Azərbaycan klublarının qış təlim-məşq toplanışı üçün Türkiyənin Antalya bölgəsinə axını başlayır. Sportnet.az-ın məlumatına görə, Topaz Premyer Liqasındakı komandalardan qardaş ölkəyə ilk olaraq, "Qəbələ" üz tutur.
"Qırmızı-qaralar" bu gün saat 09:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcəklər. Onların arasında yeni transfer Təmkin Xəlilzadə ilə yanaşı, əvəzedici heyətdən dəvət olunmuş Abbas Ağazadə, Faiq Hacıyev və Əmrah Zülfüqarlı da yer alacaq. Komandanı tərk edən Endi Hallideylə Deyv Bulthuis istisna olmaqla, digər legionerlər komandaya birbaşa Antalyada qoşulacaqlar.
"Qəbələ"nin hazırlığı iki hissədən ibarət olacaq. İlk mərhələ yanvarın 17-dək davam edəcək. Bu müddətdə Lara qəsəbəsindəki "Trendy Lara" otelində məskunlaşacaq "qırmızı-qaralar" üç yoxlama oyunu keçirəcək. Yanvarın 10-da rəqib Türkiyənin "Akhisar Bələdiyyəspor”, yanvarın 14-də Qazaxıstanın "Atırau", yanvarın 17-də isə İsveçrənin "Sürix” komandası olacaq.
Toplanışın ilk hissəsini başa vurduqdan sonra üçgünlük istirahətə buraxalacaq komanda yanvarın 21-də yenidən bir araya gələcək. "Qırmızı-qaralar” fevralın 3-dək davam edəcək hazırlıq prosesi müddətində daha 4 yoxlama görüşünə çıxacaqlar. "Qəbələ" yanvarın 24-də Makedoniyanın "Rabotniçki”, yanvarın 27-də Rusiyanın "Arsenal” (Tula), yanvarın 31-də Çexiyanın "Bohemians”, fevralın 3-də Makedoniyanın "Şkendiya” komandaları ilə üz-üzə gələcək.
Qeyd edək ki, "Qarabağ" da qış təlim-məşq toplanışını əvvəldən sonadək Antalyada keçirəcək. Ağdam komandası yanvarın 9-dan fevralın 4-dək qardaş ölkədə olacaq. Digər 6 klub isə bir müddət Bakıda hazırlıq keçdikdən sonra Türkiyəyə üz tutacaqlar.