Sportnet.az saytı AFFA yanında Media Komitəsinin qalib elan etdiyi "Uşaq futbolu: problemləri necə aradan qaldırmalı?" istiqaməti üzrə silsilə yazılarını davam etdirir. Səkkizinci məqalədə müqavilələrin bağlanması zamanı yol verilən xətaları və bundan doğan problemləri araşdıracağıq.
Övladını futbolçu kimi görmək istəyən valideynin diqqət etməli olduğu ən önəmli məsələ müqavilədir. Burada yol verilən səhlənkarlıq və nöqsanlar gələcəkdə böyük fəsadlar doğura bilər. Eyni sözlər qarşı tərəfə - kluba da şamil olunur. Futbolçu yetişdirmək istəyən klub müqavilənin məsuliyyətini dərk etməlidir və işə ciddi yanaşmalıdır. Lakin təəssüf ki, bəzi hallarda tərəflər müqavilə bağlayan zaman bir sıra səhvlərə yol verirlər və nəticədə bunun əziyyətini futbolçu olmaq istəyən uşaq çəkir.
Səhlənkarlıq və nöqsanlar barədə bir qədər sonra ətraflı söhbət açacağıq. Əvvəlcə gəlin AFFA tərəfindən tərtib olunan həvəskar futbolçu müqaviləsinin şablonunu nəzərdən keçirək.
Həvəskar futbolçu müqaviləsi nizamnamə əsasında fəaliyyət göstərən klub nümayəndəsi ilə futbolçu və onun qanuni nümayəndəsi arasında imzalanır. Tərəflər müqavilənin Azərbaycan Respublikasının qanunvericiliyinə tabe olduğunu, tərəflərin hüquq və vəzifələrinin Azərbaycan Respublikasının qanunvericiliyi FİFA, UEFA və AFFA-nın nizamlayıcı sənədləri və digər normativ hüquqi aktlarla tənzimləndiyini etiraf edərək müqavilə bağlayırlar.
Şərtlər əsasən futbolçunun vəzifələrinə aşağıdakılar daxildir:
- Müvafiq yaş qrupunun məşqlərində mütəmadi iştirak etmək;
- Klub tərəfindən təyin edilmiş idman rejiminə əməl etmək və idman yarışlarına hazırlıq planlarını yerinə yetirmək;
- İdman yarışlarında yalnız klubun (o cümldədən, klubun təyin etdiyi məşqçinin) göstərişi ilə iştirak etmək;
- Klub tərəfindən aparılan təlim-məşq toplanışlarında və digər tədbirlərdə iştirak etmək;
- Futbol komandasının istər Azərbaycan ərazisində, istərsə də onun hüdudlarından kənara edilən səfərlərində iştirak etmək;
- Klub tərəfindən verilmiş idman geyimindən istifadə etmək;
- Klub tərəfindən təqdim edilmiş nəqliyyat vasitələrində və marşrutlar üzrə danışıqsız hərəkət etmək;
- Klubun tibb personalının göstərişi ilə tibbi baxışlardan və tibbi müalicədən keçmək;
- Oyunlara seçildikdə bütün qabiliyyətini nümayiş etdirməklə oynamaq;
- Matçlarda, məşqlərdə iştirak edən insanlara münasibətdə idmançı kimi davranmaq, oyun qaydalarını öyrənmək və onlara riayət etmək, habelə matçın vəzifəli şəxslərinin qərarlarına tabe olmaq;
- Klubun mülkiyyətinin qayğısına qalmaq və müqavilə ləğv olunduqdan sonra kluba qaytarmaq;
- Klubun daxili nizam-intizam qaydalarına riayət etmək;
- Klubun rəsmi rəmzlərinə hörmətlə yanaşmaq.
- Futbolçu Azərbaycan Respublikası qanunvericiliyinin normaları, FİFA, UEFA və AFFA-nın nizamlayıcı sənədlərində göstərilən hüquqlara malikdir.
Klubun vəzifələrinə isə aşağıdakılar aiddir:
- Təlim-məşq toplanışlarının keçirilməsi üçün normal şərait yaratmaq;
- Futbolçunun təlim-məşq toplanışlarının keçirilməsində və məşqçinin (məşqçilərin) rəhbərliyi altında idman yarışlarında iştirakını təmin etmək;
- Öz vəsaiti hesabına mütəmadi olaraq (ildə bir dəfədən az olmamaqla) tibbi baxışların (müayinələrin), keçirilməsini təmin etmək;
- Futbolçunu müvafiq idman geyimi, idman avadanlığı, inventarı, digər material-texniki vasitələri ilə təmin etmək və habelə onları normal istifadə etmək üçün lazım olan vəziyyətdə saxlamaq;
- Klub, Azərbaycan Respublikasının qanunvericiliyinin normaları FİFA, UEFA və AFFA-nın nizamlayıcı sənədlərində göstərilən hüquqlara malikdir.
Futbolçunun məşqlərə mütəmadi gəlməsini, Azərbaycan Respublikasında və onun hüdudlarından kənarda kecirilən yarışlarda iştirakını təmin etmək isə valideynin və ya himayəçinin vəzifələridir.
Tərəflər müqavilənin müddətini müəyyənləşdirdikdən sonra klub və futbolçu sözləşmənin ayrılmaz hissəsi olan FİFA, UEFA, AFFA, PFL Nizamnaməsi, əsasnamələr və qərarlarına riayət etməyi öz imzaları ilə təsdiq edirlər.
