Azərbaycanın daha bir klubu Avropa Liqasında mübarizəni dayandırıb. Sportnet.az-ın məlumatına görə, bu, Bakı "İnter"idir.
Zaur Svanadzenin baş məşqçi olduğu kollektivi Lüksemburqun "Fola Eş" komandası iki oyunun yekununda üstələyib. Səfər matçında "İnter" 1:4 hesabı ilə uduzub. Komandanın yeganə qolunu 70-ci dəqiqədə Pərdis Fərcad-Azad vurub. Bunadək meydan sahibləri 3 dəfə fərqləndiklərindən, qonaqlara daha bir qol vurmaq lazım gəlib. Lakin bunu gerçəkləşdirmək mümkün olmayıb. Əvəzində meydan sahibləri 4-cü qolu vuraraq, böyük hesablı qələbəyə nail olublar. "İnter" ilk görüşdə 1:0 hesabı ilə qalib gəlsə də, cavab oyununda 3 top fərqi ilə yenildiyi üçün Avroliqa ilə vidalaşıb.
Qeyd edək ki, daha əvvəl "Zirə" də Rumıniya "Astra"sına iki oyunun cəmində uduzaraq (1:3, 0:0), mübarizəni dayandırıb.