
"Beşiktaş" klubu Türkiyə Super Liqasında növbəti qələbəsini qazanıb.
Sportnet.az xəbər verir ki, "qara qartallar" XXV turda evdə "Gənclərbirliyi"ni minimal hesabla yenib - 1:0. Yeganə qolu 53-cü dəqiqədə Anderson Taliska vurub.
Bu görüşdə qonaq komandadan Azərbaycan millisinin hücumçusu Deniz Yılmaz forma geyinməyib. O, sonadək ehtiyatda qalıb.
Super Liqada 14-cü qələbəsini qazanan "Beşiktaş" xallarını 50-yə çatdırıb və 2-ci pilləyə yüksəlib. "Qalatasaray" və "Başakşehir" də eyni xala malikdir. Lakin "sarı-qırmızılar"ın ehtiyatda bir oyunu var. "Gənclərbirliyi" isə 26 xalla 14-cü pillədə qərarlaşıb.