Azərbaycan klublarının Avropa kuboklarında itkisiz irəliləməsi Azərbaycan Premyer Liqasında 2017-2018 mövsümünün püşkatma vaxtına təsir edib. Bu barədə Sportnet.az-a Peşəkar Futbol Liqasının (PFL) baş direktoru Məlik Həsənov məlumat verib.
Onun sözlərinə görə, növbəti mövsümün püşkü avqustun ilk günlərində atılacaq. M.Həsənov hazırda çempionat iştirakçılarından yarısının avrokuboklara köklənməsi səbəbindən gözləmə mövqeyi tutduqlarını bildirib: "İlk növbədə, III təsnifat mərhələsinə neçə komandanın yüksələcəyini gözləyəcəyik. Biz klublarımızın qitə miqyasında uğurlu çıxışının marağındayıq. Təki belə davam etsinlər, püşkatmaya vaxt taparıq".
PFL rəsmisi çempionatın ilk turunun 12 - 13 avqustda olacağını da əlavə edib.
Qeyd edək ki, Avropa kuboklarında II təsnifat mərhələsinə iyulun 20-də yekun vurulacaq. III təsnifat mərhələsinin oyunları isə 25 - 27 iyulda və 1 - 3 avqustda keçiriləcək. Bundan sonra "pley-off" mərhələsinədək 2 həftəlik fasilə veriləcək.