Sportnet.az AFFA yanında Media Komitəsinin qalib elan etdiyi "Futbolumuzun tarixi: heç kim və heç nə unudulmur" layihəsinin icrasını davam etdirir. Yeddinci məqaləmiz "Azərbaycan Premyer Liqasının bombardirləri - onlar indi hardadırlar?” adlanır.
Müstəqillik dönəmində baş tutan 24 milli çempionatda 26 futbolçu bombardir adına layiq görülüb. Bu da 1995/96 və 2016/17 mövsümlərinə şərikli bombardirliyin qeydə alınmasından irəli gəlir. Nazim Əliyev hamından çox – 3 dəfə rəqiblərini qabaqlamağa nail olub. Zaur Ramazanov 2 dəfə anoloji uğura imza atıbsa, digərləri hərəyə 1 dəfə sərrastlıqları ilə ön plana çıxıblar.
N.Əliyev həm də bir mövsümdə ən çox – 39 qol vuran forvard kimi tarixə düşüb. Rauf Əliyevlə Filip Ozobiç isə ən az – 11 dəfə fərqlənərək, bombardir adına layiq görülüblər.
26 qolçudan 9-u legionerdir. Badri Kvaratsxeliyanın milliləşdirildiyini nəzərə alsaq, yaddeliləri 8 nəfər olaraq da hesabalaya bilərik.
Bombardirlərimizdən 7-si hazırda futbolçu karyerasını davam etdirir. Amma onlardan yalnız 4-ü indi də Topaz Premyer Liqasında top qovur.
Sərrastlar arasında qardaş olanlar da var. Söhbər Musa və Qurban Qurbanovlardan gedir. Qardaşlardan söz düşmüşkən, Valter Quqlemonla bağlı maraqlı bir faktı xatırlatmaq yerinə düşər. Bakı "İnter”i ilə Premyer Liqamızın bombardiri olan uruqvaylı forvard hazırda Fransa PSJ-nin liderlərindən sayılan Edison Kavaninin qardaşıdır.
Mövsüm
Futbolçu
Klubu
Qol
1992
Nazim Əliyev
"Xəzər”
39
1993
Samir Ələkbərov
"Neftçi”
16
1993/94
Musa Qurbanov
"Turan”
35
1994/95
Nazim Əliyev
"Neftçi”
26
1995/96
Rövşən Əhmədov
"Kəpəz”
23
Fazil Pərvərov
"Kəpəz”
23
1996/97
Qurban Qurbanov
"Neftçi”
34
1997/98
Nazim Əliyev
"Dinamo”
23
1998/99
Alay Bəhramov
"Viləş”
24
1999/00
Badri Kvaratsxeliya
"Şəmkir”
16
2000/01
Paşa Əliyev
"Dinamo-Bakılı”
13
2003/04
Samir Musayev
"Qarabağ”
20
2004/05
Zaur Ramazanov
"Karvan”
21
2005/06
Yakuba Bamba
"Karvan”
16
2006/07
Zaur Ramazanov
"Xəzər-Lənkəran”
20
2007/08
Xaqani Məmmədov
”İnter”
19
2008/09
Valter Quqlemon
"İnter”
17
2009/10
Fərid Quliyev
"Standard”
16
2010/11
Georgi Adamiya
"Qarabağ”
18
2011/12
Bahodir Nasimov
"Neftçi”
16
2012/13
Nikolas Kanales
"Neftçi”
26
2013/14
Reynaldo Silva
"Qarabağ”
22
2014/15
Nurlan Novruzov
"Bakı”
15
2015/16
Dani Kintana
"Qarabağ”
15
2016/17
Rauf Əliyev
"İnter”
11
Filip Ozobiç
"Qəbələ”
11
Nazim Əliyev. 5 aprel 1963-cü ildə Bakıda doğulan Əliyev qol vurmaq bacarığı hesabına bir neçə rekordu özündə saxlayır. O, milli çempionatlar tarixində hamıdan çox – 236 matçda 183 qola imza atıb. 1992-ci ildə Sumqayıt "Xəzər”i ilə debüt edən forvrd qollarından 93-nü bu klubda vurub. "Neftçi”də 42 dəfə rəqib qapısına yol tapan Əliyev , "Dinamo”da 25, "Qarabağ”da 23 dəfə fərqlənib.
