
Sportnet.az AFFA yanında Media Komitəsinin qalib elan etdiyi "Futbolumuzun tarixi: heç kim və heç nə unudulmur" layihəsinin icrasını davam etdirir. Onuncu mövzumuzun qəhramanı Azərbaycan yığmasının sabiq hücumçusu Vadim Vasileyvdir...
"17 may 1972-ci ildə Maştağada anadan olmuşam. Mən də Baris Tibilovun yetirmələrindənəm. O, 9 yaşım olanda məni Buzovnadakı məktəbinə aparıb. Beləcə futbol həyatım başlayıb”, - Vasliyev söhbətə futbola necə gəlməsindən danışmaqla başlayır.
- Elə ilk klubunuz da Buzovna "Xəzri”si olub...
- Bəli, həmin vaxt klub "Xəzri-Eltac” olub. Klub 1992-ci ildə yarananda heyətə cəlb olunmuşam. Ancaq buna qədər Ukraynada debtü edə bilərdim. Ukraynada hərbi xidmətdə olanda məni "Poltava” komandasına cəlb etmişdilər. Amma AFFA-nın rəhmətlik prezidenti orada çıxış etməyimə icazə vermədi. Orada oyandığımı eşidən kimi, məktub göndərib, oynamağa qoymadı.
- Amma daha sonra yenidən Ukraynada oynamağa macal tapdınız. Dönüşünüz necə alındı?
- "Xəzri”də az oynadım. Bir müddət "Bakı fəhləsi”ndə çıxış etdim. 1993-cü ildə isə Ukraynada çıxış etmək variantı yarandı. "Medita” və Donetsk "Metallurq”unun formasını geyindim. Pis də alınmadı, çempionatda ümumilikdə 14 qol vurdum.
- Bəs, niyə orda möhkəmlənmədiz və Azərbaycana qayıtdınız?
- Mən Azərbaycan uşağıyam, burada yaşamaq istəyirdim. 1996-cı ildə Vətənə dönüb, "Bakı fəhləsi” ilə anlaşdım və 3 mövsüm bu komandanın formasını geyindim.
- Həmin dövrlərdə vurduğunuz qollarla yanaşı, daha çox imicinizə görə diqqət çəkirdiniz. Azarkeşlər uzun saçlı azərbaycanlı forvarda maraqlı gəlirdi...
- (gülür) Razıyam, həqiqətən elə idi. Saçıma görə hamı məni fərqləndirirdi. Meydanda tez tanıyırdılar.
- Oyun tərzinizə görə də fərqlənirdiniz. Həmin mövsümləri necə xatırlayırsınız?
- Qardaşım, pis oynamamışam axı. Yaxşı futbolçu olmuşam. 1997/98 mövsümündə 14, 1998/99 mövsümündə isə 19 qolla komandanın bombardiri olmuşam. Ümumilikdə isə 3 mövsümə 46 qolum var.
- Məhz buna görə "Neftçi”nin diqqətini çəkdiniz?
- Mən 1999-cu ildə "Neftçi”yə keçəndən sonra ilk mövsümdə çempionatda 9 qol vurdum. Təəssüf ki, sonrada Azərbaycan çempionatı dayandı. Ona görə də yenidən Ukraynaya getmək məcburiyyətində qaldım. Lakin 2003-cü ildə anlaşdığım "Tavriya”nın heyətində cəmi 3 oyun keçirdim. Şəxsi problemlərə görə vətənə dönməli oldum. Həm də artıq çempionat bərpa olunmuşdu. "Neftçi”yə gəldim. 2003/04 mövsümü mənim üçün uğurlu alındı. Çempionatda 19 oyuna 17 qol vurdum və ilk dəfə Azərbaycan çempionu oldum.
- Bəs, niyə gözlənilmədən "Qarabağ”a keçidiniz?
- Deməyəcəyəm (gülür).
- Aradan xeyli vaxt keçib. Səbəbini indi də açıqlamaq istəmirsiniz?
- Sadəcə, həmin söhbətlərə qayıtmaq istəmirəm. Əsas odur ki, "Qarabağ”da da yaxşı çıxış etdim. Çempionatda 28 matç keçirdim və 12 qol vurdum. Növbəti mövsümdə isə artıq "Bakı”da idim. Çox yaxşı mövsüm alındı, çempion olduq. Orda da əlimdən gələni etdim.
- Lakin artıq karyeranızda eniş başlamışdı. Yaş öz sözün deyirdi?
- 2006-cı ildə "Olimpik”ə keçdim. Amma orada elə də çox oynamaq imkanım olmadı. Daha sonra "Karvan”, ardınca "Standard”a keçdim. Ancaq orda baş məşqçi Valdas İvanauskasla problem yaşadım. Bu üzdən 2007/08 mövsümündə futbolsuz qaldım. Nəticədə karyeramı başa vurmağı qərara aldım.
