“Hava şəraiti bütün hazırlıq proqramımızı, planlarımızı pozdu. Açığı, Antayaya gələndən ilk gün idi ki, normal havada çalışdıq".
Sportnet.az-ın məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Samir Abasov Türkiyənin Antalya bölgəsində Macarıstanın "Pakş" komandasını 1:0 hesabı ilə yendikləri yoxlama matçı barədə danışarkən deyib. 41 yaşlı mütəxəssis bildirib ki, oyun zamanı futbolçularının ağır təsir bağışlamaları göstərilən səbəblə əlaqədardır: "Buna baxanda ilk oyunda həddən artıq yaxşı təsir bağışladıq. Ancaq bu gün futbolçularımızın ağır olmasını başa düşürəm. Yağışlı hava, palçıqlı meydan öz təsirini göstərirdi. Bunlar bir az artıq yüklənməyimizə səbəb oldu. Ancaq inanıram ki, getdikcə daha gümrah olarıq".
Abasov heyətə yeni transferlər cəlb edəcəklərini də açıqlayıb: "Təəssüf ki, ilkin olaraq anlaşdığımız futbolçular buradakı toplanışımıza qatıla bilməyəcəklər. Bütün məsələlər müsbət yekunlaşacağı təqdirdə, onlar Bakıda komandamıza qoşulacaqlar”.
Qeyd edək ki, "Zirə" ilk yoxlama matçında Rumıniya "Voluntari"sini də 1:0 hesabı ilə yenib.