Futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 cavab görüşü keçirilib.
Sportnet.az-ın məlumatına görə, İtaliyada "Roma" Ukrayna "Şaxtyor"unu, İngiltərədə isə Mançester Yunayted" İspaniya "Sevilya"sını qəbul edib.
İlk görüşdə 1:2 hesabı ilə uduzan "Roma" mərhələ adlamaq üçün vacib olan 1 qolu 52-ci dəqiqədə vurub. Edin Ceko "Şaxtyor"un qapıçısı Andrey Pyatovla təkbətəkdən fərqlənib - 1:0.
79-cu dəqiqədə isə İvan Ordets qırmızı vərəqə alaraq, ukraynalıları azlıqda qoyub.
Bununla da "Roma" 10 ildən sonra 1/4 finala yüksəlib.
Gecənin digər qarşılaşması isə gözlənilmədən "Sevilya"nın qələbəsi ilə yekunlaşıb - 2:1.
Qonaq komandadan Vissam ben Yedder 74 və 78-ci dəqiqələrdə vurduğu qollarla "dubl" edib. Meydan sahiblərindən isə 84-cü dəqiqədə Romelu Lukaku təsəlli qolunu vurub. İlk oyun qolsuz yekunlaşdığı üçün "Sevilya" mərhələ adlayıb.
Qeyd edək ki, indiyədək İspaniyanın "Real Madrid”, İtaliyanın "Yuventus”, İngiltərənin "Liverpul” və "Mançester Siti” komandaları da 1/4 finala vəsiqəni təmin ediblər.
Xatırladaq ki, 1/8 final mərhələsinin son iki matçında "Beşiktaş" (Türkiyə) - "Bavariya" (Almaniya) və "Barselona" (İspaniya) - "Çelsi" (İngiltərə) oyunları keçiriləcək.
Çempionlar Liqası
1/8 final, cavab oyunları
13 mart
23:45. "Roma” (İtaliya) – "Şaxtyor” (Ukrayna) - 1:0
Qol: Edin Ceko, 52
İvan Ordets - qırmızı vərəqə, 79
Baş hakim: Alberto Undiano Malyenko (İspaniya)
İlk oyun - 1:2
23:45. "Mançester Yunayted” (İngiltərə) – "Sevilya” (İspaniya) - 1:2
Qollar: Romelu Lukaku, 84 - Ben Yedder, 74. 78
Baş hakim: Danni Makkeli (Hollandiya)
İlk oyun – 0:0.