Azərbaycan Premyer Liqasının 5-ci turu çərçivəsində keçirilən "Neftçi" - "Zirə" (1:2) oyunundan sonra meydan sahiblərinin futbolçusu Uqo Barqas brifinq keçirib. Sportnet.az-ın məlumatına görə, jurnalistlərin suallarını cavablandıran futbolçu ilk olaraq oyun haqqında danışıb.
- Ev oyununda növbəti dəfə məğlub olmaq çox üzücüdür. Buna baxmayaraq, gəlin pozitiv məqamları yadda saxlayaq. Çünki bu oyunda daha çox top saxladıq, hücumlar etdik və rəqib qapısı qarşısında xeyli epizodlar yaratdıq. Bunları daha da çoxaltmaq lazımdır. Yeni gələn məşqçi ilə hər şeyi sıfırdan başlayırıq. Bir neçə gün əvvəl məşqlər də etdik. Taktiki və fiziki məşqləri keçmişik. İnanıram ki, növbəti oyunlarda daha yaxşı oynayaraq qələbələr qazanacağıq.
- Əksər mütəxəssislər düşünür ki, "Neftçi"nin məğlub olmağının əsas səbəbi legionerlərin səviyyəsinin aşağı olmasıdır. Bu fikirlə razısınız?
- Bu fikirlə razı deyiləm. Bütün xarici oyunçular hər oyun meydançada əllərindən gələni etməyə çalışırlar. Biz bir qrupuq, ailəyik. Ona görə də, heç vaxt ayrıseçkilik etmək olmaz ki, legionerlər səviyyədən aşağı çıxış edirlər. Uduzanda da, udanda da hamımız birlikdəyik və bunlardan nəticə çıxarmalıyıq.
- Qış fasiləsindən sonra yığılan bu heyət çox yaxşı çıxış edərək, xal toplamışdı. Gözlənilirdi ki, bu mövsümə də o cür başlayasınız. Nə baş verdi?
- Doğru qeyd edirsiniz. Yanvar ayından sonra komanda xeyli xal toplamışdı. Buna baxmayaraq, çempionatı 7-ci yerdə bitirdik. Yayda deməzdim ki, yaxşı hazırlıq keçmədik və təlim-məşq toplanışları kifayət qədər olmadı. Əvvəl Bakıda, daha sonra isə Avstriyada hazırlaşdıq və yoldaşlıq oyunları keçirdik. Sadəcə olaraq komandada atmosfer yaxşı deyildi, dəyişikliklər lazım idi.
- Hansı mənada atmosfer yaxşı deyildi? Futbolçularla məşqçilər heyəti arasında uçurum var idi ya necə?
- Ona görə, yaxşı deyildi ki, keçirdiyimiz yoldaşlıq oyunlarının nəticələri ürəyimizcə olmurdu. Bu da bizə pis təsir edirdi. Yoldaşlıq oyunları olmasına baxmayaraq, istədiyimiz oyunu göstərə bilmirdik. Artıq bunları geridə qoymalıyıq. İndi bizə yenni baş məşqçi gəlib və ona çox böyük hörmətlə yanaşırıq. Tərlan Əhmədov başda olmaqla hamımız əlimizdən gələni edəcəyik ki, uğurlu nəticələr qazanaq.
- Bu cürə köklü klubun lağ hədəfinə çevrilməyi nə vaxta kimi davam edəcək?
- Bu futboldur. Böyük klubların da enişli-yoxuşlu vaxtları olur. Biz də böyük klub olaraq, heç də yaxşı günlərimizi yaşamırıq. Ancaq sizi əmin edirəm ki, bundan sonra hər şey yaxşı olacaq. Hər oyundan sonra səhvlərimizdən nəticələr çıxarmalıyıq. Hər futbolçu özünü tənqid etməlidir ki, növbəti oyunlarda bunları təkrarlamayaq.
- "Neftçi"nin bu turda ilk qolunu vurduğunuza görə, sevinirsiniz yoxsa məyus olursunuz ki, indiyə qədər qol vura bilmirdik?
- Daha çox ona sevinərdim ki, mənim vurduğum qol komandama qələbə qazandırsın. Bu gün qələbə qazana bilmədik və buna görə də, vurduğum qola ürəkdən sevinə bilmədim. İnanıram ki, 4 turdan sonra vurduğumuz bu qol komandaya stimul verəcək.