Sportnet.az saytı AFFA yanında Media Komitəsinin qalib elan etdiyi "Uşaq futbolu: problemləri necə aradan qaldırmalı?" istiqaməti üzrə silsilə yazılarını yekunlaşdırmaq üzrədir. On birinci məqalədə futbol yolu tuta bilməyənlərin üzləşdikləri problemləri qabartmağa çalışacağıq.
Futbolla məşğul olan uşaqların çox az qismi peşəkar futbolçu kimi yetişə bilir. Valideynlər bu gerçəyi bilməli və övladlarına da aşılamalıdırlar. Təəssüf ki, hər kəsin ulduz olmaq arzusu gerçəkləşmir. Bunun da müxtəlif səbəbləri var.
Layihənin icrası zamanı apardığımız araşdırmalar mövcud tablonu daha aydın görməyimizdə şərait yaradır. Bəli, ölkəmizdə uşaq futbolu ilə bağlı çatışmazlıqlar yetərincədir və həmin nöqsanların aradan qaldırılması üçün düzgün strategiya və sağlam maddi qaynaq tələb olunur. Lakin problemlər həllini tapsa belə, idmanın bu növünü seçən hər kəsi xoşbəxt sonluq gözləmir. Çünki bu, daha çox insan amilinə bağlıdır.
Futbol yolu tuta bilməyənlərin üzləşdikləri problemləri təyin etmək üçün onların idmanla vidalaşmasına səbəb olan amillərə diqqət yetirməliyik. Çünki bir çox hallarda bu amillər övladlarımızın gələcək həyatından da yan keçmir, öz mənfi təsirini göstərir. Həmin səbəblərdən daha çox aktual olanlar aşağıdakılardır:
Məşq və ya oyun zamanı alınan ağır zədələr
Ağır zədələrdən heç kim sığortalanmayıb. Futbolla məşğul olan şəxslər düzgün məşq etməklə xəsarətlərdən qoruna bilərlər. Lakin bütövlükdə zədələrdən yan keçmək mümkünsüzdür. Uşaq və yeniyetmə dövründə alınan zədələrin fəsadları isə böyük olur. Bəzi hallarda bu, yalnız uşağın futbolçu olmaq arzusunun puç olması ilə məhdudlaşmır, həmin şəxsin gələcək həyatına da mənfi təsirini göstərə bilir. Məsələn, ayaq nayihəsindən alınan ciddi zədə insanın qəbir evinə qədər çəliklə gəzməsi və ya topal olması ilə nəticələnə bilər. Başqa bir misal: London "Arsenal"ının qapıçısı Peter Çex "Çelsi”də çıxış etdiyi dönəmdə başından aldığı ağır zədədən sonra xüsusi baş geyiminə məhkum olub. Qısası, insanın uşaq vaxtı aldığı ciddi xəsarət səbəbi ilə ömürlük iş qabiliyyətini itirməsi mümkündür.
Futbolla məşğul olduğu dövrdə uşaqların səhhətində yaranan problemlər
Futbolla məşğul olmaq istəyən uşaqlar başlanğıcda sağlamlıq haqda arayış təqdim etsələr də, gələcəkdə səhhətlərində problemlərin üzə çıxma ehtimalı var. Çünki orqanizmdə gedən inkişaf və idmanın təsiri bəzən fəsadlara yol açır. Təsadüfi deyil ki, klublarda və futbol məktəblərində ildə iki dəfə olmaqla, uşaqların tibbi testləri aparılır. Səhhətində problem aşkarlanan uşaqlar təsbit edildikdən sonra diaqnoz qoyulur: futbola davam edilə bilərlər, yoxsa yox...
Futbol yalnız uğurlu gələcək vəd etmir. Bəzi uşaqların orqanizmi yüklənməyə tab gətirmədiyindən, əlavə problemlər üzə çıxır. Məsələn, kiçik yaşda həddindən artıq fiziki iş ürək və ya ciyərlərlə bağlı fəsadlar yarada bilər. Belə olan halda, bu da ağır zədələr kimi insanın iş qabiliyyətini itirməsi və ya azalması ilə nəticələnər.
Futbolun uşaq və yeniyetmələrin təhsilinə mənfi təsiri
AFFA ilə klublar çempionat təqvimlərini və məşq cədvəlini tərtib edərkən, tədris proqramını nəzərə alırlar. Ümumiyyətlə, bu işlər Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində aparılır. Lakin bir çox hallarda uşaqlar fiziki olaraq bu iki işi bir arada görməkdə çətinlik çəkirlər. Belədə seçim etməli olurlar: təhsil, yoxsa futbol?
Bu durumda futbolu seçmək hələ xoşbəxt sonluğa doğru yönəlmək demək deyil. Çünki qeyd etdiyimiz kimi, futbolçu olmaq istəyənlərin az qismi arzusuna çatır. Futbolu seçib futbolçu ola bilməyənlər yekunda özlərini çuxurun içində görürlər. Necə deyərlər, Əli aşıdan da olurlar, Vəli aşından da.
Təhsil seçimə çıxarılacaq anlayış deyil. Uşaq təhsillə futbolu bir arada çatdıra bilmirsə, birinciyə üstünlük verməlidir. Təbii ki, müəyyən istisnalar da var. Dərslərini qavraya bilməyən, amma mükəmməl futbol oynayanlar da olur.
Təcrübəli mütəxəssis Vaqif Paşayev deyir ki, futbolu sevməklə idmanın bu növü ilə məşğul olmaq fərqli şeylərdir: "Yəni, məhlədə oynanılan futbolla peşəkar futbol eyni deyil. Klubda məşq edən hər uşaq da arzusuna çata bilmir. Ancaq bu sahədə qalıb, məşqçi və ya hakim kimi də işləmək olar. Mənim 1978-1979 qrupumda 100-dən çox uşaq vardı. Lakin onlardan yanlız Ceyhun Sultanov üzdə qaldı, tanındı. Hər məşqçi milliyə bir nəfə yetişdirsə, böyük şeydir. Mən də 100 nəfərin peşəkar səviyyəyə yüksəlməsini istərdim, amma bu, mümkün deyil”.
Məşqçilik karyerası ərzində uşaq futboluna illərini vermiş həmsöhbətimiz hesab edir ki, validenylər potenisalı olmayan övladlarının futbolçu kimi yetişməsinə israr etməməlidirlər: "Mühit uşağı fərqli yerlərə çəkir. Kimini futbola, kimini təhsilə, kimini narkotikaya, kimini cinayətkar aləmə və s. Yəni, kimin gələcəkdə hansı mövqedə olacağı bəlli deyil. Valideyn yaxınlaşıb uşağını soruşanda həmişə açıq danışıram. Övladında istedad görməyəndə "Vaxtınızı burada boşa verməyin” söyləyirəm. Valideyn potenisalı olmayan övladının futbolçu olmasına israr etməməlidir. Peşəkar səviyyədə futbolçu kimi yetişmək üçün 50 faiz Allah tərəfindən verilən istedad olmalıdır. Biz də üzərinə 20-30 faiz qoyanda, həmin uşaq milli komanda səviyyəsində yetişir, Avropa standartlarına uyğun olur. Tanrıdan heç nə verilməyibsə, bizim 30 faizlə olacaq ortabab futbolçu ən yaxşı halda I divizionda və ya həvəskar liqada çıxış edəcək. Bunu da məsləhət görmürəm. Ciddi zədə alıb, əməliyyat olunanda 5-6 min manat lazımdır. Heç nə qazanmamısansa, həmin pulu haradan verəcəksən? İş-işdən keçəndən sonra çolaq qalmamaq üçün hər şey etmək haqda düşünsünlər.
V.Paşayev deyir ki, hazırda Azərbaycanda istedadlı uşaqlar yetərincədir, lakin onların yetişməsi məşqçilərin peşəkarlığından asılıdır: "Bizdə yaxşı uşaqlar var, onların üzərində işləmək lazımdır. Məşqçilərdən də çox şey asılıdır. Uşaq futbolu spesifik xüsusiyyətdir. Kateqoriya almaqla deyil. Bəzən baxıram ki, məşqçi uşağın üstünə elə pis qışqırır ki... Belə olanda uşaq nə öyrənsin? Qorxudan məşqin bitməsini gözləyəcək”.
Şamo Quliyev
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir