Belaruslu baş hakim karyerasında dördüncü dəfə Azərbaycan komandasının oyununa təyinat alıb.
Sportnet.az-ın məlumatına görə, 40 yaşlı referi bu dəfə Latviya və Azərbaycan milli komandaları arasındakı yoldaşlıq görüşünün baş hakimi təyin olunub.
O, birinci dəfə 2014-cü il iyulun 17-də "Neftçi"nin Sloveniya "Koper"inə 1:2 hesabı ilə uduzduğu Avropa Liqasının II təsnifat mərhələsinin ilk matçında iş başında olub. Şerbakov meydan sahiblərinin 3, qonaqların 2 futbolçusuna sarı vərəqə göstərib. Bakıya növbəti səfər 2015-ci il sentyabrın 4-nə təsadüf edib. Həmin vaxt o, 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan - Avstriya görüşündə iş başında olub. Avstriyanın 2:0 hesabı ilə qalib gəldiyi görüşdə tərəflər hərəyə 2 sarı vərəqə alıblar. Qonaq komanda ikinci qolunu penaltidən vurub.
2016-cı il iyunun 30-da "Qəbələ" və Gürcüstan "Samtredia"sı arasındakı Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununu da idarə edən referi meydan sahiblərinin 2, qonaqların 3 futbolçusunu sarı vərəqə ilə cəzalandırıb.
Bu, Şerbakovun Azərbaycan komandalarının iştirakı ilə ilk səfər oyunu, Latviya təmsilçiləri üçün isə ümumiyyətlə, ilk təyinat olacaq.
Qeyd edək ki, iyunun 9-da Riqadakı "Dauqava" stadionunda keçiriləcək Latviya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.