1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Futbolçuların əsgərlik problemi: Ezam olunan milli üzvləri, “yararsız” biletindən yararlananlar - LAYİHƏ
Sportnet.az saytı AFFA yanında Media Komitəsinin qalib elan etdiyi "Uşaq futbolu: problemləri necə aradan qaldırmalı?" istiqaməti üzrə silsilə yazılarını davam etdirir. Altıncı məqalədə həqiqi hərbi xidmət yaşı çatan futbolçuların üzləşdikləri problemlərə nəzər salacağıq.
Uşaqlıqdan ulduzluğa aparan yolu müşayiət edən problemlər fərdlərdən asılı olaraq fərqli xarakter daşıyır. Lakin Azərbaycan Respublikasının vətəndaşları üçün bir sədd var ki, onu hər kəs dəf etmək məcburiyyətindədir. Söhbət müddətli həqiqi hərbi xidmətdən gedir.
Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikasının Qanununun "Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması” maddəsinə əsasən, Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir.
Kişi futbolçuların sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararsız olmaq ehtimalının az olduğunu nəzərə alsaq, bu problem hər kəs üçün keçərlidir.
Peşəkar futbolçu olmaq istəyən Azərbaycan vətəndaşları müddətli həqiqi hərbi xidmətlə bağlı problemi fərqli üsullarla həll edirlər. Onlardan daha geniş tətbiq olunanları aşağıdakılardır:
1. Futbolçu Azərbaycan milli komandasının üzvü statusu daşıyırsa, AFFA həmin şəxsin müqavilə ilə məxsus olduğu futbol klubuna ezam olunmasını təmin edir. Sistem bu cürdür: Oyunçu Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə göndərilir, oradan Mərkəzi Ordu İdman Klubuna (MOİK), MOİK-dən isə müqavilə ilə məxsus olduğu kluba ezam edilir;
2. Milli komanda üzvü olmayan, lakin MOİK klubunun tələblərinə cavab verən futbolçu hərbi xidmət müddətində nazirlik komandasının formasını geyinir;
3. Futbolçu şəxsi əlaqləri və imkanları hesabına "yarasız” bileti alır. Bu, daha geniş yayılmış variantdır.
Futbolçular "yarasız” bileti almağa məcburdurlar
2016/2017 mövsümündə AFFA-nın təşkil etdiyi U-17 Liqasında 13 komanda mübarizə aparıb. Orta hesabla hər kollektivdə 20 futbolçunun yer aldığını nəzərə alsaq, bu, 260 nəfər edir. Deyək ki, onlardan 60 fərqli tarixlərdə müvafiq yaş qrupu üzrə milli komandalara dəvət alırlar. Bəs, digər 200 nəfər nə etməlidir? Hələ U-17 liqasında təmsil olunmayan I divizion klubları da var...
Milli komanda üzvü olmayanların bir qismi tələbə adı qazanaraq əsgərlik problemini yalnız ertələyə bilərlər. Yəni, problem kökündən həll olunmur, əvvəl-axır əsgərliyə getmək lazımdır. Hərbi xidmətə yollanıb, 1 il 6 ay və ya 1 il futboldan uzaq düşən şəxsin peşəkar karyerasını davam etdirmək ehtimalı isə olduqca azdır.
Futbolçuların "yararsız” biletini əldə etməyə məcbur qalmamaları üçün müddətli həqiqi hərbi xidmətlə bağlı problem qanun çərçivəsində həllini tapmalıdır. Məsələn, peşəkar futbolçu müqaviləsi olanlara 33 yaşa qədər möhlət hüququ vermək olar. Başqa bir variant MOİK-lə kifayətlənməmək, komanda sayını artmıraqdır. Yaxın keçmişdən "Dinamo” (Daxili İşlər Nazirliyi) və "Ədliyyə”ni (Ədliyyə Nazirliyi) misal göstərə bilərik.
Yeri gəlmişkən, hazırda MOİK istədiyi futbolçuları komandaya cəlb etməklə bağlı çətinlik çəkir. Buna səbəb Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mövcudluğudur. Yəni, çağırış məsələsi Müdafiə Nazirliyinin səlahiyyətlərinə daxil olmadığı üçün "hərbiçilər” istədikləri oyunçuları komandaya götürə bilmir. Burada söhbət müxtəlif vasitələrlə həqiqi hərbi xidmətdən yayınanlardan gedir.
AFFA yalnız milli üzvlərinə kömək edə bilir
AFFA-nın hüquq və kadrlar şöbəsinin rəisi Rəmiş Malıyev deyir ki, futbolçulara müddətli həqiqi hərbi xidmətlə bağlı güzəştlər paketinin hazırlanması qurumun səlahiyyətində deyil. Onun sözlərinə görə, assosiasiya yalnız milli komanda üzvlərinin müqavilə məxsus olduqları klublara ezam edilmələrinə yardımçı olur: "Hələ SSR-i dövründən belə bir sistem var idi – hərbi xidmətə çağırılan idmançılar MOİK-ə və ya digər qoşun növlərinin idman strukturlarına yönəldilirdilər. Hazırda AFFA eyni yanaşmanı milli komandanın üzvlərinə tətbiq edir, onlara bu məsələdə dəstək olur. Milli komanda üzvü statusu daşıyan futbolçular həqiqi hərbi xidmətə çağırılan zaman Müdafiə Nazirliyinin hərbi hisslərini göndərilirlər, oradan MOİK-ə, MOİK-dən isə klublara ezam olunurlar . Sistem bu cürdür”.
"Əsgərlikdən qayıdan adamın futbol oynaması real deyil”
MOİK-in baş məşqçisi Ramil Əliyev də söhbət zamanı oxşar fikirlər səsləndirdi. Lakin o, problemin həlli üçün təkliflərini də irəli sürdü: "Biz yalnız milli komandalara düşən futbolçuları MOİK-ə cəlb edə bilirik. Digərlərini götürməkdən ötrü isə onun bizim üçün faydalı olduğunu əsaslandırmalıyıq. Mövsüm ərzində maksimum 30 futbolçunun xidmətindən yararlanırıq. Yəni, məhdud sayda oyunçu həqiqi hərbi xidmətə çağırış dövründə MOİK-də çıxış edə bilir. Fikrimcə, AFFA İcraiyyə Komitəsində Müdafiə Nazirliyinin nümayəndəsi olmalıdır və həmin məhsul şəxs həqiqi hərbi xidmətlə bağlı problemlərin həllində yardım etməlidir. Çünki əsgərlik məsələsi futbolçulara çətinlik yaradır. Təsəvvür edin, gənc bir oyunçu 18 yaşında həqiqi hərbi xidmətə yollanır və 18 ay futboldan uzaq düşür. Belə olan halda isə onun karyerası sual altına düşür. Əsgərlikdən qayıdan adamın futbol oynaması real deyil. 90 faizi karyerasın başlamamış bitirməli olur”.
R.Əliyev də hesab edir ki, Ədliyyə Nazirliyinin və Daxili İşlər Nazirliyinin komanadaları ən azı I divizionda çıxış etsələrə, problem qismən həllini tapar: "Əvvəl "Ədliyyə” və "Dinamo” mövcud idi. Bura düşməyən, digərinə gedirdi. Həm də yaxşı futbolçuları heyətə cəlb etmək üçün rəqabət vardı”.
Şamo Quliyev
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir