Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Sportnet.az xəbər verir ki, aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
1. Azərbaycan milli komandasının son 1 il ərzində göstərdiyi nəticələr nəzərə alınaraq və "Qarabağ” klubunda fəaliyyəti üçün daha çox vaxt ayırmasına imkan yaradılması məqsədilə millinin baş məşqçisi Qurban Qurbanovla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilsin.
2. Aşağı yaş qruplarından ibarət yığma komadaların son 1 il ərzində nəticələri qeyri-qənaətbəxş sayıldığı üçün və müvafiq fəaliyyət strategiyası AFFA-ya təqdim olunmadığına görə U-21, U-18, U-17, U-16 və U-15 yığmalarının baş məşqçiləri ilə müqaviləyə xitam verilsin.
3. Lisenziya iddiaçısı olan klublar "Maliyyə məlumatları”nda "Xərclər”lə bağlı uşaq futboluna il ərzində çəkilmiş xərci açıqlamalı, digər bütün xərclər isə "Digər xərclər” kimi göstərilməlidir. "Gəlirlər”lə bağlı isə il ərzində müxtəlif mənbələrdən daxil olan vəsaitlər barədə məlumat təqdim olunmalıdır.
4. Hakimlər Komitəsinin tərkibi aşağıdakı kimi təsdiq olunsun:
Hakimlər komitəsinin sədri
Fritz Ştuxlik
Üzvlər
Vüsal Əliyev
Ömər Paşayev
Anar Salmanov
Elçin Məmmədov
Departament rəhbəri
Cavid Cəlilov
Əməkdaşlar
Akif Əmirəli
Ceyhun Haşımov
Əliyar Ağayev
Orxan Məmmədov
Şahin Cəfərov
Fitnes məşqçi
Namiq Quliyev
5. Yaşar Vahabzadə və Şahin Diniyev Məşqçilər Komitəsinin üzvü təyin olunsun.
----------------------
AFFA İcraiyyə Komitəsinin 2018-ci ildə son iclası işə başlayıb.
Sportnet.az-ın məlumatına görə, milli assosiasiyanın inzibati binasında təşkil olunan toplantıya komitənin 11 üzvünün həması qatılıb. Amma iclas yarım saat gec başlayıb. Buna xarici işlər naziri Elmar Məmmədyarovun tədbirə gecikməsi səbəb olub.
İclasın gündəliyinə 5 məsələ daxil edilib:
1. Azərbaycan milli komandasının son 1 il ərzində göstərdiyi nəticələrin müzakirəsi
2. Aşağı yaş qruplarından ibarət yığma komandalar üçün strategiyanın müzakirəsi
3. Klubların Lisenziyalaşdırması prosesi ilə bağlı maliyyə şəffaflığı məsələsinin müzakirəsi
4. Hakimlər Komitəsinin tərkibinin təsdiqi
5. Digər məsələlər
-----------
Bu gün AFFA İcraiyyə Komitəsinin 2018-ci ildə son iclası keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, AFFA-nın inzibati binasında təşkil olunacaq toplantıda ilk növbədə, Azərbaycan milli komandasının son 1 il ərzində göstərdiyi nəticələr müzakirə olunacaq. UEFA Millətlər Liqasında mərhələ adlaya bilməyən yığmanın baş məşqçi postunda Qurban Qurbanovun qalıb-qalmayacağı sual doğurur. Düzdür, onunla ötən ilin noyabrında 6 illik müqavilə bağlanılıb. Lakin Qurbanovun ya "Qarabağ", ya da milli komanda seçimini edəcəyi bildirilir. 46 yaşlı mütəxəssisin diqqətini kluba yönəldəcəyinə dair söz-söhbətlər də yayılıb.
Habelə, aşağı yaş qruplarından ibarət yığma komandalar üçün strategiya, Klubların Lisenziyalaşdırması prosesi ilə bağlı maliyyə şəffaflığı mövzuları ətrafında müzakirələr aparılacaq, Hakimlər Komitəsinin tərkibi təsdiqlənəcək və digər məsələlər gündəmə alınacaq.
Qeyd edək ki, iclas saat 11:00-da başlanacaq.