
"Biz erkən qol vurmağa çalışdıq, bu da alındı. Ona görə işimiz asanlaşdı". Sportnet.az-ın məlumatına görə, bu sözləri Avro-2016-nın seçmə mərhələsində millimzlə matçdan sonra xorvatların hücumçusu Andrey Kramariç deyib.
UEFA-nın rəsmi saytına danışan 23 yaşlı forvard Azərbaycan millisinin elə də asan rəqib olmadığını bildirib: "Rəqibdən asılı olmayaraq, hər oyunda altı qol vurmaq asan deyil. Bu hesabla fəxr etməliyik. İtaliya ilə oyuna hazırlaşmaq üçün bir ayımız var. Bu, bizə nəyə qadir olduğumuzu sübut etmək üçün yaxşı şansdır. Möhtəşəm oyun olacağını gözləyirəm. Üç oyundan sonra yüzfazilik nəticə Fransa yolunda öhdəliyimizi yerinə yetirdiyimizin göstəricisidir. Millidə vurulan qollar xoş hisslər verir. Bunu heç vaxt unutmayacam".
Qeyd edək ki, Kramariç millimizlə oyunda ilk qolun müəllifi olub, matç 6:0 hesabı ilə başa çatıb.