1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azarkeşə dəstək olan polis, hakimlərdən şikayət edən sürücü
Peşəkar Futbol Liqası (PFL) və Topazın birgə layihəsi olan jurnalistlərin bölgələrə səfəri çərçivəsində yolumuz Qəbələyə idi. PFL jurnalistlərə Topaz Premyer Liqasının XI turunun "Qəbələ” – "Səbail” matçını işıqlandırmaq imkanı yaratmışdı. Həmkarlarla bu səfər də yaxşı keçdi. Həmkarımız Hacı Mərdan matçın hesabını düzgün tapdı və mükafata layiq görüldü.
Oyuna gəlincə, X turda səfərdə "Zirə”yə məğlub olan "Qəbələ” yalnız 3 xalı düşünürdü. İlk dəqiqələr bir az sakit keçsə də, sonradan yerli komanda kəskin hücumlar qurmağa başladı və rəqibini 3 dəfə oyuna mərkəzdən başlamağa məcbur etdi. "Səbail”in isə yalnız təsəlli qoluna gücü çatdı. "Qəbələ”nin "Səbail”i məğlub edəcəyi real görünürdü. Komandaların hansı gücə malik olduğu oyun ərzində açıq-aşkar görünürdü. Düzü, bu oyunda elə də çox hadisə yaşanmadı.
***
Nə baş verdisə, növbəti gün "Kəpəz” - "Qarabağ” qarşılaşmasında oldu. Xoşbəxtlikdən, həmin matçda da iştirak etmək mənə nəsib oldu. Qəbələdə işimi yekunlaşdırdıqdan sonra Gəncəyə yola düşdüm. "Qəbələ” – "Səbail” matçından sonra taksi sürücülərinin telefon vasitəsilə futbol matçını izləməkləri diqqətimi çəkdi. Lakin onlar doğma komandalarının yox, "Sumqayıt” – "Keşlə” matçını izləyirdilər. Yola düşdükdən sonra sürücü ilə söhbət etdim. Bir çox azarkeş kimi, o da hakimlərdən narazı idi. Sürücü mənə "Necə olur ki, "Qarabağ”ı udan klub "Zirə”yə uduzur? Bu hakimlər nə vaxt düzələcək?" deyirdi. Mən isə sakitcə ona qulaq asırdım.
***
Ertəsi gün turun bəlkə də ən maraqlı keçən "Kəpəz” – "Qarabağ” matçını izləmək üçün Gəncə şəhər stadionuna yollandım. Oyunun başlamasına 1 saat qalmış stadionda media üçün nəzərdə tutulmuş yerdə əyləşdikdən sonra ora nəzarət edən polislər rahat olub olmadığımı dəfələrlə soruşdular. Sanki hər hansı jurnalistin onların yerli komandası olan "Kəpəz”in oyununu işıqlandırmaq zövq verirdi. Polislər arasında elələri var idi ki, hətta azarkeşləri aktiv olmağa səsləyirdilər. Bundan əvvəlki yazımda Bakcell Arena"da "Neftçi"nin azyaşlı azarkeşinə şillə vuran polisi tənqid etmişdim. Gəncədə isə vəzifəsinin öhdəsindən gələn, öz hüquqlarını bilən polislərimizin də olduğunu gördüm.
***
Gəncə şəhər stadionunda azarkeşlərin çoxluğu diqqət çəkirdi. Qarşılaşma başlamamışdan öncə Gəncə klubu azarkeşləri və şəhər icra hakimiyyəti adından Azərbaycan milli komandasına baş məşqçi təyin olunmuş Qurban Qurbanova gül dəstəsi təqdim olundu. Görüş başladıqdan sonra hər iki komanda qol vurmaq üçün irəli atıldı. 27-ci dəqiqədə mübahisəli epizod yaşandı. Yerli komandanın hücumçusu Viktor Oseqeyl "Qarabağ”ın qapıçısı İbrahim Şehiçlə təkbətək mübarizədə yerə yıxıldı. Baş hakim Rəhim Həsənov penalti versə də, daha sonra qərarını dəyişdi. Oseqeyl referiyə yaxınlaşaraq ona qarşı qayda pozuntusunun olmadığını bildirdi. Bunanla da o, çempionatımızda fair-play nümunəsi göstərən futbolçulardan birinə çevrildi.
Az sonra "Qarabağ” Elvin Yuniszadənin qolu ilə önə keçdi. Qonaq komanda iki dəqiqə sonra Miçelin qolu ilə rəqib qapısına yol tapdı. Matç da bu hesabla yekunlaşdı - 2:0.
Gəncə azarkeşləri hər zamankı kimi, hakimlərdən narazı olduqlarını söylədilər. Onların düşüncələrinə görə, bu matçda da komandalarının haqqı yeyildi. Matçdan sonra azyaşlı azarkeşlər Çempionlar Liqasında Azərbaycanı uğurla təmsil edən "Qarabağ”ın futbolçularını yaxından görmək, onlar ilə şəkil çəkdirməyə can atırdılar. Futbolçulardan Elvin Yuniszadə və Pedro Enrike onların bu istəyini gerçəkləşdirdi.
Təbriz QULİYEV
Bakı - Qəbələ - Gəncə - Bakı