
Azərbaycan milli komandasının 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsindəki rəqiblərindən olan Norveç millisi yoldaşlıq görüşü keçirib. Sportnet.az-ın məlumatına görə, rəqib İsveç yığması olub.
Oslodakı "Ullevaal" stadionunda təşkil olunmuş görüş 1:1 hesablı heç-heçə ilə nəticələnib. Meydan sahiblərindən Mohamed Elyunusi 44-cü dəqiqədə hesabı açıb. İsveç yığması 81-ci dəqiqədə bərabərlik topunu vurub. Həmin qola "Qarabağ"ın keçmiş hücumçusu Samuel Armenteros imza atıb. 68-ci dəqiqədə meydana daxil olmuş 27 yaşlı hücumçu millidəki debüt matçında fərqlənməyi bacarıb.
Qeyd edək ki, Samuel Armenteros "Qarabağ"da 2015-2016 mövsümündə forma geyinib. O, hazırda Hollandiya "Herakles"ində çıxış edir.