Azərbaycan Respublikasının müvafiq münasibətlərini tənzimləyən qanunvericiliyi FİFA və AFFA-nın Oyunçuların Statusu və Transferi üzrə Əsasnaməsində göstərilən səbəblər bu müqaviləyə xitam verilməsinin üzürlü səbəbləri sayılır. Futbolçunun digər kluba keçməsi (transferi) və habelə kompensasiyaların ödənilməsi şərtləri FİFA və AFFA-nın Oyunçuların Statusu və Transferi üzrə Əsasnaməsində müəyyən edilir.
Tərəflər arasında meydana çıxan mübahisələr birbaşa danışıqlar yolu ilə həll edilməlidir. Əgər mübahisə danışıqlar yolu ilə həll edilməzsə o, AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsində həll edilir.
Müqavilə 3 səhifədə olmaqla hər biri eyni hüquqi qüvvəyə malik olan 2 nüsxədə Azərbaycan dilində tərtib olunur və imzalanır. Oyunçuların mərkəzləşdirilmiş elektron bazasının yaradılması üçün müqavilənin surəti AFFA-ya təqdim olunur.
Müqaviləyə əlavə və dəyişikliklər yalnız tərəflərin razılığı ilə və müvafiq yazılı sənədin tərtib olunması və imzalanması yolu ilə edilə bilər. Sözləşməyə edilən əlavə və dəyişikliklər, habelə bu müqavilənin icra olunması ilə bağlı digər sənədlər (razılaşma protokolları və s.) müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edir. Şərtlər məxfidir və aidiyyəti şəxslər və orqanlar istisna olmaqla digər şəxslərin dairəsində hər hansı bir formada açıqlana və ya yayıla bilməz.
Müqaviləyə klubun məsul şəxsi və futbolçu ilə onun qanuni nümayəndəsi imza atdıqdan sonra klubun möhürü ilə təsdiqlənir.
Tərəflər arasında müqavilə bağlanan zaman müxtəlif səhvlərə yol verilir ki, buda mübahisələrə zəmin yaratmaqla yanaşı, əksər hallarda uşağın futbolla vidalaşmasına gətirib çıxardır. Bunlardan nöqsanlardan daha çox rast gəlinənləri aşağıdakılardır:
- Müqavilə bağlanan zaman klub rəsmisinin, futbolçu və onun qanuni nümayəndəsinin iştirakı mütləqdir. Lakin təəssüf ki, əksər hallarda bu təmin olunmur. Məsələn, klub nümayəndəsi yekunda toplanan müqavilələrə imza atıb, möhür qoymaq üçün bu işi məşqçiyə və ya inzibatçıya həvalə edir. Həmin şəxslər isə bir çox hallarda səhlənkarlığa yol verirlər. Örnəyi, futbolçunun nümayəndəsinin əvəzinə özləri qol çəkir və ya müqaviləni evdə valideyninə imzalatamaq üçün uşağa verirlər. Uşaq isə valideynin əvəzinə özü qol çəkir və ya müqavilədə atasının adı qeyd olunduğu halda, anası imza atır. Beləliklə, ciddi bir problemin əsası qoyulur. Gələcəkdə valideyn uşağını başqa kluba aparmaq istəyən zaman əsas gətirir ki, onun imzası olmadığı üçün müqavilə 3 vərəqdən ibarət kağız parçasından başqa bir şey deyil.
- Peşəkar futbolçu müqavilələri bağlanan zaman notariusda təsdiq olunur. Lakin həvəskar müqavilələrdə buna ehtiyac duyulmur. Ancaq gələcəkdə problemdən sığortalanmaq üçün sözləşmənin hər 3 vərəqində imza və möhürün olması daha məqsədəuyğundur. Düzdür, hazırda müqavilənin sürəti oyunçuların mərkəzləşdirilmiş elektron bazasının yaradılması üçün AFFA-ya təqdim olunur. Lakin istənilən halda tədbirli davranmaqda fayda var. Çünki notariusda tikilib, təsdiq edilməyən müqavilənin ilk iki vərəqini dəyişmək mümkündür. Xüsusən də klublar və valideynlər tərəfindən müqavilənin müddətinin yer aldığı 2-ci səhifənin dəyişdirlməsi hallarına dəfələrlə rast gəlinib.
- Bəzi valideynlərin övladının imzaladığı müqavilədən xəbərsiz olduğu kimi, bir çoxları da sözləşməyə gözuyumulu imza atır, şərtləri oxumur. Ona görə də, məsələn, klub övladını müvafiq idman geyimi və inventarlarla təmin etməsə və ya tibbi müayinələrdən keçirməsə belə, bunu fərqinə varmır. Çünki şərtlərdən xəbərsizdi. Əks halda klubdan öhdəçiliklərini yerinə yetirməyi tələb edir. Ancaq təəssüf ki, bəzi valideynlər nəinki şərtlərlə tanış olmur, bütövlükdə müqaviləyə formallıq kimi baxır.
Ümumiyyətlə, müqavilələr bağlanan zaman iki məqam diqqət çəkir: klubların qeyri-peşəkarlığı və valideyn məsuliyyətsizliyi. Hər iki tərəf mübahisəli məsələ yaranan zaman məhz sözləşmə imzalananda yol verilən xətaları əldə bayraq edib, öz maraqlarına uyğun faydalanmaq istəyirlər.
Bu cür xoşagəlməz halların yaşanmaması üçün əsas məsuliyyəti klublar daşıyır. Məhz onlar müqavilələrin qaydalar çərçivəsində imzalanmasını təmin etməlidirlər. Klub rəsmisinin və ya valideynin işlərinin çoxluğu müqavilə imzalamaq üçün vaxt ayırmamaqdan ötürü bəhanə ola bilməz. Uşaqları qeyri-peşəkarlığın və məsuliyyətsizliyin qurbanı etməyin!
Şamo Quliyev
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir