"Qarabağ"ın yeni transferi Abbas Hüseynov "Bakı"nı 9:0 hesabı ilə yendikləri yoxlama oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir...
- "Bakı” klubuna qarşı oynadın. Bu, həm də rəsmi olmasa da, "Qarabağ”da ilk matçın idi. Nə hisslər keçirirsən?
- İstər-istəməz özümdən asılı olmasa da, həyəcan var idi. Amma çalışdım ki, həyəcanımı boğum, çıxıb öz oyunumu sərgiləyim. Qalib gəldik. İnanıram ki, bundan sonra daha yaxşı oynayacağıq. Hər şey yaxşı olacaq.
- Komandada özünü necə hiss edirsən? Kollektivə uyğunlaşa bilirsənmi?
- Burada hələ təzəyəm. Uyğunlaşmaq deyəndə ki, futbolçuların çoxu ilə tanışlığım var idi. Bəziləri "İnter”də oynayanlar idi. Yeni komandadayam. Amma hər kəs bir nəfər kimi can yandırır. Yavaş-yavaş uyğunlaşıram.
- Keçmiş komandanla müqayisədə, "Qarabağ”da heyət daha zəngindir. Hər mövqedə heyətə düşmək üçün bir neçə futbolçu mübarizə aparır. Necə düşünürsən, heyətə düşmək üçün Qurban Qurbanovun etimadını qazana bilərsənmi?
- Bunu mən deyə bilmərəm, baş məşqçidən asılıdır. Çalışıram ki, məşqlərimi edim, özümü yaxşı tərəfdən göstərə bilim. İnanıram ki, hər şey yaxşı olar.
- "Qarabağ”ı seçəndə əsas heyətə düşməyin daha çətin olacağını fikirləşdinmi?
- Əlbəttə. Bütün bunları fikirləşmişəm. İstər-istəməz hər bir komandada heyətə düşmək, baş məşqçinin etimadını doğrultmaq çətin olur, təkcə "Qarabağ”da deyil. Bura gəlmişəmsə, deməli, çəkinməmişəm. Ümid edirəm ki, hər şey yaxşı olar.