Fevralın 2-də futbol üzrə Azərbaycan Premyer Liqasında qış fasiləsi başa çatır.
Sportnet.az "Report"a istinadən xəbər verir ki, XV tur bütün milli çempionatların iştirakçıları - “Qarabağ” və “Neftçi”nin dueli ilə əlamətdar olacaq. Ölkənin ən titullu komandalarının budəfəki görüşünün önəmini artıran bir sıra məqamlar var...
“Neftçi”nin çempionluq estafetini geri almaq cəhdi
Ardıcıl 5 mövsümdür Premyer Liqanın qalibi olan “Qarabağ” çempionluq estafetini məhz “Neftçi”dən təhvil alıb. Bakılılar 2014-cü ildə taxtdan salınanda ağdamlıların hökmranlığının bu qədər sürəcəyini təxmin etmək müşkül məsələ idi. Çünki bunadək yalınız “ağ-qaralar” 3 il ard-arda qızıl medala sahib çıxmışdılar.
“Qarabağ”ın çempionatda at oynatması, Çempionlar Liqası (ÇL) və Avropa Liqasının qrup mərhələsində adından söz etdirməsinin fonunda “Neftçi” tənəzzül dövrünü yaşayıb. Paytaxt klubu yalnız ötən mövsüm – Kamran Quliyevin prezident postuna gəlişindən sonra “üçlüy”ə düşüb, medal həsrətinə son qoyub. Düzdür, bakılılar son 5 mövsümün 3-də Azərbaycan Kubokunun finalçısı olublar və 2013/2014 mövsümündə “Qəbələ”ni üstələyiblər (1:1, pen. 3:2). Ancaq 2014/2015 və 2015/2016 mövsümlərində məhz “Qarabağ”a uduzublar (1:3 və 0:1).
Yeri gəlmişkən, bu komandalar arasında sonuncu final növbəti duelin keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub və matça 23 min azarkeş gəlib. “Azərsun Arena”nın ot örtüyü yenilənmə prosesində olduğu üçün “Qarabağ”ın rəqibini bu arenada qəbul etməsi izləyici sayına da müsbət təsir etməlidir.
Digər tərəfdən, “Qarabağ” və “Neftçi” yubiley matçında - 35-ci dəfə “Tofiq Bəhramov”da üz-üzə gələcək. Fevralın 3-də saat 18:30-da start götürəcək matçadək keçirilmiş 34 derbidə “ağ-qaralar” 12, ağdamlılar isə 5 qələbə qazanıblar. Bu arenadakı derbilərin tən yarısında qalib müəyyənləşməyib. Əzəli rəqiblər sonuncu dəfə 5 aprel 2017-ci ildə Azərbaycan Kubokunun yarımfinalında mərkəzi arenada qarşılaşıblar və qolsuz heç-heçə ediblər.
Qışda gülən yazda da sevinə biləcəkmi?
“Neftçi” ötən çempionatda bürünc medallara yiyələnəndə, növbəti mövsümdə qızıl medal yarışında yer alacağının mesajını vermişdi. “Ağ-qaralar” gözləntiləri bir qədər də üstələyərək, son illər ilk dəfə “Qarabağ”ın “qış çempionu” olmasına imkan verməyiblər və fasiləyə lider statusu ilə gediblər.
Hazırda paytaxt komandası 33, əyalət təmsilçisi isə 30 xala malikdir. Əslində, ağdamlılar indi şərikli lider ola bilərdilər. Gəl ki, VIII turunda evdə “Səbail”i 1:0 hesabı ilə üstələdiyi matç zamanı adı protokolda olmayan futbolçunu meydana buraxan “Qarabağ”a texniki məğlubiyyətin verilməsi mövcud tablonu ərsəyə gətirib.
Bu komandaların cari çempionatdakı görüşləri III və IX turlara təsadüf edib. Avqustun 26-da “Azərsun Arena”da 3 min azarkeşlərin izlədiyi oyunda qalib müəyyənləşməyib – 1:1. Qarşılaşmanın 28-ci dəqiqəsində artıq “Neftçi”ni tərk edən Kvame Karikari hesabı açıb. İnnosent Emeqara isə 70-ci dəqiqədə yekun nəticəni müəyyənləşdirib.
Oktyabrın 28-də “Bakcell Arena”da 4 min tamaşaçının iştirakı ilə təşkil olunmuş matçda isə “Neftçi” inamlı qələbə qazanıb - 3:1. Oyunda hesabı Abbas Hüseynov 10-cu dəqiqədə öz qapısını nişan almaqla açıb. Mirabdulla Abbasov 26-cı dəqiqədə “ağ-qaralar”ın 2-ci qolunu vurub. Mahir Mədətov 85-ci dəqiqədə fərqi minimuma endirsə də, Baqali Dabo 2 dəqiqə sonra son nöqtəni qoyub.
“Neftçi” zirvədə olsa da, lider elə yeni ildə keçirəcəyi ilk matçdan sonra mövqeyini itirə bilər. İstənilən 2 top fərqi ilə qələbə “Qarabağ” üçün yetərlidir. Bu da oyunun əhəmiyyətini ikiqat artırır. Çünki belə məqamda qalib gələcək komanda əlavə motivasiya qazana, uduzan isə ruh düşkünlüyü yaşaya bilər. Yəni, bu oyunun nəticəsinin növbəti turlara da sirayət etməsi mümkündür. Bundan sonra komandaları hələ 13 matç gözləyəcək. Necə deyərələr, ən yaxşısı, sonda gülməkdir.
Ən çox qol vuran ən az top buraxana qarşı
Derbi həm də cari çempionatda ən çox qol vuran və ən az top buraxan komandaların dueli ilə əlamətdar olacaq. Hamıdan çox - 32 dəfə rəqib qapısına yol tapan “Qarabağ”ın heyətində ümumilikdə 10 futbolçu - Mahir Mədətov 7, İnnosent Emeqara 5, Filip Ozobiçlə Miçel Madeyra 4, Abdullah Zubir və Dani Kintana 3, Con Delarj 2, Simeon Slavçev, Yakub Jezniçak və Araz Abdullayev isə hərəyə 1 dəfə fərqləniblər. Bunlarla yanaşı, ağdamlıların “Zirə”ni 6:0 hesabı ilə məğlub etdiyi görüşdə İlkin Qırtımov öz qapısını “nişan alıb”.
“Neftçi” hamıdan az – 10 top buraxıb. Bunun müqabilində 7 oyunçu - Baqali Dabo 7, Mirabdulla 6, Dario Frederiko ilə Emin Mahmudov 3, Anton Krivotsyuk, Qoran Paratski və Kvame Karikari 2 qol vurub. 26 qolu olan paytaxt təmsilçisinin “Qarabağ”ı 3:1 hesabı ilə üstələdiyi qarşılaşmada Abbas Hüseynov öz qapısına "yol tapıb".
“Qarabağ” cari çempionatda 14 matçdan 8-ni evdə keçirib. Öz meydanında 5, səfərdə 4 qələbəsi olan ağdamlıların hesabında 2 məğlubiyyət var: biri “Neftçi”dən, digəri texniki məğlubiyyət. 3 qarşılaşmada isə heç-heçə qeydə alınıb. “Köhlən atlar" evdə 32 qol vurduqları halda, 6 top buraxıblar. 3 qol da texniki məğlubiyyətə görə əlavə edilib. Səfərdə isə bu göstərici 15-5-dir.
“Neftçi” cari çempionatda keçirdiyi 14 oyundan 10-da qalib gəlib. Matçların yarısı evdə, yarısı isə səfərdə olub. Qələbə sayında da balans eynidir. Doğma meydanda 2, səfərdə 1 heç-heçə edən "ağ-qaralar" yalnız VIII turda Qəbələdə şəhərin eyni adlı təmsilçisinə uduzub - 1:3. Bakılılar evdə 15, səfərdə 11 qol vurduqları halda, rəqib meydanında qapılarında 6 top görüblər. Evdə isə bu göstərici 4-dür.
Xilaskar gözü ilə baxılan Almeyda
“Qarabağ”la “Neftçi” qış toplanışını Türkiyənin Antalya bölgəsində keçiblər. Hazırlıq dönəmində 4 yoxlama oyunu keçirən Ağdam təmsilçisi Macarıstan “Uypeşt”inə 0:1, Ukrayna “Şaxtyor”una 1:3 hesabı ilə uduzduğu halda, Çexiya “Bohemians”ını üstələyib – 3:1. Polşa “Pyast”ı ilə qarşılaşma isə 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. “Neftçi”yə gəldikdə, Rumıniya “Qaz Metan”ını 3, Bolqarıstan “Beroe”sini 4 cavabsız qolla yenən flaqman Çexiya “Slovan”ına uduzub - 1:2.
Transfer çalışmalarında “Neftçi” daha fəal olub. Rəşad Eyubov (“Sabah”), Rəşad Əzizli (“Sumqayıt”), Kvame Karikari ("Əl-Oruba", BƏƏ - icarə), Dario Frederiko (“Tequ”, Cənubi Koreya) və Slavko Braliçlə (AEL, Yunanıstan) vidalaşan “ağ-qaralar” Mamadu Mboc (“Jalgiris”, Litva), Mamadu Kane (“Kalum”, Qvineya), Turan Vəlizadə (“Qarabağ”), Aqil Məmmədov (“Qəbələ”) və Vangelis Platellası (OFİ, Yunanıstan) heyətinə qatıb.
Bu transferlər sayəsində “Neftçi”nin kifayət qədər güclənəcəyi aydındır. Xüsusən də yunanıstanlı cinah oyunçusunun komandanın liderlərindən birinə çevriləcəyini söyləmək olar. Yeganə mənfi hal son anda Frederikonun Asiyaya üz tutmasıdır.
“Qarabağ”da isə gedənlər 2, gələnlər 3 nəfərdir. Turan Vəlizadə (“Neftçi”) və Coşqun Diniyevi (“Sabah”) yola salan ağdamlılar, sabiq braziliyalı futbolçularını Reynaldo Silva və Riçard Almeydanı geri qaytarıb. Sonuncu Qazaxıstan “Aktobe”sindən icarəyə götürülüb. Digər transfer isə Hacıağa Hacılıdır (“Qəbələ”).
Qurban Qurbanov oyun ərəfəsində təşkil etdiyi brifinqdə komandanın bir futbolçudan asılı olmadığını söyləsə də, Almeydanın “Qarabağ”da açar rolu oynadığı məlum məsələdir. Məhz braziliyalı oyun qurucusunun ötən mövsümün sonunda Qazaxıstana üz tutmasından sonra Ağdam komandası istər avrokuboklarda, istərsə də çempionatda əvvəlki futbolunu sərgiləyə bilməyib. Almeydanın dönüşündən sonra daşların yenidən yerinə oturacağı gözlənilir. Konkret desək, 30 yaşlı yarımmüdafiəçiyə xilaskar gözü ilə baxılır.
Reynaldoya gəlincə, 30 yaşlı forvard məhz zəiflədiyi üçün “Qarabağ”dan ayrılmalı olmuşdu və son klubu Qazaxıstan “Aktobe”si istisna olmaqla, digər yerlərdə özünü yaxşı tərəfdən göstərə bilməyib. Üstəlik, dönər-dönməz zədələndiyi üçün “Neftçi” ilə görüşü buraxacaq.
Yeri gəlmişkən, cəzalısı olmayan “Qarabağ”da Miçel Madeyra da zədə üzündən meydana çıxa bilməyəcək. “Neftçi”də isə nə cəzalı, nə də zədəli var.
