Azərbaycan milli komandasının futbolçusu Renat Dadaşov Almaniya "Aytraxt"ının əsas komandasında məşqlərə başlayacağı iyunun 28-dək bir sıra məsələri həll etməlidir. Sportnet.az-ın məlumatına görə, bu barədə "Frankfurter Rundschau" nəşrində dərc olunmuş "İstedad qapını döyür" başlıqlı yazıda bildirilir.
Məqalədə qeyd olunur ki, 18 yaşlı hücumçu ilk növbədə Frankfurtda özünə mənzil tapmalıdır. Dadaşov əvvəllər "Riederwald" futbol-internat məktəbində qalıb. Onun "Ayntraxt"ın U-19 komandasında baş məşqçisi olmuş Aleksandr Şurun fikrincə, azərbaycanlı forvard peşəkar futbolçular arasında çıxış etmə potensialına malikdir: "Dadaşov tipik hücumçuya malik rəqibə təhlükə yaratma, hava toplarında üstünlük əldə etmə, topla yaxşı davranma, çətin durumda komandasını xilas etmə keyfiyyətlərinə malikdir. Təsadüfi deyil ki, o, U-19 komandamızda 10 oyuna 7 qol və 3 məhsuldar ötürmə müəllifi olub".
Rudeshaym şəhərində doğulan Renat Dadaşovun "Ayntaxt"ın U-19 komandasından əvvəl "Leyptsiq"də çıxış edib. Həmin vaxt onun klubun idman koordinatoru Axim Beyerlorzerlə mübahisə etdiyi bildirilir. Dadaşovun nizam-intizamla bağlı probleminin olduğu, özünü qeyri-peşəkar apardığı və sağlam pəhrizə heç də hər zaman əhəmiyyət vermədiyi vurğulanıb. Bu səbəbdən, Şurun fikrincə, yeniyetmə futbolçunun Aleks Mayer kimi peşəkarların yanında şəxsiyyət kimi formalaşmasına zərurət var. Elə Dadaşovun özü də Zlatan İbrahimoviç və Kərim Benzemanı kumir seçdiyini bu yaxınlarda verdiyi müsahibədə açıqlayıb.
Qeyd edək ki, Renat Dadaşov Azərbaycan millisinin 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində Almaniya və Şimali İrlandiya ilə keçirdiyi son 2 ev oyununa çağırılsa da, 23 nəfərlik iştirak ərizəsinə salınmayıb.