Türkiyə milli komandasının keçmiş futbolçusu Emre Aşık və həyat yoldaşı Yağmur Aşık növbəni gözləmədikləri üçün döyülüb.
Sportnet.az xəbər verir ki, hadisə cütlüyün Çanakkaleyə dostluq oyununa tələsdikləri vaxt baş verib. Troya İli çərçivəsindəki qarşılaşma dəvət edilmiş futbolçular sırasında yer alan sabiq müdafiəçi Troya Atı önündə fotoçəkilişə çatmaq istəyib. Bu zaman onun avtomobili bərə növbəsində gözləyən maşınların tıxacına düşüb. Emre Aşık bərə nəzarətçilərindən tıxaca girmədən keçib getməsi üçün ona imkan yaradılmasını istəyib. Lakin nəzarətçilər razılıq verməyib. Bundan qəzəblənən Yağmur Aşık maşından düşərək, təhqiramiz sözlər deyib.
Növbə gözləyən avtomobilləri sürücüləri və ətrafdakı mühafizəçilərin müdaxiləsindən sonra əlbəyaxa dava düşüb. Nəticədə cütlük yaralanıb. Onlara yaxnlıqdakı xəstəxanada ilkin yardım göstərildikdən sonra ifadələri alınıb.
Qeyd edək ki, Emre Aşık karyerası ərzində hər üç İstanbul nəhənginin formasını geyinən azsaylı futbolçulardan sayılır. O, 3 dəfə Türkiyə çempionu, "Qalatasaray"da ikən UEFA Super Kubokunun qalibi, Türkiyə millisinin heyətində isə 2002-ci il dünya və 2008-ci il Avropa çempionatlarının bürünc mükafatçısı olub.