
"Pis oynamırdıq. Birinci hissədə oyuna nəzarət bizim tərəfimizdə idi. Düünürdük ki, ikinci hissədə daha yaxşı çıxış edəcəyik. Əfsuslar olsun ki, buraxdığımız qoldan sonra rəqib bizi əks-hücumda yaxaladı. Uduzmağımıza baxmayaraq, oyundan o qədər də narazı deyiləm. Böyük problem görmürəm. Düşünürəm ki, oyunumuzu zamanla tapacağıq. Çünki yaxşı komandamız var”.
Sportnet.az-ın məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Samir Abasov "Zirə"yə səfərdə 1:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının III tur matçından sonra mətbuat konfransında deyib.
Gənc müyəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.
- Bugünkü oyunda qapıçı dəyişikliyi nə ilə bağlı idi?
- Mehdi Cənnətova da şans vermək lazımdır. Çünki sabah Fərhad Əliyev zədə ala bilər. Bugünkü yenilgiyə görə qapıçını günahlandırmaq olmaz. Komandamız oyununu tapa bilmirik. Bunu oyunçuların keyfiyyəti ilə əlaqələndirməzdim.
- Əsasnaməyə görə, protokola 23 futbolçunun adını daxil edə bilərsiniz. Amma siz yenə də matçın iştirak ərizəsində 18 nəfəri qeyd edirsiz...
- Olan futbolçumuz budur. Əvəzedicidən oyunçuları gətirib yalandan ehtiyatda oturmağın mənası yoxdur. Futbolçu baxımından problem çəkmirik.