- Karyeranınız bitirən kimi məşqçiliyə başladınız. 2008/09 mövsümündə "Xəzər Lənkəran”da İqor Ponomaryovun davamçılarından biri idiniz. Ancaq oradan ayrılandan sonra heç bir klubdan işləmədiniz. Səbəb nədir?
- Oxumağa, lisenziya almağa pulum yox idi. İndi B kateqoriyam var. Adətən bu işləri klublar təşkil edir. Mənim isə işim yox idi. Bu üzdən kənarda qaldım. Sonralar AFFA-a kömək etdi. "Mançester Futbol Məktəbi”ndə çalışdım. Ancaq ordan da çıxdım. Qısa müddətdə isə "Rəvan”da U-16 komandasında oldum.
- Bəs, indi nə işlə məşğul olursunuz?
- Allah Kazbek Tuayevin canını sağ eləsin. İşsiz olduğumu bilib, çağırdı. Onun futbol məktəbində işləyirəm. Hazırda Buzovnada 2003 – 2009 təvəllüdlü uşaqlara məşq keçirəm. Özüm başladığım yerə qayıtmışam. Futbolsuz yaşaya bilmərəm. Yəqin ki, "CBC Sport”un çəkdiyi "Xəzridən Xəzriyə” filminə baxısınız. Orada da fikirlərimi dedim. Buzovnada həmişə futbol olub. Küçədə, dəniz kənarında, harda oldu oynamışıq. İndi də yeni istedadları üzə çıxarmaq mümkündür.
- "Xəzri”ni geri qaytarmaq istəyirsiniz?
- Bəli, istəyirəm və bunu edəcəyəm də. Klubu bərpa edəcəyəm.
- Milli komandadı çıxışınızdan söz düşəndə, ilk yada düşən Slovakiya ilə oyunlar olur.2002-ci il dünya çempionatının seçmə mərhələsində bu rəqiblə hər iki matçda qol vurdunuz. Bakıdakı oyununuz isə daha yaxşı alınmışdı...
- Bilirsiniz, bəziləri yazır ki, Vadim milli üçün nə edib? Adama pis təsir edir. Slovakiyada penaltidən fəqlənsəm də, yekunda 1:3 uduzduq. Ancaq evdə inamlı qələbə qazandıq. Həm qol vurdum, həm məhsuldar ötürmə etdim. Tanışlar zarafatla deyir ki, qolu arxamla vurmuşam (gülür).
- 1999-cu ilin avqustunda UEFA Kubokunun I təsnifat mərhələsində "Neftçi”nin "Srvena Zvezda” ilə görüşünün də qəhrəmanı ola bilərdiniz. Lakin siz 65-ci dəqiqədə dubl edib komandanı 2:0 hesabı ilə önə çıxarsanız da, yekunda 2:3 uduzdunuz. Niyə belə alındı?
- Açığı, xatırlamaq istəmədiyim oyunlardandır. Çox məyus olmuşduq.
- Karyeranızda sizin üçün ən yadda qalan qol hansıdır?
- Slovakiyaya vurduğum.
- Bəs, ən baxımlısı?
- "Şəmkir”lə oyunda vurduğum bir qol var. Tərlan Əhmədov ötürmə verib, fərqlənmişəm.
- Gələcək hədəfləriniz nədir? Uşaq futboluna qalmaq istəyiriniz, yoxsa usta komandalarda işləmək isərdiniz?
- Millidə Qurban Qurbanovun yanında işləmək istərdim.
- Yığmada hücumçu problemi var. Niyə əvvəki səviyyədə forvardlar yoxdur?
- Çox ağrılı mövzudur. Demək olar ki, yaxşı hücumçumuz yoxdur. Ona görə də məktəb açmışam ki, uşaqlara qol vurmağı öyrədim. Tibilov bizə hər şeydən öncə qol vurmağı aşılayırdı.
- Səhv etmirəmsə, oğlunuz yolunuzu davam etdirir...
- Bəli, oğlum Timur futbolçudur. İndi 15 yaşı var. "Keşlə”də İlham Yadullayevin komandasındadır. Məndən yaxşı oyunçu olacaq. Boyu bir az da uzanacaq, əla hücumçu kimi yetişəcək. Bu sözümü xatırlayın. "Barselona” azarkeşidir. Həmin klubda da olub. Orada saxlamağa pulum çatmayıb.
- Messi və sizin kimi "10 nömrə” olacaq?
- Yox, "9 nömrə” olacaq. Qurban Qurbanov kimi...
- Başqa nəsə əlavə etmək istəmirsiz?
- Mənim kimi futbolçuları yaddan çıxarmayın...
Şamo QULİYEV
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir