"Zirə"nin futbolçusu Vüsal İsgəndərlinin Topaz Premyer Liqasının XXVII turunda "Kəpəz"i evdə 2:1 hesabı ilə məğlub etdikləri matçdan sonra Sportnet.az-a müsahibəsi
- Oyunu necə dəyərləndirərdiniz?
- Ardıcıl 2 oyundur qələbə qazandığımız üçün çox şadıq. İnanıram ki, ardı gələcək. Son 3 matçın bizim üçün final əhəmiyyətli olduğunu yaxşı anlayırıq. Buna görə də özümüzü bu məqsəd və bu ruhla matça hazırlamışdıq. Ümumiyyətlə, məşqçilər heyəti, yerli və əcnəbi futbolçular da daxil olmaqla, bütöv komanda kimi bu oyunlara köklənmişdik.
- Azlıqda qaldıqdan sonra komandada qələbə qazana bilməməklə bağlı gərginlik oldumu?
- Futbolçu psixologiyası elədir ki, belə hallar zamanı müəyyən ruh düşkünlüyü yaşanır. Ancaq fasilədə baş məşqçi soyunub-geyinmə otağına daxil olaraq bizi oyuna motivasiya etdi. Biz də öz növbəmizdə bundan faydalanmağı bacardıq.
- Son 3 matçda "Zirə”nin qol vurduğu oyunlara verdiyin ötürmələrlə öz töhfəni vermisən...
- Hər bir futbolçu komandasına xeyir vermək üçün çalışır. Ya fərqlənməli, ya da məhsuldar ötürmə verməliyik. Ümumiyyətlə, məşqçilər tərəfindən bizə verilən tapşırıqları yerinə yetirməliyik. Bizim üzərimizə düşən elə budur. Bacardığımızın ən yaxşısını etməliyik. 3 məhsuldar ötürmə ilə yadda qalmışamsa, bu, mənim üçün böyük uğurdur və buna görə çox xoşbəxtəm.
- Əvəzlənərkən sanki məşqçilər heyətinə oyunu tez tərk etməklə bağlı narazılığını bildirdin...
- Narazılıq deməzdim. Çünki 22-23 yaşım var və indi narazılıq edən yaşım deyil. Ümumən, futbolçu lap 30 yaşda olsa belə, məşqçinin verdiyi qərarlara narazılıq etməməlidir. Düzdür, həqiqətən oynamaq istəyirdim. Futbolçuyuq və biz də hər an qol vurmağı, bunu bacara biləcəyimizi düşünürük. Məhz buna görə əvəzlənərkən pis oldum. Məşqçiyə etiraza gəlincə, bu, ola bilməz, çünki zəif oynayanda belə onlar mənə güvənib arxamda dururlar. Tez əvəzlənərkən, məşqçilərə belə etiraz etmək nə dərəcədə doğrudur? Bu, düzgün deyil.
- Bu gün "Sumqayıt”ın məğlub olması ilə yenidən 4-cü yeri özünüzə qaytardınız və qarşıda sizi "Sumqayıt”la finala bərabər oyun gözləyir. Həmin səfər matçından nə gözləyirsən?
- "Sumqayıt”la oyun finaldan da vacibdir. Bu matçlara məşqçilər bizi necə hazırlamışdılarsa, o oyuna da elə hazırlaşacağıq. Futbolçu özünü istədiyi anda daha yaxşı göstərməyə çalışır. Bu istək onun üçün yaxşı da nəticələnə bilər, pis də. Ağlımızdakı elə finala bərabər "Sumqayıt”la matçdır. Biz bu oyuna da istəkli hazırlaşacağıq.