"Qarabağ"ın futbolçusu Riçard Almeyda Topaz Premyer Liqasının 17-ci turunda "Kəpəz"i 1:0 hesabı ilə yendikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportnet.az-ın məlumatına görə, milli komandamızın yarımmüdafiəçisi öncə oyun haqda danışıb:
- Çətin oyun oldu. Çünki rəqib müdafiə futbolu oynayırdı. Əks hücumlara önəm verirdilər. Yaxşı da müdafiə olunurdular. Biz isə səbrlə oynadıq. Boşluqlar axtarırdıq. Əsas 3 xal idi. Onu da qazandıq.
- Qolu Mahir Mədətov vurdu? Əgər sən vurdunsa Mahirə bağışlaya bilərsən? Bombardir olmağı üçün.
- Özüm də dəqiq bilmirəm ki, kim vurdu. O vurdu, mənə dəydi qapıya daxil oldu. Təkrara baxmamışam. Mənim üçün fərqi yoxdur. Mahir vurubsa, onu da təbrik edirəm. Önəmli olan 3 xaldır.
- Komanda qış fasiləsindən sonra 3 xalı çətinliklə qazanır...
- Çünki taktiki cəhətdən hamı inkişaf edib və bizə qarşı daha çox müdafiə futbolu oynayırlar. Biz hər dəfə cəhd edirik və onların səhvini gözləyirik.
- 3 oyuna 2 qol. Dinonun yoxluğu hiss olunurmu?
- O, olanda da qaçırdığımız epizodlar olurdu. İndi heyətimizdə Mahir və Şeydayev kimi oyunçular mövcuddur. Onlara inanmalıyıq.
- "Qəbələ" ilə xal fərqi 9 oldu. "Qarabağ"ı çempion saymaq olarmı?
- Xeyr. Bizi qarşıda çox oyunlar gözləyir. Xüsusilə "Sumqayıt"la səfər oyunu var. Hədəfimiz çempionluqdu, amma addım addım yaxınlaşırıq.