Azərbaycan Premyer Liqasında II turun "Kəpəz" - "Zirə" matçında iki komandanın məşqçiləri arasında insident yaranıb. Sportnet.az-ın məlumatına görə, hadisə 59-cu dəqiqədə baş verib.
"Zirə"nin baş məşqçisi Ayxan Abbasovla mübahisədə "Kəpəz"in məşqçisi Xaliq Mərdanov daha fəal olub. İnsidentin böyüməsinə dördüncü hakim Rəhim Həsənov imkan verməyib. Az sonra "Kəpəz"in baş məşqçisi Şahin Diniyev rəqib həmkarına yaxınlaşaraq, söhbət edib və beləliklə, ara sakitləşib.
Qeyd edək ki, oyun zamanı bir neçə dəfə futbolçular arasında da toqquşma yaşanıb. Məşqçilər arasındakı insidentdən əvvəl Şahin Diniyevin "Kəpəz"dəki futbolçu oğlu Kərim Diniyev Yovan Krneta ilə kəllə-kəlləyə gəlib. Onları komanda yoldaşları ayırıb.