Qurbanovla Bordinin fərqi
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla “Neftçi”yə rəhbərlik edən Roberto Bordinin qarşıdurması Azərbaycan çempionatından başlamayıb. Onların yolu ilk dəfə avrokubokda kəsişib. Qurbanovun komandası 2017/2018 mövsümündə ÇL-in III təsnifat mərhələsində italiyalının baş məşqçi olduğu Moldova “Şerif”ini mübarizədən kənarlaşdırıb. Ağdamlılar evdə qolsuz heç-heçə etsələr də, səfərdə 2:1 hesabı ilə qalib gəliblər. Ardınca isə Danimarka “Kopenhagen”ini üstələyərək, qitənin ən nüfuzlu klub turnirinin qrupuna düşən ilk Azərbaycan təmsilçisi olub.
2006-cı ildə “Neftçi”də baş məşqçilik karyerasına başlayan, 2008-ci ildən “Qarabağ”a rəhbərlik edən Qurbanovun bütün uğurları ikinci və hələlik sonuncu iş yeri ilə bağlıdır. O, geridə qalan müddətdə 5 dəfə ölkə çempionu olub, 4 dəfə Azərbaycan Kubokunu götürüb. 47 yaşlı mütəxəssisin komandası ardıcıl 5 mövsüm avrokuboklarda qrup mərhələsinin iştirakçısı olub.
Roberto Bordinin 54 yaşı olsa da, baş məşqçi karyerasına çox gec - 2016-cı ildə başlayıb. Bunadək 10 il köməkçi-məşqçi kimi fəaliyyət göstərmiş italiyalı mütəxəssis “Neftçi”yə qədər “Şerif”dən başqa vətənində “Trestina”ya rəhbərlik edib. O, Tiraspol təmsilçisi ilə iki dəfə ölkə çempionu olmaqla yanaşı, Moldova Kubokunu və Superkuboku qazanıb. ÇL-in III təsnifat mərhələsində məğlubiyyətə rəğmən, pley-offda Polşa “Legiya”sını keçərək (1:1, 0:0) Avropa Liqasının qrupuna düşüb. Burada isə növbəti mərhələyə adlaya bilməyib.
Bordin artıq Azərbaycanda debüt mövsümündə “Qızıl dubl” etmək şansını itirib. Onun komandası ölkə kubokunun 1/4 finalında “Sumqayıt”a səddini keçə bilmədiyi üçün ümid yalnız çempionluğa qalıb.
27 illik rəqabət
“Tofiq Bəhramov”da baş tutacaq oyun əzəli rəqiblərin 96-cı derbisi kimi tarixə düşəcək. Çempionatda isə yubiley – 75-ci matç olacaq. Azərbaycan müstəqillik qazandıqdan sonrakı rəqabətin təməli 1992-ci il sentyabrın 26-da qoyulub. İndiki derbini qəbul edəcək Respublika stadionunda “Neftçi”nin “Qarabağ”ı qəbul etdiyi qarşılaşmada komandalar hərəyə bir qol vurub. Rüstəm Rəhimovun idarə etdiyi həmin görüşdə qalib müəyyənləşməyib – 1:1. Ağdamlıların heyətində Zaur Qarayev hesabı açsa da, Ərani Beydiyev son nöqtəni qoyub.
Əvvəlki 95 matçdan 37-də “Qarabağ”, 25-də “Neftçi” qalib gəlib. Qalan 33 görüşdə bərabərlik qeydə alınıb. Çempionatda da üstün tərəf ağdamlılardır: +27=27-20. Əyalət klubu topların nisbətində 78:68 öndədir. Azərbaycan Kubokundakı 21 qarşılaşmanın 10-da ağdamlılar, 5-də isə bakılılar qələbə qazanıb. Topların nisbəti isə 18:16-dır.
Şəxsi görüşlərdə geridə olmasına rəğmən, titul sayında “Neftçi” üstündür. “Ağ-qaralar” 8, “köhlən atlar” 6 dəfə ölkə çempionu olub. Komandalar hərəyə 6 dəfə Azərbaycan Kubokunu muzeyinə aparıb. Superkubok sayında isə bakılılar öndədir – 2:1. Əzəli rəqiblər həm də ölkənin ən titullu komandalarıdır.