Sadıqov deyib: "Oyuna ciddi hazırlaşırıq. Bizim üçün vacib qarşılaşmadır. Qarşıda bizi Avropa çempionatının seçmə mərhələsi gözləyir. ABŞ yığması ilə oyun, ola bilsin, Bolqarıstan millisi ilə görüş öncəsi son yoxlama matçı oldu. Hərçənd avqustda da yoldaşlıq görüşündə qüvvəmizi sınaya bilərik. Vaxtımız çox azdır. Düzdür, klub səviyyəsində məşqlər etsək də, milli komandanın düşərgəsinə 2-3 aydan bir gəlirik. Ona görə də ABŞ millisi ilə oyuna ciddi yanaşırıq. Çalışacağıq ki, yaxşı oyunla yanaşı yaxşı nəticə əldə edək".
32 yaşlı müdafiəçinin sözlərinə görə, uzaq yol qət etmələrinə baxmayaraq, komandada əhval-ruhiyyə pis deyil: "Mövsümün sonudur deyə, müəyyən yorğunluğun olması təbiidir. Baş məşqçi Berti Foqtsun rəhbərliyi altında maraqlı və şən məşqlər keçirik. O, bizim yaxşı əhval-ruhiyyədə olmağımız üçün çalışır. Təbii ki, əsas diqqətimizi oyuna yönəltmişik. Yaxşı nəticə əldə etsək, əhvalımız daha da yaxşı olacaq".
Sadıqov bildirib ki, ABŞ yığmasının millimizə qarşı hansı heyətlə oynayacağından xəbərsizdirlər. Dünya çempionatı öncəsi rəqib komanda 3-4 yoxlama görüşü keçirəcək. Millimizin kapitanı meydana hansı futbolçunun çıxmasından asılı olmayaraq, gərgin mübarizənin gedəcəyini vurğulayıb. Onun fikrincə, yığmamız üçün ən böyük problem 12 saatlıq fərqdir: "Dünya çempionatı ərəfəsində hər bir futbolçu baş məşqçinin etimadığını qazanmaq üçün çalışacaq. Bizim üçün ən böyük problem saat fərqinin olmasıdır. Zənnimcə, oyun gününədək uyğunlaşma prosesini aradan qaldırıb, matça tam yaxşı formada çıxacağıq”.
Qeyd edək ki, San-Fransiskodan keçiriləcək ABŞ - Azərbaycan matçı mayın 27-də saat 19:00-da (Bakı vaxtı ilə 28 may saat 7:00-da) başlanacaq.