"Neftçi" komandasının futbolçusu Rəşad Sadiqov Azərbaycan Premyer Liqasının VI turunda səfərdə "Qəbələ"yə 1:2 hesablı məğlub olduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportnet.az həmin müsahibəni təqdim edir:
- Oyunla bağlı nə deyə bilərsiniz?
- "Qəbələ" səfəri həmişə ağır olur. Düzdür, bu komandada oynasam da rəqiblər üçün çətinlik yaradırlar. Buna baxmayaraq, oyunumuz pis alınmadı. Əlbəttə, iki top buraxmağımız pis oldu. Yenə də toparlanıb bir qol vurduq. Başqa şanslarımız olsa da, bəxtimiz gətirmədi.
- Birincu hissədə "Qəbələ"nin bəxti gətirsəydi, hesab daha böyük ola bilərdi...
- Adi səhvlərdən qollar buraxdıq. Rəqib bizi əks-hücumda tutub qol vurdu. Hansısa kombinasiyalı hücumları olmadı. Bizim xətalarımızdan fərqləndilər. İnanıram ki, Tərlan Əhmədov komandanı düzəldəcək. Çətinliklər çoxdur. Kollektivin üzərində çox işləyirlər.
- "Neftçi"də çatışmayan cəhətlər hansılardır?
- Komandanın psixoloji durumu çox zəifdi. Əsas səbəb budur. Ard-arda 3-4 oyun məğlub olanda futbolçularda psixoloji gərginlik yaranır. Məşqçilər bunun üzərində işləyirlər.
- Komandanın bu vəziyyətdə olduğunu bilə-bilə "Neftçi"yə nə yaxşı gəldiniz?
- Gəldim ki, komandaya kömək edim. Təklif Tərlan müəllimdən gəldi. Bu yerdə olmaq "Neftçi" üçün doğrudan da biabırçılıqdır. İnanıram ki, komanda bu durumdan çıxar.
- "Zirə"dən ayrıldıqdan sonra baş məşqçi Ayxan Abbasov sizi intizamsız adlandırmışdı...
- Bu barədə danışmışam. Olub, keçib. İntizamsızlıq etməmişdim. Sadəcə, xarakterimiz üst-üstü düşmürdü. Görüşdük, söhbət edib, ayrıldıq.
- "Zirə"nin oyun taktikası ilə bağlı Abbasova iradınız olmuşdu?
- Xeyr, elə bir şey olmayıb. Roman Qriqorçukdan, Tərlan Əhmədovdan, Ağasəlim Mircavadovdan da soruşa bilərsiniz. Elə bir şey ola bilməz ki, taktika ilə bağlı baş məşqçiyə nəsə deyim. Heç bir klubda belə hərəkət etməmişəm, etmərəm də. Bu, xarakterimə uyğun deyil. Futbolçu kimi başımı aşağı salıb, işimi görürəm. Sadəcə, xarakterimiz üst-üstə düşmədiyindən, münaqişəyə girmək istəmədik və yollarımızı ayırdıq.
- Birinci dövrə başa çatır. Son oyunda qələbə qazana biləcəksinizmi?
- Bunun üçün çalışacağıq. Bu dəfə də qələbə qazanmasaq, bu durumdan nə vaxt çıxa bilərik ki? Ümid edirəm ki, komandamız qışdan sonra düzələcək. Qışa qədər xal yığmalıyıq ki, sonra bizə rahat olsun. Ondan sonra Avropa Liqasına vəsiqə üçün oynayarıq.