21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Ziya Əzizov yoldaşlıq matçında Ukraynaya 0:1 hesabı ilə məğlub olduqları qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportnet.az həmin müsahibəni təqdim edir:
- Komanda bu günkü matçda pis oynamadı. Amma məğlub oldu. Matçı necə dəyərləndirərsiniz?
- Birinci oyunumuz idi. Komanda olaraq yaxşı müdafiə olunduq. Mübarizə apardıq və ürəkli oynayırdıq. Amma rəqibin də bir epizodu oldu. O da qolla nəticələndi.
- Bu gün komandanın qələbə qazanmasına nə mane oldu? İstədiyiniz oyunu sərgiləyə bildiniz?
- Birinci hissədə ehtiyatlı oynadıq. İkinci hissəyə də yaxşı başladıq. 20 dəqiqədən sonra isə oyunu verdik. Rəqib təşəbbüsü əla aldı və sonra isə hücumları başladı.
- Bu gün komandalar sanki kobud oyuna üstünlük verirdilər. Bu nə ilə əlaqədar idi?
- İstəkli idik. Aqressivlik də var idi. Qələbə qazanmağı fikirləşirdik. Yaxşı nəticə istəyirdik. Bütün Azərbaycana göstərmək istəyirdik ki, elə-belə komanda deyilik.
- Rəşad Sadıqov oyundan sonra sizi tənqid edib iradlarını bildirdimi?
- Xeyr. Hələ baş məşqçi ilə danışmadıq. Bəlkə bizimlə sabah danışacaq. İndi otelə gedirik.
- Qarşıda Bosniya və Herseqovina ilə oynayacaqsınız. Həmin qarşılaşma barədə nə deyə bilərsiniz?
- Onlar da güclü komandadır. Həmin matçda yaxşı nəticə qazanacağımıza inanıram. Çalışacağıq ki, bu gün nə səhv eləmişiksə, onu növbəti matçda etməyək.
- U-21 komandası növbəti seçmə mərhədə hansı nəticəni göstərə bilər və nələrə qadirdir?
- İnanıram ki, yaxşı nəticə qazanacağıq. Hələ onu demək bir az tezdir. Birinci oyunu oynamışıq. Yavaş-yavaş baxacağıq. Mın inanıram ki, biz yaxşı komandayıq.
- Yığmadajı komanda yoldaşınız Barış Ekincierin ürəyində problem var. Onunla danışmışınızmı?
- Mən bu barədə dünən eşitmişəm. Bilmirdim. Onunla danışacağam.
- NEC "Nijmegen" klubuda işləriniz necədir? Sizi əsas komandada görmək mümkün olacaqmı?
- Hər şey yaxşıdır. Hələ ki, klubun ikinci komandasında oyunlarımı keçirirəm. İnanıram ki, tezliklə əsas komandaya cəlb olunacağam.