Nazim bəy 1992-ci ildə - ilk milli çempionatda "Xəzər"in heyətində 39 qol vurmaqla bombardir olub. O, daha sonra 1994/95 mövsümündə "Neftçi" forması ilə 26, 1997/98 mövsümündə isə "Dinamo"nun üzvü kimi 23 dəfə fərqlənməklə anoloji uğura imza atıb.
2000-ci ildə futbolçu karyerasını başa vuran Əliyev məşqçiliyə başlayıb. Lakin əsasən köməkçi-məşqçi qismində çalışan biri kimi tanınır. O, "Qarabağ”, "Neftçi”, AZAL, Rusiyanın "Terek”, Azərbaycanın aşağı yaş qrupları üzrə milli komandalarında məşqçi kimi fəaliyyət göstərib. Hazırda "Səbail"in U-16 komandasının baş məşqçisidir.
Samir Ələkbərov. 8 oktyabr 1968-ci ildə Bakıda dünyaya gələn Ələkbərov bombardir tituluna 25 yaşında sahib çıxıb. O, 1993-cü ildə "Neftçi”nin heyətində 16 qol vurmaqla hamını qabaqlayıb.
Karyerasını 2001-ci ildə başa vuran Ələkbərov hazırda məşqçi qismində fəaliyyətini davam etdirir. Ötən ay 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi postundan ayrılan və qalmaqallı açıqlamaları ilə diqqət mərkəzinə düşən Samir bəy əvvəlki işinə qayıdıb. O, AFFA-nın təşəbbüsü ilə Bakıda açılıb, fəaliyyət göstərən "Mançester Yunayted” Futbol Məktəbində məşqçilik edir.
Musa Qurbanov. 30 noyabr 1964-cü il təvəllüdlü olan Musa bəy Zaqatalanın aşağı Tala kəndindəndir. O, 1993/94 mövsümündə 35 qol vurmaqla bombardirlik bacarığını nümayiş etdirib. Karyerasını başa vurandan sonra menecer qismində fəaliyyət göstərən Qurbanov bəzi futbolçuların "Qarabağ”a keçidində də rol oynayıb. Qurban Qurbanovun qardaşı hazırda I divizonda çıxış edən "Zaqatala” klubunun Müşahidə Şurasının sədridir.
Fazil Pərvərov – Rövşən Əhmədov. Hər ikisi Gəncədə, müvafiq olaraq 25 avqust 1969-cu və 18 yanvar 1968-ci ildə doğulub. Onlar 1995/96 mövsümündə hərəyə 23 qol vurmaqla şərikli bombardir olublar. Pərvərov bunu 26, Əhmədov isə 27 matçda bacarıb.
Təəssüf ki, gəncəli forvardların sonrakı taleləri də oxşardır. Pərvərov futbolla vidalaşandan sonra qadın geyimlərinin satışı ilə məşğul olub. Lakin ölkədə baş verən devalvasiyadan sonra müflisləşib. Hazırda işsizdir. Əhmədov isə futbolu fəhləliyə dəyişib. Hər ikisi Gəncədə yaşayır.
Qurban Qurbanov. Hazırda Azərbaycan futbolunun ən məşhur siması olan Qurban bəy 13 aprel 1972-ci ildə Zaqatalanın Aşağı Tala kəndində dünyaya gəlib. O, 1996/97 mövsümündə "Neftçi” forması ilə 34 qol vuraraq bombardir adına layiq görülüb. 2006-cı ildə futbolçu karyerasını başa vuran Qurbanov "İnter” və "Neftçi”də idman direktoru vəzifəsini tutsa da, sonradan məşqçki kimi öz damğasını vurdu. "Qarabağ”ı Çempionlar Liqasının qrup mərhələsinə çıxararaq tarix yazan təcrübəli mütəxəssis, indi həm də Azərbaycan millisinin baş məşqçisidir.
