Sportnet.az AFFA yanında Media Komitəsinin qalib elan etdiyi "Azərbaycan Premyer Liqası klublarında fəaliyyət göstərən kadrlar və onların hazırlanması" layihəsinin icrasını davam etdirir. Altıncı yazının mövzusu əsas komandaların baş məşqçiləridir...
Azərbaycan Premyer Liqasında çıxış edən 8 komandadan "Qəbələ” və "İnter” istisna olmaqla, digərlərinin baş məşqçiləri yerli mütəxəssislərdir. Bir klubda ən çox staja malik olan şəxs Qurban Qurbanovdur. O, 2008-ci ildən "Qarabağ”a rəhbərlik edir. Sonuncu təyinat isə "Səbail”də gerçəkləşib. Debütant bu ilin may ayında Samir Əliyevə həvalə olunub. Elitanın ən yaşlı məşqçisi Zaur Svanadze (59), ən cavanı isə Ayxan Abbasovdur (36).
Qurban Osman oğlu Qurbanov
Doğum tarixi: 13.04.1972
Doğum yeri: Zaqatala rayonu, Aşağı Tala kəndi
Vətəndaşlıq: Azərbaycan
Klub: Qarabağ (Ağdam)
Futbolçu karyerası (hücumçu)
1990-1991 "Daşqın” (Zaqatala) 54 oyun (24 qol)
1991-1992 "Alazani" (Qurcani, Gürcüstan) 17 (4)
1992-1993 "Daşqın” (Zaqatala) 39 (24)
1993-1995 "Turan” (Tovuz) 39 (12)
1995-1996 "Kür-Nur” (Mingəçevir) 12 (4)
1996 "Turan” (Tovuz) 15 (9)
1996-1998 "Neftçi” (Bakı) 43 (43)
1998 "Dinamo” (Stavropol, Rusiya) 39 (17)
1999 "Fakel” (Voronej, Rusiya) 12 (8)
1999 "Baltika” (Kalininqrad, Rusiya) 14 (1)
2000-2001 "Fakel” (Voronej, Rusiya) 25 (2)
2001-2002 "Neftçi” (Bakı) 14 (9)
2002 "Fakel” (Voronej, Rusiya)28 (7)
2003 "Volqar” (Astarxan, Rusiya) 21 (0)
2003-2005 "Neftçi” (Bakı) 27 (14)
2005-2006 "İnter” (Bakı) 3 (1)
Milli komanda
2003 Azərbaycan U-21 3 (3)
1992-2005 Azərbaycan 67 (14)
Məşqçi karyerası
2006-2007 "Neftçi” (Bakı)
2008 — h.h. "Qarabağ” (Ağdam)
13 aprel 1972-ci ildə Zaqatalanın Aşağı Tala kəndində dünyaya gələn Qurban Qurbanov futbolçu karyerası ərzində Azərbaycanın "Daşqın", "Turan","Kür-Nur", "Neftçi", "İnter", Gürcüstanın "Alazani", Rusiyanın "Dinamo", "Fakel", "Baltika" və "Volqar" klublarında çıxış edib.
17 iyul 1992-ci ildə Azərbaycan millisinin heyətində ilk oyununda çıxıb. Gürcüstan yığması ilə qarşılaşmanın 46-cı dəqiqəsində qardaşı Musa Qurbanovu əvəzləyib. Qurban bəyin qardaşının adını daşıyan oğlu Musa hazırda "Neftçi” klubunun U-16 komandasının üzvüdür. Qurbanov 2005-ci ilədək Azərbaycan millisinin heyətində 67 oyun keçirib və 14 qol vurub. Yığmanın bombardiridir. O, 2006-cı ildə futbolçu karyerasını başa vurub və həmin il Bakının "İnter" klubunun idman direktoru vəzifəsində çalışıb.
Baş məşqçi kimi çempionatda debütü 2006-cı il avqustun 8-nə təsadüf edib. Həmin gün onun rəhbərlik etdiyi "Neftçi” öz meydanında "Gənclərbirliyi”ni darmadağın edib – 6:1.
2006 - 2008-ci illərdə "Neftçi" klubunda baş məşqçi və idman direktoru vəzifələrini tutub. 2008-ci ildən indiyə kimi "Qarabağ" Ağdam klubunun baş məşqçisidir.
Qurbanov futbolçu kimi dördqat (1993/1994, 1996/1997, 2003/2004, 2004/2005) Azərbaycan çempionu və gümüş mükafatçısıdır (1994/1995). İki dəfə Azərbaycan Kubokunu qalibi olub (1996/1997, 2003/2004).
1996/1997 mövsümündə Azərbaycan Premyer Liqasının bombardiri olub, 2003-cü ildə ölkədə ilin futbolçusu seçilib.
Məşqçilik karyerasına gəlincə, 2013/2014, 2014/2015, 2015/2016, 2016/2017 mövsümlərində Azərbaycan çempionu, 2008/2009, 2014/2015, 2015/2016, 2016/2017 mövsümlərində isə ölkə kubokunun qalibi olub. Həmçinin 2006/2007 və 2012/2013-də gümüş, 2009/2010 və 2010/2011mövsümündə isə bürünc medala layiq görülüb.
Qurbanovun rəhbərlik etdiyi "Qarabağ” son üç ildə ardıcıl olaraq Avropa Liqasının qrup mərhələsində çıxış edib. 2017/2018 mövsümündə isə onun rəhbərlik etdiyi Ağdam təmsilçisi Çempionlar Liqasının qrupuna düşməklə Azərbaycan futbolu adına tarixi uğura imza atıb.
2011-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Əməkdar məşqçi adına layiq bilinib. 2009, 2010, 2011, 2013, 2014, 2015 və 2016-cı ildə "Komanda" qəzetinin versiyasına əsasən ilin məşqçisi seçilib. 2013, 2014 və 2016-cı illərdə İdman Araşdırmalar Mərkəzinin ilin baş məşqçisi mükafatı ilə təltif edilib. Bu sorğuda 2014-cü ildə bütün idman jurnalistləri tərəfindən ən yaxşı baş məşqçi sayıldığından, Qurbanova peşəkar boksçu Fariz Məmmədov tərəfindən mütləq çempion kəməri təqdim olunub.
Roman İosifoviç Qriqorçuk
Doğum tarixi: 22.03.1965
Doğum yeri: Ukrayna, Kolomiya rayonu, Korniç kəndi
Vətəndaşlıq: Ukrayna
Klub: Qəbələ
Futbolçu karyerası (hücumçu)
1988-1994 "Prikarpatye” (Ukrayna) 139 (55)
1994-1995 "Sankt Pelten” (Austriya) 3 (0)
1995 "Petroximiya” (Polşa) 14 (3)
1995-1996 "Krivbass” (Ukrayna) 26 (10)
1996-1997 "Saturn” (Rusiya) 29 (9)
1998-2000 "Dinaburq” (Latviya) 63 (30)
Məşqçi karyerası
1998-2005 "Dinaburq” (Latviya)
2005-2009 "Ventspils” (Latviya)
2009-2010 "Metallurq” (Ukrayna)
2010-2014 "Çernomorets” (Ukrayna)
2015-h.h. "Qəbələ"
22 mart 1965-cı ildə Ukraynanın Kolomiya rayonunun Korniç kəndində doğulan Roman İosifoviç Qriqorçuk İvano-Frankovsk vilayətinin təmsilçisi olan "Prikarpatye" futbol klubunda 3 il çıxış etdikdən sonra ölkə xaricinə yollanıb. Əvvəlcə Avstriyanın "Sankt Polten", sonra isə Polşanın Plotsk şəhərini təmsil edən "Petroximiya" (hazırkı "Visla”) klublarında çıxış edib.
Plotsk təmsilçisi ilə yollarını ayırdıqdan sonra vətənə dönən Qriqorçuk 1 il Krivoy Roqu təmsil edən "Krivbass”ın fomasını geyinib. 1996-1997 mövsümündə isə Ramenskoye təmsilçisi "Saturn"un heyətində Rusiya çempionatında top qovub. 1998-ci ildə Latviya "Dinaburq”una yollanıb. İki il Latviya çempionatında çıxış etməklə yanaşı, həm də məşqçilik karyerasında addımlamağa başlayan Qriqorçuk peşəkar futbolçu karyerasını da bu klubda sonlandırıb.
2000-ci ildə "Dinaburq"da köməkçi-məşqçilikdən baş məşqçisi postuna təyin olunub. 2001-ci ildə "Dinaburq"u Latviya Kubokunun finalına yüksəltməyi bacarsa da, həlledici görüşdə "Skonto”ya uduzub - 0:2.
2005-ci ildə "Ventspils”in baş məşqçisi təyin edilib. Bu klubla debüt mövsümündə Latviya çempionatının bürünc medalını və Latviya Kubokunu qazanıb. 2006-cı ildə isə komandanı Latviya çempionu etməyi bacarıb. Bir il sonra Ventspils”lə "qızıl dubl” edib. 2008-ci ildə komandanı ardıcıl 3-cü dəfə Latviya çempionu etməyi bacaran Qriqorçuk ölkə kubokunun finalında uduzub.
Bu nəticələrinə görə 3 dəfə Latviyada ilin məşqçisi adına layiq görülüb. O, 2009-cu ilin avqustunda qarşılıqlı razılaşma əsasında komandadan ayrılıb.
Qriqorçuk 2009-cu ilin oktyabrında Ukrayna "Metallurq”unun baş məşqçisi təyin olunub. 16 noyabr 2010-cu ildə Ukrayna çempionatının 2-ci divizionuna düşmüş Odessa təmsilçisi "Çernomorets” klubunun rəhbərliyi İqor Nakoneçnidən boşalan baş məşqçi postuna Roman Qriqorçuku gətirib.
Qriqorçuk bu komanda ilə divizionda 2-ci yeri tutub və "Çernomorets”i növbəti mövsüm yenidən Ukrayna Premyer Liqasına qaytarıb. 2012-2013 mövsümündə Odessa təmsilçisi Ukrayna Kubokunun finalına qədər irəliləsə də, "Şaxtyor”a uduzub – 0:3. Buna baxmayaraq, kubokun finalçısı kimi Avropa Liqasına vəsiqə qazanan "Çernomorets” tarixində ilk dəfə qrupa düşüb. Qrupda 2-ci yeri tutaraq daha bir uğura imza atan odessalılar 1/16 finala vəsiqə qazanıblar. Lakin bu mərhələdə Qriqorçukun komandası Fransa "Lion”una məğlub olub. 2014-cü ildə "Çernomorets”lə müqaviləsi başa çatan Qriqorçuk komandadan ayrılıb.
Bu uğurların ardından Azərbaycanın "Qəbələ”lə klubu ukraynalı mütəxəssisə təklif göndərib və Roman Qriqorçukla 18 dekabr 2014-cü ildə müqavilə imzalanıb. 1 yanvar 2015-ci ildən vəzifəsinin icrasına başlayan mütəxəssis mövsümün sonunda Qəbələ təmsilçisi ilə Azərbaycan Premyer Liqasının bürünc medallarını və avrokuboklarda iştirak hüququnu qazanıb.
"Qəbələ” 2015-2016 mövsümündaə Qriqorçukun rəhbərliyi altında tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Əyalət təmsilçisi C qrupunda Rusiyanın "Krasnodar”, Almaniyanın "Borussiya” və Yunanıstanın PAOK komandaları ilə qarşılaşmalar sonunda 2 xalla 4-cü yeri tutaraq mübarizəni dayandırıb.
Qriqorçukun rəhbərliyi ilə "Qəbələ” 2015-2016 mövsümünə də iddialı başlayıb. Xüsusən də doğma meydanında keçirdiyi oyunlarda rəqiblərə çətinliklər yaşadan klub evdə yalnız "Neftçi”yə məğlub olub. Çempionatın sonunda "Qəbələ” ardıcıl 3-cü dəfə (son ikisi Roman Qriqorçukun rəhbərliyi ilə) Azərbaycan Premyer Liqasının bürünc medallarını və avrokuboklarda iştirak hüququnu qazanıb.
Bu dəfə də Avropa Liqasının qrupuna düşən "qırmızı-qaralar” "Sent-Etyen" (Fransa), "Anderlext" (Belçika) və "Maynts" (Almaniya) ilə bütün oyunlarda məğlub olaraq, sonuncu yeri tutub.
Ukraynalı mütəxəssisin rəhbərlik etdiyi kollektiv 2016-2017 mövsümündə Premyer Liqanın gümüş medallarını əldə edib və ardıcıl 4-cü mövsüm ölkəni Avropa Liqasında təmsil etmək hüququ qazanıb. Lakin bu dəfə III təsnifat mərhələsində Yunanıstan "Panatinaikos"unu keçə bilməyərək, mübarizəni dayandırıb.
Ayxan Fərzux oğlu Abbasov
Doğum tarixi: 25.08.1981
Doğum yeri: Bakı
Vətəndaşlıq: Azərbaycan
Klub: "Zirə”
Futbolçu karyerası (müdafiəçi)
1996-1997 "Xəzri” (Buzovna) 1 (0)
1997-1998 U-18 19 (1)
1998-2001 "Şəfa” (Bakı) 63 (2)
2002 MOİK (Bakı) 8 (0)
2003-2004 "Şəfa” (Bakı) 23 (0)
2004-2005 "Turan” (Tovuz) 39 (2)
2006-2007 "İnter” (Bakı) 25 (0)
2007 MTK-Araz (İmişli) 2 (0)
2007-2011 "Qarabağ” (Ağdam) 49 (2)
2011-2012 "Turan” (Tovuz) 16 (0)
Milli komanda
2001-2002 U-21
Məşqçi karyerası
2016-h.h. "Zirə”
25 avqust 1981-ci ildə Bakıda dünyaya gələn Ayxan Abbasov karyerası ərzində "Xəzri”, MOİK, "Şəfa”, "MTK-Araz”, "Turan”, "İnter” və "Qarabağ” klublarında çıxış edib. Futbolçu kimi 2009 və 2011-ci illərdə Azərbaycan kubokunun qalibi olub.
2016-cı il dekabrın 27-də "Zirə”nin baş məşqçisi postunda köməkçisi olduğu Adil Şükürovu əvəzləyən Abbasovun rəhbərlik etdiyi kollektiv 2016/2017 mövsümündə Azərbaycan Premyer Liqasında 4-cü yeri tutaraq Avropa Liqasına vəsiqə qazanıb.
I təsnifat mərhələsində Lüksemburq "Differdanj”ını mübarizədən kənarlaşdıran "Zirə”, növbəti raundda Rumıniya "Astra”sı ilə bacarmayıb. Abbasovun baş məşqçisi olduğu komanda Azərbaycan Premyer Liqasının 207/2018 mövsümünə ardıcıl 3 qələbə ilə başlayıb və hazırda 9 xalla liderdir.
Zaur Aleksandroviç Svanadze
Doğum tarixi: 23.01.1958
Doğum yeri: Gürcüstan, Kutaisi
Vətəndaşlıq: Gürcüstan
Klub: "İnter”
Futbolçu karyerası (yarımmüdafiəçi)
1976-1980 "Torpedo” (Kutaisi, Gürcüstan) 158 (17)
1981-1989 "Dinamo” (Tbilisi, Gürcüstan) 245 (8)
1990 "Holemsund” (İsveç) 24 (1)
1991 "Umea” (İsveç)
1991-1992 "Mutala” İsveç
1993 "Malberqet” İsveç
1994-1995 "Ellivare” İsveç
Məşqçilik karyerası
1995-2000 "Ellivare” İsveç
2001-2003 "Lokomotiv” (Tbilisi, Gürcüstan) – məşqçi
2005-2006 "Dinamo” (Tbilisi, Gürcüstan) - məşqçi
2006-2008 Gürcüstan milli komandası – məşqçi
2008-2009 Gürcüstan U-19
2009-2011 Gürcüstan U-21 məşqçi
2012-2016 "İnter” (Bakı) – məşqçi
2015-h.h. "İnter” (Bakı)
SSRİ-nin idman ustası olan Zaur Svanadze 23 yanvar 1958-ci ildə Kutaisidə anadan olub. O, futbolçu karyerası ərzində vətənində "Torpedo” ilə "Dinamo”nun, eləcə də İsveçin "Holemsund”, "Umea”, "Mutala”, "Malberqet” və "Ellivare” klublarının formasını geyinib.
"Ellivare”də futbolçu karyerasını başa vuran Svanadze 5 il bu komandanın baş məşqçisi olub. 2000-ci ildə Gürcüstana qayıdan mütəxəssis "Lokomotiv”də işləməyə başlayıb və Kaxaber Tsxadadzenin köməkçisi olub. Daha sonra onunla birgə "Dinamo”ya keçib.
2006 - 2008-ci illərdə Gürcüstan millisində Klaus Topmöllerin köməkçilərindən biri olub. Daha sonra ölkənin U-19 yığmasının baş məşqçisi təyin edilib, ardınca U-21-də köməkçi-məşqçi qismində fəaliyyət göstərib.
2012-ci ildən Bakı "İnter”ində Kaxaber Tsxadadzenin köməkçisi kimi işə başlayıb. 5 iyun 2015-ci il tarixindən paytaxt təmsilçisinin baş məşqçisidir.
"İnter” Svanadzenn rəhbərliyi altında 2015/2016 mövsümündə Avropa Liqasının III təsnifat mərhələsinədək irəliləyib, burada İspaniya "Atletik”i ilə bacarmayıb. Ardından Azərbaycan Premyer Liqasında 4-cü yeri tutan "İnter” ötən mövsümün bürünc medalçısıdır. Lakin bakılılar Avropa Liqasının II təsnifat mərhələsində Lüksemburq "Fola Eş”inə məğlub olub. Buna rəğmən, gürcüstanlı mütəxəssis "İnter”lə yeni bir illik müqavilə bağlayıb.
Samir Ramazan oğlu Abasov
Doğum tarixi: 01.02.1978
Doğum yeri: Sumqayıt
Vətəndaşlıq: Azərbaycan
Klub: Sumqayıt
Futbolçu karyerası (müdafiəçi)
1996-1997 "Viləş” (Masallı) 3 (0)
1998-1999 "Neftqaz” (Bakı) 9 (0)
1999-2001 "Şəfa” Bakı9 (0)
2002 "Şahdağ” 14 (0)
2003-2004 "Neftçi” (Bakı) 16 (0)
2004-2005 "Qarabağ” (Ağdam) 21 (2)
2005-2006 "Karvan” (Yevlax) 8 (1)
2006-2007 "Qarabağ” (Ağdam) 22 (0)
2007-2010 "İnter” (Bakı) 68 (4)
2010-2011 "Qarabağ” (Ağdam) 14 (0)
2011-2014 "Sumqayıt " 82 (3)
Milli komanda
2004-2010 Azərbaycan 46 (0)
Məşqçi karyerası
2015 - h.h. Sumqayıt
1 fevral 1978-ci ildə Sumqayıtda doğulan Samir Abasov futbolçu karyerası ərzindən "Viləş”, "Neftqaz”, "Şəfa”, "Şahdağ”, "Neftçi”, "Qarabağ”, "Karvan”, "İnter” və "Sumqayıt”ın formasını geyinib. O, 2003/2004 ("Neftçi") və 2007/2008 ("İnter") mövsümlərində Azərbaycan çempionu olub. 2003/2004 mövsümündə Azərbaycan kubokunun finalında "Neftçi”yə "Şəmkir” üzərində qələbə qazandıran yeganə qolun müəllifidir. 2005/2006 ("Karvan") və 2008/2009 ("İnter") mövsümlərində ölkə çempionatının gümüş medalını əldə edib.
Məşqçilik karyerasına "Sumqayıt”ın əvəzedici komandasında başlayan Abasov 2015-ci il oktyabrın 5-də əsas komandada Aqil Məmmədovu əvəzləyib. Komanda onun rəhbərliyi altında son iki mövsümü müvafiq olaraq, 8 və 6-cı pillələrdə başa vurub.
Samir Yaqub oğlu Əliyev
Doğum tarixi: 14.04.1979
Doğum yeri: Ermənistan SSRİ, Kalinino
Vətəndaşlıq: Azərbaycan
Klub: "Səbail"
Futbolçu karyerası (hücumçu)
1996/1997 U-18 29 (7)
1997 "Bakılı” Bakı 1 (0)
1997-1999 MOİK (Bakı) 35 (18)
1999-2002 "Neftçi” (Bakı) 55 (13)
2002-2004 "Volın” (Ukrayna) 33 (11)
2004 "Uralan” (Rusiya) 13 (4)
2004-2005 "Xəzər Lənkəran” 42 (24)
2005-2006 "İnter” (Bakı) 21 (11)
2007-2010 "Neftçi” (Bakı) 47 (8)
2010-2011 "Simurq” (Zaqatala) 21 (3)
2011-2012 "Turan” (Tovuz) 2 (0)
Milli komanda
1997-2007 Azərbaycan31 (2)
14 aprel 1979-cu ildə Kalininoda dünyaya gələn Samir Əliyev karyerası ərzində U-18, "Bakılı”, MOİK, "Neftçi”, "Volın”, "Uralan”, "Xəzər Lənkəran”, "İnter”, "Simurq” və "Turan”da çıxış edib.
Azərbaycan Premyer Liqasının gümüş (2000/2001, 2004/2005 və 2006/2007) və bürünc (1998/1999, 1999/2000, 2005/2006, 2007/2008) mükafatçısı, ölkə kubokunun qalibidir (1998/1999).
2002-ci ildə "Futbol+” qəzetinin versiyasına əsasən Azərbaycanın ən yaxşı futbolçusu seçilib.
2012-ci ildə "Neftçi”nin əvəzedici komandasında məşqçiliyə başlayıb. 4 iyun 2015-ci il tarixində əsas komandanın sükanı arxasında Arif Əsədovu əvəzləsə də, elə həmin il noyabr 14-də postunu Əsgər Abdullayevə təhvil verib. Bundan sonra köməkçi məşqçi və əvəzedicinin baş məşqçisi kimi çalışan 38 yaşlı mütəxəssis 10 may 2017-ci ildən "Səbail”ə rəhbərlik edir.
Şahin Xudakərim oğlu Diniyev
Doğum tarixi: 12.07.1966
Doğum yeri: Beyləqan rayonu
Vətəndaşlıq: Azərbaycan
Klub: Kəpəz
Futbolçu karyerası (yarımmüdafiəçi)
1984 "Avtomobilist” (Mingəçevir) 32 (4)
1985-1986 "Gənclik” (Bakı) 46 (7)
1987 "Neftçi” (Bakı) 0 (0)
1987-1989 "Kəpəz” (Gəncə) 62 (13)
1989 "Nistru” (Moldova) 7 (1)
1990 "Fakel” (Rusiya) 10 (0)
1990-1991 "Dinamo” (Gəncə) 55 (15)
1992-1993 "Terek” (Rusiya) 44 (7)
1994 "Hapoel Taybe” (İsrail) 24 (2)
1994-1996 "Beytar” (Tel-Əviv, İsrail) 40 (5)
1996-1997 "Fərid” (Bakı) 4 (0)
1997-1998 "Dinamo” (Bakı) 5 (0)
Milli komanda
1992-1996 Azərbaycan16 (0)
Məşqçi karyerası
1999-2000 U-16 və U-18
2000 "Şəfa”
2001 "Terek” (Rusiya)
2003-2004 "Qarabağ” (Ağdam)
2004-2005 "Kəpəz” (Gəncə)
2005-2007 Azərbaycan milli komandası
2009 "Terek” gənclər komandası(Rusiya)
2009 "Terek” (Rusiya) - baş məşqçi əvəzi
2010-2013 "Terek” (Rusiya) - məşqçi
2013-2014 "Rəvan” (Bakı)
2015 - h.h. "Kəpəz” (Gəncə)
12 iyul 1966-cı ildə Beyləqanda dünyaya gələn Şahin Diniyev karyerası ərzində Azərbaycanın "Avtomobilist”, "Gənclik”, "Kəpəz”, "Dinamo”, "Fərid”, Moldovanın "Nistru”, Rusiyanın "Fakel”, "Terek”, İsrailin "Hapoel Taybe” və "Beytar” klublarının formasını geyinib.
Məşqçilik karyerası ərzində Azərbaycanın əsas yığmasına da rəhbərik edən Diniyev 2003/2004 mövsümündə "Qarabağ”la bürünc medal qazanıb. O, 21 may 2015-ci ildən "Kəpəz”in baş məşqçisidir. Gəncə təmsilçisi Diniyevin rəhbərliyi dönəmində iştirak etdiyi son iki Azərbaycan çempionatında 5-ci yeri tutub.
2016/2017 avrokubok mövsümündə Azərbaycanı Avropa Liqasında təmsil edən "Kəpəz” I təsnifat mərhələsində Moldova "Daçiya”sını mübarizədən kənarlaşdırsa da, növbəti raundda Avstriya "Admira”sı ilə bacarmayıb.
Diniyevin iki oğlu peşəkar futbolçudur. Kərim "Kəpəz”in, Coşqun isə "Qarabağ”ın formasını geyinir.
Qeyd edək ki, "Neftçi”də hazırda baş məşqçi postu vakantdır. Komanda müvəqqəti olaraq Elşad Əhmədova həvalə olunub.
Şamo QULİYEV
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir