yönəltmiş olduq. Bizdə meyara cavab vermək üçün iki variant var: Məşqçi ya müvafiq lisenziyaya malik olmalı, ya da həmin kateqoriyanı almaq üçün təhsil almalıdır. Məsələn, klub bizə arayış təqdim edir ki, filan məşqçimiz hazırda müvafiq lisenziyanı əldə etmək üçün təhsil alır. Lakin həmin şəxs imtahandan kəsilərsə, klub təcili olaraq onu lisenziyası olan mütəxəssislə əvəzləyir”.
Lisenziyalaşadırma Qrupunun rəhbəri bildirdi ki, uşaq futbolunda həkimlərlə bağlı meyarın tətbiqi üçün AFFA İcraiyyə Komitəsinə müraciət edəcəklər: "Uşaq futbolunda həkimlərin sayı və ixtisası ilə bağlı konkret tələb yoxdur. Lakin belə bir meyarı lisenziyalaşdırmaya daxil etməyi düşünürük. Bu məsələyə baxılması üçün İcraiyyə Komitəsinə təklif etməyi planlaşdırırıq. Əslində, akademiyalarda həkimlər var. Mümkün deyil ki, komanda səfərə çıxa və onun həkimi olmaya. Olmasa belə, rəqib komandanın həkiminin xidmətindən yararlanırlar”.
E.Məmmədov lisenziya üçün müraciət edən klublarda infrastruktur baxımından ciddi problemin olmadığını deyir. Onun sözlərinə görə, uşaq futbolunda tələblər böyük deyil: "10 -14 yaşlı komandalar arasında ölkə çempionatları mərkəzləşdirilmiş qaydada keçirilir və stadionları AFFA verir. Lakin biz həmin komandaların məşq meydançalarının olmasına nəzarət edirik. Klublardan həmin siyahıları istəyirik. Yuxarı yaş qruplarına gəlincə, burada tələblər elə də böyük deyil. Yəni, stadion zəruri şərtlərə cavab verməlidir”.
Fərid Ağayev: "Qarabağ" lisenziya tələblərinə cavab verir"
Gənclər və uşaq futboluna ən çox diqqət edən klublardan biri də "Qarabağ”dır. Təsadüfi deyil ki, sonuncu mövsümdə Ağdam təmsilçisinin əsas komandası ilə yanaşı, əvəzedici və U-19 komandaları da ölkə çempionu oldular. Bu isə "Qarabağ” Futbol Akademiyasında işlərin düzgün təşkil olunmasının və öz bəhrəsini verməsinin göstəricisidir.
"Qarabağ” Futbol Akademiyasının meneceri Fərid Ağayev deyir ki, infrastruktur və kadr baxımından heç bir problemləri yoxdur. O, Ağdam klubunun lisenziya tələblərinə cavab verdiyini söyləyir: "İnfrastruktur çox yaxşıdır. Məşq keçmək və ev oyunlarımızı təşkil etmək üçün hər cür şəraitə malik stadionlarımız var. Kadrlara gəlincə, burada keçmişdə "Qarabağ”da oynamış, əməkləri keçmiş futbolçulara üstünlük verilir. Başa çatan mövsümdə aşağı yaş qrupları üzrə komandalarda Elbrus Rzayev (U-8), Eldəniz Qiyasov (U-9), Elşad Xudadatov (U-10), Araz Bağırov (U-11), Vüsal Rüstəmov (U-12), Osman Rəhimov (U-13), Xəyal Həsənov (U-14), İlyas Qurbanov (U-15), Samir Musayev (U-16), Pablo Ximenez (U-17) və Rəşad Sadıqov (U-19) baş məşqçi funksiyasını yerinə yetiriblər. Ramiz Kərimovla Elşad Tahirov isə qapıçılarla işləyən mütəxəssislərimizdir. Həmçinin, Akademiyamızda 4 həkim və eyni sayda inzibatçı fəaliyyət göstərir”.
F.Ağayevin sözlərinə görə, "Qarabağ”ın aşağı yaş qrupları üzrə komandaları bir qayda olaraq mükafatlar uğrunda mübarizə aparırlar: "Son mövsümdə Rəşad Sadıqovun rəhbərlik etdiyi U-19 komandamız qızıl medal qazandı. U-17 gümüş, U-11 isə bürünc medal əldə etdi. Digərlərinə gəlincə, onlar da ən azı 4 və 5-ci yerləri tutdular”.
Şamo Quliyev
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir