Azərbaycan Premyer Liqasının 5-ci turu çərçivəsində keçirilən "İnter" - "Sumqayıt" (1:1) oyunundan sonra qonaqların baş məşqçisi Samir Abasov mətbuat konfransında iştirak edib. Sportnet.az-ın məlumatına görə, təcrübəli mütəxəssis ilk olaraq oyun haqqında danışıb.
- Xeyli qol vəziyyətimiz olsa da, sönük oyun keçdi. Bu saata oyun salan adam fikirləşməldir ki, meydanda 22 nəfər insan balası oynayır. İsti olduğu üçün futbolçulara irad bildirməyə də utanırdım. Qol vurmaq üçün xeyli imkanımız olsa da, yararlana bilmədik və "İnter" ən qorxduğumuz amildən, standart vəziyyətdən istifadə edərək qol vurdu . Heç-heçə ilə razı olsaq da, qələbə qazana biləcəyimiz oyun idi. Qarşıdakı oyuna hazırlaşacağıq.
- Ümumiyyətlə, oyunun bu saata keçirilməsi ilə bağlı PFL-ə müraciət etmişdinizmi?
- Xeyr, bu, ev sahibi komandasının öhdəsinə düşən məsələdi. Hava normal futbol oynamağımıza imkan vermədi.
- Sağ cinahda taktiki dəyişiklik etdiniz və Cavid Tağıyevi ora atdınız...
- Sadəcə, həddindən artıq hücuma atıldıq, qol vurmaq istədik. Tural Axundov bir qədər aşırı irəli getdiyi üçün, mərkəz müdafiəçilərimizdən biri o mövqeni bağlamalı idi. Ümumiyyətlə, hansısa mövqenin zəif çıxış etməsindən narazı deyiləm. Ən böyük problemimiz qol imkanlarından yararlana bilməməkdi.