AFFA-nın ilk prezidenti Fuad Musayevin dünyasını dəyişmə səbəbi müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, bu barədə "Report"a milli assosiasiyanın sabiq baş katibi Çingiz İsmayılov məlumat verib.
O bildirib ki, F.Musayev böyrəklərindəki problem üzündən vəfat edib: "Fuad müəllim mayın 30-da Estoniyaya çoxdan tanıdığı həkimin yanına müalicəyə getmişdi. İyunun 15-16-da Moskvadan Bakıya qayıtmalı idi. Bu gün səhər Heydər Əliyev Beynəlxalq Hava Limanına qarşılamağa getmişdilər. Amma gəlmədiyini gördükdə Moskvaya zəng ediblər. Bu zaman onun böyrəyindəki problem üzündən vəfat etdiyi məlum olub".
Ç.İsmayılov mərhumun nəşinin iyunun 17-də axşam saatlarında Bakıya gətiriləcəyini əlavə edib.
Qeyd edək ki, Fuad Musayev 11 yanvar 1938-ci ildə Bakıda anadan olub. F.Musayev 1952-ci ildən futbol və voleybol oynamağa başlayıb. Azərbaycan Dövlət İnşaat İnstitutunda ali təhsil aldıqdan sonra 1977-ci ildə Dövlət Planlaşdırma Komitəsində sədrin I müavini təyin olunub. Elə həmin ildə də Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib və 1995-ci ilə kimi deputat mandatını daşıyıb.
F.Musayev 1981-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin sədr müavini, Mərkəzi Komitənin tikinti üzrə katib vəzifələrində çalışıb.
O, 1983-cü ildən 1988-ci ilə kimi Bakı şəhər Partiya Komitəsinin I katibi vəzifəsində çalışıb.
1990-cı ildə Mərkəzi Komitənin iqtisadiyyat, tikinti və təsərrüfat üzrə katibi olub.
Azərbaycan Respublikası müstəqillik əldə edəndən sonra Fuad Musayev AFFA-nın ilk prezidenti seçilib və 2003-cü ilin dekabrınadək quruma rəhbərlik edib. 1 oğlu, 1 qızı, 4 nəvəsi var. Oğlu Tofiq Musayev hazırda Azərbaycanın BMT-dəki daimi nümayəndəsinin müavinidir.