Alay Bəhramov. 1966-cı il 17 fevral tarixində dünyaya gələn 1998/99 mövsümündə bombardir olub. O, "Masallı”nın heyətində 2 fərqlənib. Karyerasını bitirəndən sonra futboldan uzaqlaşan Alay bəy hazırda Masallıda yaşayır. Şəxsi biznesi var.
Badri Kvaratsxeliya. 15 fevral 1965-ci ildə Gürcüstanın Salencix rayonunda dünyaya gələn Kvaratsxeliya milliləşdirilmiş yeganə bombardirdir. O, 1999/2000 mövsümündə "Şəmkir”in heyətində vurduğu 16 qolla ən sərrast futbolçu olub.
Məşqçiliyə başladıqda sonra ölkəmizdə "Standard”, "Turan Tovuz”u çalışdıran Kvaratsxeliya, ötən mövsüm "Şəmkir”in sükanı arxasında olub. Hazırda vətənində "Tsxinvali”nin U-19 komandasının baş məşqçisidir.
Paşa Əliyev. 2000/01 mövsümünün bombardiri olmaq üçün 13 qol kifayət edib. Əliyev "Dinamo-Bakılı”nın heyətində vurduğu qollarla hamını qabaqlayıb. Karyerasını bitirdikdən sonra "Bakı”da aşağı yaş qruplarında məşqçi kimi çalışan Paşa bəy Biləcəri "Lokomotiv”nin də sükanı arxasında olub. O, hazırda işsizdir.
Samir Musayev. 17 mart 1979-cu ildə dünyaya gələn Musayev 2003/04 mövsümünün bombardiridir. O, "Qarabağ” forması ilə 20 qol vuraraq tarixə düşüb. Samir bəy hazırda da Ağdam klubunun uğurları üçün çalışır. Veteran futbolçu aşağı yaş qruparı üzrə komandalarda məşqçi işləyir.
]
Zaur Ramazanov. 27 iyul 1976-cı ildə Bakıda doğulan Ramazanov 2 dəfə bombardirlik taxtına oturub. 2004/05 mövsümündə "Karvan”ın heyətində vurduğu 21 qolla 1-ci olan veteran hücumçu, 2006/07 mövsümündə "Xəzər Lənkəran”ın forması ilə rəqib qapılarına 20 dəfə yol tapıb.
Futbolçu karyerasını bitirdikdən sonra "Xəzər Lənkəran”da məşqçi və menecer qismində çalışan Ramazanov hazırda biznes sektorundadır.
]
Yakubu Bamba. 16 dekabr 1975-ci ildə Kot dİvuarda dünyaya gələn Bamba 2005/06 mövsümünün bombardiridir. O, "Karvan”ın heyətində 16 qol vurmaqla buna nail olub.
Hazırda vətənində yaşayan Yakubunun şəxsi futbol komandası var. Özü isə menecerliklə məşğuldur.
]
Xəqani Məmmədov. 29 sentyabr 1976-cı ildə Ermənistanın Masis rayonunda dünyaya gələn Məmmədov "İnter” (indiki "Keşlə”) forması ilə bombardir olub. O, 2007/08 mövsümündə 19 qol vurmaqla birinci yeri tutub.
Futbolçu karyerasını bitirdikdən sonra məşqçilik karyerasına başlayan veteran forvard "Qəbələ” və "İnter”in aşağı yaş qrupları üzrə komandalarına rəhbərlik edib. Ötən mövsüm "İnter”in U-19 komandasını çalışdıran Məmmədov hazırda "Səbail"in U-15-nin baş məşqçisidir.
