Türkiyənin Bolu şəhərində təlim məşq toplanışında olan "Zirə” komandası ikinci yoxlama yoxlama oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, rəqib Kamerunun "Kolumbe Sportivo” klubu olub. Baş məşqçi Ayxan Abbasov start heyətində Anar Nəzirov, Yovan Krneta, Adil Nağiyev, Jozef Boum II, Təmkin Xəlilzadə, Nicat Qurbanov, Milan Duriç, Vüqar Mustafayev, Orxan Əliyev, Kervens Belfor və Riçard Qadzeyə yer verib.
İkinci hissədə Kamal Bayramov, Abdulla Seydəhmədov, Sadiq Quliyev, Aleksandr Şemonayev, Viktor İqbekoyi, İlkin Muradov, Sahil Cəfərov, Muşfiq İlyasov, Vüsal İsgəndərli, Elgün Nəbiyev, Elçin Əliyev meydana çıxıb.
Oyuna sürətli başlayan "qartallar” erkən qollarla rəqibi sarsıdıb. "Zirə”nin yeni transferi Kervan Belfor ilk 5 dəqiqədə "dubl"unu rəsmiləşdirib. Fasiləyə qədər həmçinin, Riçard Qadze 2, Təmkin Xəlilzadə və Orxan Əliyev isə bir qola imza atıb. İkinci hissədə isə Sadiq Quliyevlə Müşfiq İlyasov rəqib qapısına yol tapıb. Beləliklə, "Zirə” kamerunlular üzərində 8:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, ilk yoxlama oyununda Bakı "İnter”i üzərində 2-0 hesablı qələbə qazanan "qartallar” iyunun 20-də keçiriləcək sonuncu yoxlama oyununda Rumıniyanın "Vitorul” klubu ilə üz-üzə gələcək. Həmin qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.