"Qarabağ"ı futbolçusu Elvin Yunuszadə IV turdan təxirə salınmış və "Səbail"i 2:0 hesabı ilə məğlub etdikləri səfər oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb...
Sportnet.az həmin müsahibəni təqdim edir:
- Birinci dövrədəki oyun kimi çətin olacağını bilirdik. Meydança çox ağır idi. Səfərdən gəlmişdik. Heyətdə böyük dəyişikliklər olsa da, komanda olaraq yorğunuq. Əsas 3 xal qazanmaqdır. Çempionatın ən vacib matçlarından biriydi. Axırıncı oyunda qalib gələrək, birinci dövrəni başa vurduq.
- Stadionda su çox idi? Futbolçular sürüşürdü...
- Sanki top qaçırdı. Ona görə biraz çətinlik çəkirdik. Doğma meydanda bundan yaxşı oynayırıq.
- Birinci hissə sanki biraz ağır keçdi. Bu nə ilə bağlıdır?
- Mən elə düşünmürəm. İki hissə də ağır keçdi.
- Birinci hissədə daha çox əziyyət çəkdiniz...
- Birinci hissədə futbolçular bir-biri ilə daimi oynamadıqları üçün əziyyət çəkdilər. Ona görə bir-birilərini başa düşmürdülər. İkinci hissədə hər şey qaydasına düşdü. Qollarımızı vurduq və qələbə qazandıq.
- İkinci yerlə 6 xallıq fərq yarandı. Bu barədə nə deyə bilərsən?
- Səhv eləmirəmsə, keçən il də belə vəziyyət oldu. Ancaq "Qəbələ” bizə çatdı. Buna baxıb rahatlaşmaq olmaz. Elə hazırlaşmalıyıq ki, sanki xal fərqi yoxdur. Düşünməliyik ki, rəqiblərdən geridəyik.
- Belə bir düşüncə var ki, "Qarabağ” Çempionlar Liqasını başa vurdu və komanda çempionatda hər oyun qələbə qazanacaq...
- Mən belə fikirləşmirəm. Elə düşünmək bizim ziyanımıza olar. Bizi istəməyənlər elə fikirləşir. Bu cür hallar bizi motivasiyadan salar. Hər oyuna yaxşı hazırlaşıb, ciddi oynamaq lazımdır.