"Özümüz də nə baş verdiyini bilmədik. Bizim də epizodlarımız olsa da, dəyərləndirməyi bacarmadıq. Elə oyunda ilk təhlükəni biz yaratdıq, amma qol vura bilmədik və onlar əks hücumda hesabı açdılar. Futbolda gərək əlinə düşən imkanlardan istifadə edəsən. Bu oyunu unudub, növbəti matçlar haqda düşünməliyik”.
Sportnet.az-ın məlumatına görə, bunu "Sabah” komandasının kapitanı Cavid İmamverdiyev evdə "Səbail”ə 0:4 hesabı ilə məğlub olduqları Azərbaycan Premyer Liqasının XI tur matçından sonra deyib.
Daha sonra 28 yaşlı futbolçu jurnalistlərin suallarını cavablandırıb.
- "Səbail”in "Sabah”ı tam analiz etdiyini demək olar?
- Rəqib haqlı qələbə qazandı. Amma düşünürəm ki, biz də əlimizə düşüən fürsətlərdən istifadə etsəydik, belə nəticə olmazdı. Təəssüf ki, belə oldu. Bu məğlubiyyəti bizim komandaya yaraşdırmıram.
- Klub prezidenti soyunub-geyinmə otağında idi. Oyundan sonra sizi çox danladı?
- Prezident də bizə bu nəticəni yaraşdırmadığını söylədi.
- Hər dəfə "Sabah” qol vurmayanda əsas qol silahınız Marko Deviç yada düşür. Onun komandadakı rolu həqiqətənmi belə böyükdür?
- Bugün demək olar ki, hücumçumuz yoxdur. Tural Qürbətov gəncdir və onun üzərinə yüklənə bilmərik. Hücumçusuz oynayırıq. Amma demək olmaz ki, komandamız 1 oyunçudan asılıdır. Sadəcə, rəqibimiz əlinə düşən fürsətlərdən maksimum istifadə etdi.
- Bu məğlubiyyətdən sonra fasilənin yaranması sizin üçün yaxşıdır?
- Həm bu fasilə, həm də məğlubiyyət yaxşı oldu. Bəzən məğlub olduqdan sonra komandalar özünə gəlir, toparlanır. Düzdür, belə böyükhesablı məğlubiyyəti yaxşı hesab etmək olmaz. Yaranan fasilədə daha çox çalışıb növbəti oyunlara hazırlaşacağıq. Bu məğlubiyyət bizə dərs olmalıdır.
- Hansısa oyunçular meydanda tam güclərini ortaya qoymurlar?
- Bunu mən yox, baş məşqçi bilər. Sadəcə, biraz məsuliyyətsiz yanaşma var. Biz bunu aradan qaldırmalıyıq. Baş məşqçinin tapşırıqlarını yerinə yetirsək, yaxşı nəticə əldə edəcəyik.
- Üçüncü belə bir məğlubiyyət olsa, klubda ciddi qərarlar qəbul oluna bilər...
- Ümid edirik ki, bir də belə ağır məğlubiyyət almarıq. Əgər belə birşey olsa, rəhbərlik bununla bağlı qərar verəcək.
- Komanda yorğun görünürdü. Bu haqda nə deyə bilərsiniz?
- Düşünmürəm ki, yorğunluq var idi. Sadəcə, qol buraxdıqdan sonra psixoloji olaraq oyundan qopduq. Oyun 90 dəqiqədir, sona qədər mübarizə aparmalıyıq. Bəlkə də sona qədər oynasaq, hesabı 4:4 də edə bilərdik.
- Sizdə sanki hesabda geri düşdükdən sonra geridönüş etmək alınmır...
- Yox, elə deməzdim, hər oyun fərqlidir. Hansı koçandaya qarşı oynamağımızın da buna təsiri var. Elə komanda var ki, onlara qarşı önə keçdikdən sonra geri çəkilib hesabı qorumalı olursan. Əgər yaxşı oynayırsansa, qol vurub nəticə də qazanırsan.
- Bu məğlubiyyət şəxsən sizə daha çox təsir edib...
- Elədir, bu məğlubiyyət mənə çox pis təsir etdi. Belə məğlubiyyət almamalı idik. Baş məşqçimiz komandaya öz məsləhətlərin verəcək və toparlanacağıq.
- Millinin oyunlarına qədər psixoloji baxımdan toparlana biləcəksiniz?
- Milli komanda başqa səviyyədir. Burada 0:10 hesabı ilə uduzsaq belə, millinin düşərgəsində əlindən gələni etməlisən. Əgər Qurban Qurbanov məni dəvət etsə, tam hazır formada yığmanın düşərgəsinə yollanacağam.
- Milli komandanın Millətlər Liqasında Farer adaları və Kosovo ilə oyunları haqda nə fikirləşirsiniz?
- Hər iki oyunda qələbə qazanmalıyıq.