"Son və həlledici oyuna yalnız qələbə üçün çıxacağıq. Futbolçularımız bundan ötrü əllərindən gələnin ən yaxşısını ortaya qoyacaqlar".
Sportnet.az-ın Priştinaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycan yığmasının futbolçusu Maksim Medvedev səfərdə Kosovo ilə keçirəcəkləri UEFA Millətlər Liqasının VI tur matçından əvvəl mətbuat konfransında deyib.
29 yaşlı müdafiəçi bildirib ki, rəqibin üstünlüyü 2 xal üstün olmasındadırsa, Azərbaycanın üstünlüyü birlikdədir. Kamran Ağayevin yoxluğunda kapitan sarğısını daşıyacaq Medvedev çox məsuliyyətli matça çıxacaqlarını bildirib: "Komandada təcrübəli oyunçular var. Onlardan hansınınsa meydana streslə çıxacaqlarına inanmıram. Komandada məsuliyyət böyük olsa da, soyuqqanlı oynamalı olduğumuzu düşünürəm".
Qeyd edək ki, noyabrın 20-də Fadil Vokrri adına stadionda keçiriləcək Kosovo - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.