"Səbail"ın futbolçusu Vüqar Nadirov IV turdan təxirə salınmış və 0:2 hesabı ilə məğlub olduqları "Qarabağ"la ev oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir:
- İlk yarıda yaxşı mübarizə apardınız. Amma ikinci hissədə bu mübarizəni davam etdirməyiniz mümkün olmadı...
- "Qarabağ” kimi komandaya qarşı birinci hissədə yaxşı çıxış etdik. Şanslarımız da oldu. Dəyərləndirə bilərdik. Bu komandaya qarşı belə oynayırıqsa, "Səbail"in gələcəyinə ümid etmək olar.
- Meydanda aqressiv görünürdün. Bu, nə ilə bağlı idi?
- Aqressiv deyiləm. Hər bir oyunda çalışıram ki, istəkli çıxış edim. Qol vurmaq istəyirəm. Meydanı qolsuz tərk edəndə istər-istəməz pis oluram.
- "Qarabağ”a qarşı sanki başqa cür oynayırsan...
- Hər bir komandaya qarşı belə çıxış edirəm. Aqressiv oynamıram. Çalışıram ki, öz oyunumu sərgiləyim. Mən meydanda aqressivliyimlə seçilmirəm. Aqressiv olsam, hamı ilə dalaşaram. Orada aqressivlik heç nə yoxdur. 7 il "Qarabağ”da çıxış etmişəm. Hər bir klubda oynaya bilərəm. Hamıya qarşı eyni oyunu sərgiləyirəm.
- "Səbail”in futbolçularında nə çatmır: İstək, yoxsa ustalıq?
- Məncə, təcrübə çatmır. Hamı istəklidir. Hamısının necə mübarizə apardığını görürsünüz. Necə ürəklə qaçırlar, işləyirlər. Hər bir şey var. Amma təzə komandadır. 5 aydır çıxış edirik. Ümid edirəm ki, yaxşı olacaq. Hər şey birdən-birə olmur.
- "Səbail”dəki perspektivin barədə nə düşünürsən?
- Heç bir planım yoxdur. Klubla müqaviləm var. Karyeramı burada davam etdirirəm.