Azərbaycan milli komandasının 1996-cı il Avropa çempionatının seçmə qrup mərhələsinin oyunlarını keçirdiyi Türkiyənin Trabzon şəhərindəki "Hüseyin Avnı Aker" stadionu baxımsız vəziyyətə düşüb. Sportnet.az-ın məlumatına görə, yaxın vaxtlarda stadionun sökülməsinə başlanılacaq.
Onun yerində park və kiçik mədəniyyət mərkəzi salınacaq.
Bu arenada "Trabzonspor" klubu 1951-ci ildən 2017-ci il yanvarın 26-dək ev oyunlarını keçirib. Hazırda bu komanda rəqiblərini Şenol Güneş İdman Kompleksində qəbul edir. Əvvəlki stadionu "Trabzonspor"a qazandırmaq üçün böyük əmək sərf etmiş Hüseyin Avnı Akerin adı da unudulmağa başlayıb. Aker Trabzonun ilk bədən tərbiyəsi müəllimi olub. O, kluba öz ərazisini baza tikintisi üçün bağışlayıb. "Trabzonspor" Şenol Güneş İdman Kompleksinə hansısa sponsorun adını versə, Avnı Aker tam unudulacaq.
Akerin ailəsi klubun vəfasızlığından şikayətlənib. Mərhumun qardaşı oğlu Cem Aker kluba böyük yaxşılıqlar etmiş əmisinin məzarının belə klub rəsmiləri tərəfindən ziyarət olunmadığını söyləyib. O, belə hərəkəti "Trabzonspor"a yaraşdırmadığını vurğulayıb.
Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələlər tarixində ilk xalını məhz "Hüseyin Avnı Aker" stadionunda qazanıb. AVRO-1996-nın seçmə tsiklinə təsadüf edən görüşdə Kazbek Tuayevin baş məşqçi olduğu komanda Polşa ilə heç-heçə edib - 0:0.