]
Valter Quqlemon. 2008/09 mövsümünün də bombardiri "İnter”in (indiki "Keşlə”) futbolçusu olub. Məşhur Edison Kavaninin böyük qardaşı olan Valter 17 qolla hamını qabaqlayıb.
11 aprel 1978-ci ildə Uruqvayın Salto şəhərində dünyaya gələn Quqlemon hazırda Kavaninin meneceri kimi fəaliyyət göstərir.
Fərid Quliyev. 6 yanvar 1986-cı ildə dünyaya gələn Fərid 2009/10 mövsümünə damğasını vurub. O, tarixin yaddaşına köçən "Standard”ın heyətində 16 dəfə fərqlənərək, bombardir tituluna sahib çıxıb.
Karyerasını ötən yay başa vuran Quliyev məşqçi kursuna yazılıb.
]
Georgi Adamiya. 10 mart 1981-ci ildə Tbilisidə doğulan Adamiyanın karyerasının böyük hissəsi "Neftçi” ilə bağlı olsa da, o, "Qarabağ” forması ilə bombardir adını qazanıb.
Sabiq hücumçu 2010/11 mövsümündə 18 qol vuraraq, tarixə düşüb. Adamiya hazırda futbol sahəsində çalışmır, şəxsi biznesi var.
]
Bahodir Nasimov. 2 may 1987-ci ildə Səmərqənddə doğulan Nasimov 2010-2014-cü illərdə "Neftçi”də çıxış etdiyi dönəmdə bombardir olmağa macal tapıb. Özbəkistanlı forvard 2011/12 mövsümündə 16 dəfə fərqlənməklə buna nail olub.
O, hazırda Cənubi Koreyanın "Ansan Qrines” komandasının şərəfini qoruyur.
]
Nikolas Kanales. 2012/13 mövsümünün bombardiri də "Neftçi”nin futbolçusudur. Söhbət 27 iyun 1985-ci ildə Çilinin paytaxtı Santyaqoda doğulan Nikolas Kanalesdən gedir. O, 26 qolla bombardir taxtına əyləşib.
Bir müddət əvvəl vətənində "Temuko” klubudan ayrılan forvard hazırda atxarışdadır.
]
Reynaldo. "Qarabağ” azarkeşlərinin sevimlilərindən olan braziliyalı forvard 2013/14 mövsümündə 22 dəfə fərqlənməklə birinci yeri tutub.
Bir müddət əvvəl Türkiyənin "Adanaspor” klubundan ayrılan 28 yaşlı hücumçu hazırda axtarışdadır.
]
Nurlan Novruzov. 3 mart 1993-cü ildə Bakıda doğulan forvard 201/15 mövsümündə bombardir adını qazanıb. O, "Bakı”nın heyətində 15 dəfə fərqlənməklə rəqiblərini qabaqlayıb.
Novruzov hazırda debütant "Səbail”in formasını geyinir.
]
Dani Kintana. 2015/16 mövsümündə də bombardir olmaq üçün 15 qol kifayət edib. Bunu isə hazırda da "Qarabağ”ın formasını geyinən ispaniyalı Kintana bacarıb.
]
Rauf Əliyev – Filip Ozobiç. Ötən mövsümün bombardirləri milli çempionatlar tarixində ən az – 11 qol vuraraq buna nail olublar. Özü də, Premyer Liqa tarixində 2-ci dəfə şərikli bombardirlik qeydə alınıb. "Keşlə”dən Əliyev 26, "Qəbələ”dən Ozobiç isə 27 oyuna 11 qol vurub.
26 yaşlı xorvatiyalı futbolçu hazırda da "Qəbələ”nin uğurları üçün çalışır. 28 yaşlı Rauf isə yayda Albaniyanın "Kukesi” komandasına keçib.
]
]
Şamo QULİYEV
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir