1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
İfrat milliləşdirmə: Zərurətin gətirdiyi problemlər - LAYİHƏ
Sportnet.az AFFA yanında Media Komitəsinin qalib elan etdiyi "Azərbaycan futbolu ilə bağlı bütün sahələrdə yaşanan problemlərin araşdırılması və mümkün həlli yollarının göstərilməsi" layihəsinin icrasını davam etdirir. İkinci yazıda ifrat milliləşdirmə və zərurətin gətirdiyi problemlərdən söhbət açacağıq.
Azərbaycan futbolunda milliləşdirmə prosesinə AFFA-nın mərhum prezidenti Fuad Musayevin vaxtında - 1996-cı ildə Kazbek Tuayevin baş məşqçiliyi dövründə start verilib. 1992-ci il sentyabrın 17-də yaranan Azərbaycan milli komandası ilk illərdə yalnız yerli futbolçuların xidmətindən yararlansa da, nətiəcələrin ürəkaçan olmaması bu addımın atılmasını zəruri edib.
Tuayevin "dördlüy”ü, İdiqovla başlayan proses
Milliyyətcə osetin olan Tuayev Rusiyadan tanıdığı futbolçulara dəfət göndərməyə başlayıb. İlk olaraq, qapıçı Kazemir Qudiyev, müdafiəçi Deni Qaysumov, hücumçular Ruslan İdiqovla mərhum İbrahim Həsənbəyova dəvət göndərilib. Bu "dördlük” ilk rəsmi qələbəmizin - 1996-cı il sentyabrın 31-də İsveçrə yığmasını Tofiq Bəhramov adına Respublika stadionunda 1:0 hesabı ilə məğlub etdiyimiz görüşün iştirakçıları olublar.
İdiqov yığmamızda həm debüt edən, həm də qol vuran ilk milliləşmiş əcnəbidir. 1996-cı ilin fevralın 16-da Estoniya yığması ilə Kiprdə qolsuz bərabərliklə nəticələnən yoldaşlıq görüşündə siftə edən forvard, həmin il mayın 27-də Belarus yığması ilə 2:2 hesabı ilə nəticələnən yoldaşlıq görüşündə son qolu vurub.
Yeri gəlmişkən, millimiz martın 23-də Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yenidən yoldaşlıq oyununu keçirəcək.
11 ölkədən 50 futbolçu
Bu günə qədər Azərbaycanın əsas yığmasının formasını geyinən 47 əcnəbi futbolçu olub. Onlar yığmamıza gələnə qədər Rusiya, Almaniya, Braziliya, Ukrayna, Gürcüstan, İsveç, İspaniya, Nigeriya, Serbiya, Qazaxıstan və Latviya pasportları daşıyıblar. Lakin bu futbolçuların heç də hamısı əcnəbi deyil. Məsələn, Ramil Şeydayevlə Emin Mahmudov Rusiyada, Pavel Paşayev Ukraynada, Renat və Rüfət Dadaşovlar Almaniyada yaşayan azərbaycanlı ailələrinin övladlarıdır.
Rusiyadan gələnlərin sayı 20-dir. Bunlar Kazemir Qudiyev, Deni Qaysumov, Ruslan İdiqov, İbrahim Həsənbəyov, Narvik Sırxayev, Yuri Muzika, Daniel Axtyamov, Sergey Sokolov, Murad Hüseynov, Bədavi Hüseynov, Arif Daşdəmirov, Murad Ağayev, Rizvan Umarov, Abdulla Abatsiyev, Məhəmməd Mirzəbəyov, Məhəmməd Qurbanov, Emin Mahmudov, Ruslan Qurbanov, Şahrudin Məhəmmədəliyev və Ramil Şeydayevdir.
Ufuk Budak, Əli Gökdəmir, Cihan Özkara, Uğur Pamuk, Taşkın İlter, Rüfət Dadaşov, Renat Dadaşov, Pərdis Fərcad-Azad, Tuğrul Erat və Dəniz Yılmazın yer aldığı "10-luq” Almaniya futbol məktəbinin yetirmələridir. Yalnız sonuncu Türkiyədə çıxış etdiyi dönəmdə millimizə dəvət alıb.
Yığmamızda çıxış edən Ukrayna vətəndaşlarının sayı 7 nəfərdir: Aleksey Stukas, Vladimir Poşenxotsev, Aleksandr Çertoqanov, Vladimir Levin, Andrey Popoviç, Pavel Paşayev və Anton Krivotsyuk.
Braziliya isə millimizə 6 oyunçu bəxş edib. Bunlar Andre Ladaqa, Ernani Pereyra, Leandro Qomeş, Fabio Luiş Ramim, Markus Fereyra və Riçard Almeydadır.
Gürcüstan, Nigeriya, Serbiya, İsveç, Latviya, Qazaxıstan və İspaniyadan isə bir futbolçu millimizə düşüb. Söhbət müvafiq olaraq Badri Kvaratsxeliya, Usim Nduka, Branimir Subaşiç, Emin Nuri, Vüqar Əsgərov, Dmitri Nazarov və Eddi İsrafilovdan gedir.
"50-lik”dən bu günə qalanlar
Milliləşdirilənlərin bir çoxu artıq ya peşəkar karyerasını bitirib, ya da dəvət almırlar. Onların sırasında dünyasını dəyişənlər də var. Aleksey Stukas xərçəng xəstəliyindən vəfat edibsə, İbrahim Həsənbəyov avtomobil qəzasında həlak olub.
Yığmanın son toplanışına çağırılanların sayı isə 7 nəfərdir. Bunlar Məhəmməd Mirzəbəyov, Emin Mahmudov, Şahrudin Məhəmmədəliyev, Ramil Şeydayev, Pavel Paşayev, Anton Krivotsyuk və Riçard Almeydadır. Həmçinin, növbəti toplanışlara Dimitri Nazarov və Renat Dadaşov da dəvət alacaqlar. Bu siyahıya hazırda zədəli olan Bədavi Hüseynov, eləcə də Eddi İsrafilov, Deniz Yılmaz və Rüfət Dadaşovun da əlavə edilməsi mümkündür.
Lippertin özlərini doğrultmayan Almaniya türkləri
Milliləşmiş futbolçuların siyahısına nəzər salarkən, AFFA-nın texniki direktoru Bernhard Lippertin vasitəçiliyi ilə ölkəmizə gətirilən Almaniya türklərinin istisnasız olaraq, hamısının özünü doğrultmadığını görürük. Ufuk Budak, Əli Gökdəmir, Cihan Özkara, Uğur Pamuk, Taşkın İlter, Pərdis Fərcad-Azad və Tuğrul Erat artıq yığmaya yaramırlar.
"Simurq”da belə heyətə düşə bilməyən Özkara Almaniyanın IV liqasında çıxış edən "Verl”in formasını geyinir. Zaqatala klubunda oyunu alınmayan başqa bir türk - Gökdəmir indi Almaniyada "Şvebiş-Hall” adlı həvəskar komandada vaxtını keçirir. Erat II Bundesliqada "Dyusburq”da çıxış edir. Türkiyədə legioner sayılmamaq üçün Azərbaycan pasportundan imtina edən Pamuk ("Manisaspor”), İlter ("Denizlispor”) və Budak ("Samsunspor”) I divizionda top qovurlar. Pərdis isə "Keşlə”nin heyətində yer alan ortabab futbolçudur.
Erməni klublarına gedən "azərbaycanlılar”
Yaxınlarda Ermənistanın "Artsax” klubuna transfer olunan Rusiya vətəndaşı Samur Aqamaqomedov belə bir açıqlama vermişdi: "Mənə Azərbaycan U-21 millisindən təklif gəldi. Lakin öz agentimə güvəndim. Hansı ki, daha əvvəl Ermənistan millisində oynayırdı. Ona güvənib "Artsax”a keçdim”.
Dağıstanlı qapıçının dediklərinin nə dərəcə həqiqət olub-olmamasını söyləmək çətindir. Amma bizim üçün rüsvayçı bir mənzərədir və buna özümüz şərait yaratmışıq: Hər yoldan ötənə Azərbaycan pasportu verib, yığmaya cəlb etməklə.
Təsəvvür edin, 2015-ci ildə Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin sabiq üzvü Şamil Qurbanov Ermənistanın "Uliss” klubuna baxışa yollanmışdı. Lakin ermənilər sonradan dağıstanlı müdafiəçinin millimizin sabiq üzvü olduğunu öyrənincə, onun xidmətindən imtina etmişdilər.
Başqa bir misal əsas millimizə cəlb olunan, "Sumqayıt” və "Keşlə”də çıxış edən Abdulla Abatsiyevin sonradan Rusiyada ermənilərin sahibi olduqları Armavir "Torpedo”sun keçməsidir.
Futbolçu qazanarkən millimizi itirməməliyik
Ötən ilin sentyabrında Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasının türk əsilli futbolçusu Ozan Can Kökcü "İnstaqram" hesabında belə bir paylaşım etmişdi: "Yenicə aldığım bir qərarı sizinlə paylaşmaq istəyirəm. Bildiyiniz kimi, bir türk vətəndaşı olaraq irqimiz və qanımızdan olan Azərbaycan milli komandasının formasını geyinməyə qərar verdim və bundan qürur duydum. Lakin son zamanlar bəzi olaylar məni düşündürdü və belə bir qərar verdim. Məncə, milli komandalarda oynayan futbolçular o məmləkətin cəfasını çəkənlər, burada doğulub-böyüyənlər və ya özünü o məmləkətin insanı hiss edənlər olmalıdır. Mən də bu ölkədəki futbolçu dostlarıma haqsızlıq etdiyimi düşünərək, Azərbaycan milli komandasından əfvimi istəyirəm. Mənim yerimə oynayacaq dostlarıma könüldən uğurlar arzulayıram. Ürəyim sizinlədir!”
Kökcünün bu cür nəzakətli formada Azərbaycan millisindən imtinası və yığmaya burada doğulub-böyüyənlərin layiq olduqlarını vurğulaması təqdirəlayiqdir. Ancaq onu buna sövq edən səbəb başqadır. Hollandiyada doğulan yarımmüdafiəçi həmin vaxt "Bursaspor”un heyətində yer almışdı və Türkiyədə legioner sayılmamaq üçün oranın vətəndaşlığını qəbul etmişdi. Gəl ki, qışda Hollaniyanın "Valveyk” klubuna keçəndən sonra onda yenidən Azərbaycan eşqi baş qaldırdı və millimizə qayıtmaqla bağlı mesaj göndərdi...
Azərbaycan millisi kiminsə kefi istəyəndə və ya işinə yarıyanda üz tutacağı komanda olmamalıdır! Yığmamızın formasını geyinən birinin sonradan ermənilərin klubuna yollanması qəbulolunmazdır! Bəli, hazırda zərurət olduğu üçün yüksək səviyyəli oyunçuları millimizə qazandırmalıyıq. Lakin futbolçu qazanarkən millimizi itirməməliyik. Millinin formasını yalnız bizə bağlı olanlar geyinməlidir!
Şamo QULİYEV
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir