Azərbaycan yığmasının futbolçusu Maksim Medvedev evdə Farer adalarına 2:0 hesabı ilə qalib gəldikləri UEFA Millətlər Liqasının V tur matçından sonra brifinq keçirib.
Sportnet.az təcrübəli müdafiəçinin müsahibəsini təqdim edir...
- Görüş haqda fikirləriniz necədir?
- Bizim üçün çox ağır oyun oldu. Bu görüşü çoxdandır gözləyirdik. Çünki həlledici qarşılaşmalardan biri idi. Qrupdan birinci yerin sahibi kimi çıxmaq istəyiriksə, son 2 oyunda 6 xal qazanmağımız lazımdır. Bugünkü matça çox ciddi hazırlaşmışdıq. Rəqibi yaxşı analiz etdik və baş məşqçinin tapşırıqlarını yerinə yetirdik. Bizim bir çox hücumlarımız alındı və lazımi qollarımızı vura bildik.
- Rəqib ikinci hissədə 4 müdafiəçidən ibarət sistemə keçdikdən sonra əməlli-başlı futbol oynadı. Bu zaman çətin anlar yaşamağınızın səbəbi nə idi?
- 4 müdafiəçili sistemə keçdikdən sonra 5-ci müdafiəçi hücuma atılırdı. Bu da bizə təzyiq yaradırdı. 2:0 hesabı ilə öndə olduğumuz üçün risk etmək istəmirdik. Sadəcə, sərbəst oynamağa çalışırdıq. Özümüzdən fantastik macəra yaratmaq istəmirdik. İstəyirdik ki, daha rahat, daha dəqiq ötürmələr edək və hücumlarımızı quraq.
- İki oyunda uda bilmədiyiniz Maltaya Kosovo iki matçda 8 qol vurdu. Son qarşılaşmadan nə gözləyirsiniz?
- Kosovolu futbolçuların ustalıqları yüksək səviyyədədir. Amma Kosovo ilə istədiyimiz səviyyədə oynaya bilərik. Əsas odur ki, konsentrasiya və psixologiyamız yerində olsun, baş məşqçinin tapşırıqlarını yerinə yetirə bilək.
- Kamran Ağayevin ikinci hissədə əvəzlənməsindən sonra kapitan sarğısını daşıdınız. Onun və Pavel Paşayevin zədələri nə yerdədir?
- Bunu özlərindən və ya yığmanın həkimindən soruşsanız, yaxşı olar. Mən dəqiq məlumata malik deyiləm.