İngiltərənin “Liverpul” klubu Fransa "Monako"sunun futbolçusu Magnes Akliuşu transfer etmək niyyətindədir.
Sportnet.az-ın “L’Equipe” nəşrinə istinadən məlumatına görə, 24 yaşlı fransalı yarımmüdafiəçi 2026-cı ilin yayında azad agent kimi komandadan ayrılacaq Məhəmməd Salahın mümkün əvəzləyicisi hesab olunur.
Mənbənin iddiasına əsasən, “Monako”nun futbolçu üçün tələb etdiyi 50 milyon avro “Liverpul”u çəkindirmir. Bununla belə, mersisaydlılar transfer uğrunda “Tottenhem”lə rəqabət aparmalı ola bilər. London təmsilçisinin Premyer Liqada qalacağı halda, onların da yarışa qoşulacağı bildirilir.
Qeyd edək ki, Akliuş 2022-ci ilin iyulundan “Monako”nun formasını geyinir. Onun klubla müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub.
Fransalı futbolçu cari mövsüm bütün turnirlərdə keçirdiyi 42 oyunda 7 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.
Transfermarkt portalı yarımmüdafiəçinin dəyərini 50 milyon avro qiymətləndirir.

















































































