Azərbaycan Premyer Liqasının 2017/2018 mövsümünün ilk turu nadir hadisə ilə əlamətdar olub.
Sportnet.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, çempionatda iştirak edən bütün komandalar startda qol sevinci yaşayıb. "Neftçi” – "Qarabağ” oyununda (1:3) dörd, "İnter” – "Qəbələ” (1:2), "Zirə” – "Səbail” (2:1) və "Sumqayıt” – "Kəpəz” (2:1) görüşlərində üç qol qeydə alınıb. 13 qolun vurulduğu 4 oyunda orta məhsuldarlıq 3,25-ə bərabər olub. Uduzan bütün komandaların 1 qol vurduğu turda 8 iştirakçının hər biri rəqib qapısına yol tapıb.
1992-ci ildən keçirilən Azərbaycan çempionatlarının 25 illik tarixində yalnız 1 dəfə belə hadisə - ilk turda bütün komandaların qol vurması qeydə alınıb. Bu da 5 il öncə yaşanıb. 2012/2013 mövsümünün ilk turunun baş tutan 5 matçında iştirak edən 10 komanda çempionata qolla start verib. "Neftçi” ilə "Bakı” arasında qarşılaşmanın təxirə salındığı I turda "Simurq” – "Qəbələ” (1:1), "Sumqayıt” – AZAL (2:2), "Kəpəz” – "Turan” (1:2), "İnter” – "Qarabağ” (1:1) və "Rəvan” – "Xəzər Lənkəran” (1:1) görüşlərində qapıçılar çərçivəsini toxunulmaz saxlamağı bacarmayıblar. Həmin vaxt təxirə salınıb, bir müddət sonra keçirilən qarşılaşmada da hər iki komanda fərqlənib – 1:1.