"Səbail" klubunun yay hazırlıq planı müəyyənləşib. Komandanın baş məşqçisi Samir Əliyevin Sportnet.az-a verdiyi məlumata görə, bütün kollektiv iyunun 12-də Bakıda toplaşacaq.
O, iyulun əvvəllərində Türkiyəyə uzunmüddətli təlim-məşq toplanışına yollanacaqlarını deyib. Gənc mütəxəssis bildirib ki, bu mövsüm əsas məqsəd Premyer Liqada qalmaqdır: "UEFA-nın lisenziyalaşdırma tələblərinə əsasən, vəsiqə qazansaq belə, 2018-2019 mövsümündə avrokuboklarda çıxış edə bilmərik. Çünki "Səbail" cəmi 2 ildir yaranıb. Avrokuboklara isə ən azı 3 yaşı olan klub buraxılır. Ona görə də aşağı yaş qrupu üzrə komandalarımızı da gücləndirməklə, gənc futbolçular yetişdirmək və sonrakı mövsümlərdə iddialı kluba çevrilməyi hədəfləmişik".
Qeyd edək ki, "Səbail" ötən mövsüm I Divizionu 2-ci pillədə başa vurub.